Xalqımızın milli ənənələri sırasında mühüm yer tutan, Vətənə məhəbbət, həmrəylik, xeyirxahlıq kimi mənəvi-əxlaqi keyfiyyətlər aşılayan Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissə və bölmələrində hər il müxtəlif tədbirlər keçirilir, şəxsi heyətin milli adət və dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanılır.
DSX-nın Mətbuat Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Novruz bayramı ərəfəsində təşkil edilən tədbirlər çərçivəsində keçirilən “Valideyn günləri” şəxsi heyətin təlim-tərbiyəsində, mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində, xidməti vəzifələrin icrasına məsuliyyət hissinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir.
“Valideyn günləri”ndə qonaqlara öncə hərbi hissə barəsində ümumi məlumat verilir, valideynlər əsgərlər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olurlar. Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətənimizin sərhədlərinin mühafizəsinə göstərdiyi ali diqqət və qayğı nəticəsində sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində qazanılan uğurlar haqqında ətraflı məlumat verilir, sərhədçilər üçün yaradılmış şərait barədə qonaqların təklif və rəyləri dinlənilir, dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılır.
Nümunəvi xidmət edən əsgərlər Fəxri Fərmanlarla, “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları ilə, Döyüş Bayrağı önündə çəkilən fotoşəkillərlə, qiymətli hədiyyələrlə təltif olunur, onların valideynlərinə «Təşəkkür məktubları» təqdim edilir.
Valideynlər əsgər yeməkxanasında övladları ilə birgə nahar etdikdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunur, maraqlı və rəngarəng mədəni-kütləvi tədbirlər keçirilir.
Dövlət Sərhəd Xidməti valideynləri Novruz bayramının sevincini övladları ilə birgə yaşamağa, sərhədçilər üçün yaradılmış yüksək xidmət və məişət şəraiti ilə yaxından tanış olmağa dəvət edir.
“Valideyn günləri” mart ayının 19-da saat 10:00-da Dövlət Sərhəd Xidmətinin Bakı, Naxçıvan, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir, Yevlax qarnizonlarında keçirilməsi planlaşdırılır.