13 Aprel 2016 22:10
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir gün ərzində ölkədə 4 intihar hadisəsi baş verib. Dördü də qadındır. Bir nəfəri istisna olmaqla üçü eyni üsulla – hündürlükdən özünü atmaqla intihar edib. Motivlər isə fərqlidir: Sabirabadın Qalağayın kəndində 17 yaşlı Hacıxanım Mehdizadə damda özünü asaraq öldürüb. Səbəb sınaq imtahanı zamanı az bal toplaması və buna görə qızın valideynləri tərəfindən danlanmasıdır.

Bakının Pirallahı rayonunda 1953-cü il təvəllüdlü Kazibenko Olqa Nikolayevna yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Aprelin 12-də Bakı şəhər sakini Jalə Ağayeva özünü Yasamal rayonu ərazisində yerləşən 9 mərtəbəli binalardan birinin damından atıb. Hər iki qadın hadisə yerində vəfat edib. Ağır xəstəliyə tutulan Ruhiyyə Yusifova Yasamalda hündür mərtəbəli binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edib.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov Teleqraf.com-a açıqlamasında bildirib ki, qadınların bu yolla intihar etməsi təsadüfi deyil. O, hesab edir ki, qadınlar daha çox diqqət çəkmək, səsini eşitdirmək üçün bu yola əl atırlar: “İntihar prosesinə klassik yanaşma var. Dərman içmək, damarını kəsmək, asmaq və hündürlükdən özünü atmaq.

Son zamanlar hündürmərtəbəli binalardan özünü atmağa cəhd edənlər daha çoxdur. Buna səbəb həmin insanların hərəkərtlərinin dar düşüncəli adamlarda şüuraltı olaraq assosiasiya yaratmasıdır. Oxşar hadisələr təkrarlandıqca həqiqətən özünü öldürmək istəyən də, istəməyən də çıxır hündürmərtəbəli binaya və diqqət çəkmək istəyir”.

Psixoloq bu halın yayılmasının bir səbəbinin də prosesin videogörüntülərinin yayılmasında olduğunu deyir: “Dünən baş verən hadisələrdən birinə diqqət çəkmək istəyirəm. Bu, gənc qızın intihar anının videoçəkilşinin sosial mediada yayılması ilə bağlıdır.

Əslində o hadisəni çəkən adam o məqamda qıza kömək etməliydi, əgər kömək etməyibsə, bunu çəkib sosial şəbəkələrə yerləşdiribsə, bununla cəmiyyətə daha bir ziyan vurur. Ən böyük zərbəni o qızın yaxınlarına vurmaqdan əlavə, intihara meyl edən insanlara dəstək vermiş olur və beləliklə proses adiləşir”.

Müsahibimizin sözlərinə görə, qadınlarda aqorafobiya (açıq, hündür yerlərdən qorxmaq) əks-cinsə nisbətən yüksəkdir: “Onlar zatən hündürlükdən qorxurlar. Lakin intihar hadisəsi o qədər adiləşdi ki, qadınlar tez-tez hündür yerə qalxıb intihara cəhd edirlər. Əslində isə onların hamısı ora intihar etmək üçün qalxmır, çoxu intihar havasına girir. Qadınlar sadəcə diqqəti öz problemlərinə yönəltmək, səslərinin eşidilməsi üçün belə edirlər. Onların böyük bir qismini bu yoldan çəkindirmək mümkündür”.

Elnur Rüstəmov hesab edir ki, cəmiyyətdə ailədaxili münasibətlər mövzusunda cəmiyyətin maariflənməsinə çox böyük ehtiyac var: “Burada xəyanətdən tutmuş, sosial problemlərə qədər bir çox səbəblər göstərmək olar. Bu, fərdin psixoloji xarakteri ilə bağlı bir məsələdir və belə insanlara suisidal insanlar deyilir.
Statistika da göstərir ki, bir insan bir dəfə intihara meyl edibsə, bir müddət sonra yenə o yola əl atacaq. Ona görə də suisidal insanları anlamaq lazımdır”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər