Koreyada Xocalıya ədalət kompaniyası çərçivəsində tədbirlər davam etdirilir.
Bu barədə Azərbaycanın Koreyadakı səfirliyindən məlumat verilib.
Xocalı soyqırımı barəsində Koreya ictimaiyyətinə geniş məlumat vermək məqsədi ilə Azərbaycanın Koreyadakı səfirliyinin təşəbbüsü ilə Seul şəhərinin mərkəzi ərazisində yerləşən Yongsan rayonunun İtaevon küçəsində fevral ayının 23-dən etibarən on beş gün ərzində “Xocalıya ədalət” banerləri asılmışdır.
21.87 km2 əraziyə malik olan və 227 min əhalinin yaşadığı Yongsan rayonu Seul şəhərinin mərkəzi rayonlarından biri olmaqla bərabər xarici turistlərin ən çox ziyarət etdiyi ərazilərdən hesab edilir. Yongsan rayonu həmçinin, xarici ölkələrin Seulda fəaliyyət göstərən Diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların binalarının yerləşdiyi əsas rayondur.
Xocalıya ədalət kompaniyası çərçivəsində fevral ayının 23-25 fevral tarixlərində "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri soyqırımı barəsində Səfirlik tərəfindən Koreya dilində hazırlanmış müxtəlif tipli təbliğat materiallarını şəhər sakinlərinə paylamışlar.
Qeyd olunmalıdır ki, Xocalı soyqırımı barəsində Koreya ictimaiyyətinə geniş məlumat vermək məqsədi ilə ölkənin koreya və ingilis dilli KİV-ində məqalələr dərc edilmiş, həmçinin, səfirlik tərəfindən hazırlanmış pressrelizlər Koreyanın müxtəlif qurumlarına, Seulda fəaliyyət göstərən Diplomatik nümayəndəliklərinə və beynəlxalq təşkilatlara göndərilmişdir.
Bununla yanaşı, səfir Rəmzi Teymurovun ölkədə ingilis dilində nəşr olunana Korea Herald qəzetində Xocalı soyqırımına dair məqaləsi dərc edilmişdir.
(http://www.koreaherald.com/view.php?ud=20160221000263)