1 Mart 2016 12:37
3 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin başlanğıcından şadlıq saraylarında toy mərasimləri səngiyib. Bəzi şadlıq evlərinin sahibləri və ya icarədarları bildirirlər ki, toy üçün müraciət edənlərin sayı aydan-aya azalır. Yanvar ayında bir şadlıq sarayında 5 toy vardısa, fevralda bu rəqəm 3-ə düşüb.

7-ci mikrorayonda yerləşən şadlıq evlərindən birinin inzibatçısı bildirir ki, belə getsə şadlıq evlərində toy çaldıranların sayı əvvəlkilərlə müqayisədə 5 faizə enəcək.

Aylıq icarə haqqı 80 min manat

İnzibatçının sözlərinə görə, hətta fevral ayında şadlıq saraylarının sahibləri icarədarlardan icarə haqqı da almayıblar. Baxmayaraq ki, elə şadlıq evləri var, aylıq icarə haqqı 80, 60, 50 min manatdır: “Ayda 5-6 min manat ödəyən icarədarlar da var. Əksər şadlıq saraylarının sahibləri fevral ayında güzəşt etməli oldular. Mart ayında vəziyyətin necə olacağı bilinmir. Məsələn, bizdə mart ayına bir dənə də toy sifarişi yoxdur. İşçilərin hamısı evə buraxılıb.

Efirdə gedən reklama görə zəng edən, əlaqə saxlayanlar da yalnız iş üçün bizi arayır. Bəzi şadlıq evləri artıq funksiyasını dəyişib. Zoopark yaxınlığında yerləşən məşhur bir şadlıq sarayının 3 mərtəbəsi yas mərasimi zalına çevrilib. “Büsat” şadlıq evinin adı dəyişib olub “Əlvida” mərasim zalı".

Yasamal rayonunda yerləşən şadlıq saraylarından birinin sahibi deyir ki, şadlıq sarayı standartlarına cavab verməyən sütunlu zallar artıq mərasim evi funksiyasını yerinə yetirir.

Onun sözlərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2013-cü ilin martından tətbiq etdiyi “”Şadlıq saraylarının təsnifatı və qaydalar" standartı yalnız sütunlu zallar üçün keçərli oldu, digər standartlara demək olar ki, əməl edilmir: “Vaxtilə şadlıq saraylarına çox təzyiqlər edildi. Qanuni, qeyri-qanuni o qədər ödəmələr oldu ki, iqtisadi böhran şəraitində bu obyektlərin işçi personalını saxlamaq çətinləşdi. Halbuki şadlıq evlərinin fəaliyyəti dövlət büdcəsinə az xeyir vermir. Büdcəyə ildə 50 min manat gəlir vergisi ödəyən şadlıq sarayı var”.

Sosial vəziyyətin göstəricisi olan mərasimlər

Şadlıq evlərindəki indiki durumu, toy mərasimlərini sosial vəziyyətin ümumi göstəricisi kimi qiymətləndirən həmsöhbətimizin sözlərinə görə, ötən ilin martında rəhbərlik etdiyi obyektdə 20-dən çox toy edilmişdisə, bu ilin martında cəmi 2 toy sifarişi alıblar: “Bir paradoks var ki, imkanı olan-olmayan deyir, toy süfrəmdə barmaq basmağa yer olmasın. Mən 20 manatlıq menyu tərtib edib, müştəriyə təklif edirəm. Bu menyuda 6 cür isti yemək: xaşlama, lülə, toyuq, tikə, göbələk kababları, kartof külləməsi, 19 cür soyuq yemək, araq və şampan daxil olmaqla 8 cür içki olur. Amma toy sahibi razılaşmır, ”bu cür süfrə açmaq mənə ayıb olar" deyir.

İsrafçılıq üçün, məncə, şadlıq evlərini qınamağa dəyməz. Sifarişçi nə tələb edirsə, biz də ona uyğun xidmət göstəririk. Sadə menyuya az xərc çəkirik, bahalı menyuya çox".

Toyun təşkili üzrə prodüser Anar Mədətovun sözlərinə görə, bankdan borc götürüb toy edən, sonra banka borc qaytaran insanlara ə az təsadüf etməyib. Hazırda isə əksər banklar əhaliyə manatla kredit vermir deyə toy edənlərin sayı azalıb.

Yığcam toylar

Toy təşkilatçısı hesab etmir ki, indiki şəraitdə çadır toyları daha səmərəlidir: “Bəziləri deyir, mağar toyları sərflidir. Mən belə deməzdim. Mağar qurmaq, aşpaz, musiqiçi sifariş etmək, süfrə açmaq havayı deyil. Üstəlik, ev sahibi qonaqlara gözəl qarşılamaq üçün əsəb, gərginliyi keçirir. Şadlıq evləri isə bu sahədə peşəkarlaşıb, bu xidmət toy sahibi üçün də, qonaqlar üçün də rahatdır.

Hazırda inşalar yığcam toylar edirlər. Süfrə menyusunu toy sahibi özü təklif edir - sadə, dəbdəbəsiz. Otellərimizdə artıq belə toylara təsadüf olunur. Elə insanlar var, əlverişli restoran tapır, çox yaxşı da toy edir, özü də razı qalır, qonaqları da. İnsan da var deyir, pulum var, təmtəraqlı toy edəcəm".

Toy xidmətlərini 3 kateqoriyaya bölən Anar Mədətov dedi ki, C kateqoriyası üzrə restoranlar və şadlıq evlərində toy qiymətləri 26-50 manat, B kateqoriyası üzrə 70-100, A kateqoriyası üzrə isə 100 manatdan başlayır.

Biouzelli çadırlar satışa çıxarılmalıdır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, klassik çadır toylarını aktuallaşdırmağın zamanı gəlib, çünki çadır toylarında qiymət təxminən 50 faiz aşağı olur. Amma bunun üçün müasir standartlarla - biouzellər vasitəsi ilə fəaliyyət göstərən çadırların hazırlanmasına ehtiyac var: “Toy çadırlarının yanında biotualet, əlüzyuyan quraşdırıla bilər. Hələ ki, Azərbaycan bazarlarında belə xidmət təklif olunmur. Bu cür xidmətlər yaransa, şadlıq evlərinin çoxdan gözlənilən çökmə mərhələsi intensivləşəcək”.

Eyyub Hüseynov hazırda toy edənlərin sayının azalması fikrilə razılaşmır: “İndiki şəraitdə əhali daha qənaətcil olmaq istəyir. Gənclər daha dar məkanlarda-kafelərdə toy edirlər. Şadlıq evlərinin sahibləri ya bu əhaliyə vicdanlı, insaflı xidmət göstərməlidir, ya da bağlanmalıdır. Çünki şadlıq evlərinin arxasında dayanan imkanlı şəxslər insanları soyur.

Hesab edirəm ki, çökən şadlıq sarayları yas mərasimi zallarına çevrilməkdənsə, himayəsiz yaşayan uşaqlara, uşaq evlərinə verilməlidir".

Yas mərasimlərində dəbdəbəli süfrə açmaq ənənəsini isə hələ də aradan qaldırmaq mümkün deyil. Millət vəkili Əli Məsimli məsələ ilə bağlı narahatlığını bildirərək tövsiyə edib ki, telekanallar çal-çağıra ayrıdıqları vaxtın yarım saatını xeyir-şər mərasimləri barədə maarifləndirməyə ayırsa, effektli nəticə əldə etmək mümkündür. Deputatın fikrincə, zərərli adətlərlə bağlı qadağa heç bir effekt vermədiyinə görə bu sahədə geniş təbliğat aparılmalıdır: “Məşhur ifadə var, nəyi yaymaq istəyirsənsə, onu qadağan elə. Məsələnin kökünə baxmaq lazımdır ki, bu, haradan qaynaqlanıb. Ölkədə imkanlı şəxslərin dəbdəbəli yas mərasim keçirməsi ənənə halını aldı və bu getdikcə daha geniş yayılmağa başladı. İndi də israfçılığın qarşısını almaq üçün həmin təbəqə örnək olmalıdır”.

Çətin durumdan qazanan işbazlar

Eyyub Hüseynov isə təklif edir ki, yas mərasimlərini idarə edən mollalar bu məsələdə susqunluq göstərməsinlər. Onun fikrincə, islam dinində dəbdəbəli süfrənin ehsana heç bir aidiyyəti yoxdur və bu din adamları vasitəsilə insanlarımıza izah edilməldir: “İslam dinində ehsan süfrə açmaq deyil, insanlara mərhəmətli olmaq, əl tutmaq, yaxşılıq etməkdir. Amma təəssüf ki, hələ də molla aşı görəndə, ”Quran"ı yaddan çıxarır. Ona görə də ehtimal olunur ki, şadlıq evlərini yas mərasiminə çevirən, xalqın çətin güzəranından istifadə edən işbazlarla, mollaların işbirliyi var".

Eyyub Hüseynov onu da ehtimal edir ki, şadlıq evlərinin dövlətə ödədiyi vergi yas mərasimi zallarında tətbiq olunmadığına görə həmin obyektlər bu fürsətdən istifadə edib, fəaliyyətlərini dəbdəbəli yas mərasimlərinə yönəldiblər.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər