Azərbaycanda 2011-ci ildən reallaşdırılmağa başlasa da, çoxları bu layihədən xəbərsizdir.
Söhbət ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsi olan Greencarddan (yaşıl kart) gedir. Bu vəsiqəni aldıqdan sonra qanuni şəkildə ABŞ-da yaşama, işləmə, oxuma və daimi vizasız rejimdə girib çıxmaq hüququ yaranır.
Kartın digər özəllikləri barədə Teleqraf.com-a "Greencard Azerbaijan" şirkətinin müştəri xidmətləri üzrə mütəxəssisi Aytəkin Səfərova məlumat verdi: “Greencard ABŞ-ın dövlət proqramıdır və lotoreya ilə əldə olunur. Yaşından asılı olmayaraq orta məktəbi bitirmiş hər bir şəxs müraciət edə bilər. Müraciət etmək üçün ingilis dilini bilmək tələb olunmur. ABŞ dövləti Greencard sahiblərini pulsuz ingilis dili kursları ilə təmin edir. Kart sahibi olduqdan sonra istər özəl, istərsə də dövlət sektorlarında işləmək mümkündür. İşlədiyiniz hər bir yerdə ABŞ vətəndaşları ilə bərabər hüquqlara malik olursunuz”.
Greencard təhsil imkanı da verir: “Xarici vətəndaşlar üçün Amerika universitetlərində təhsil almaq çox bahadır. Lakin Greencard aldıqdan sonra ABŞ-ın istənilən universitetində pulsuz ya da çox güzəştli qiymətlərlə təhsil almaq mümkündür.
Greencardı necə qazanmaq olar?
Əsas məsələ isə Greencard-ı necə qazanmaqdır. Müsahibimiz deyir ki, proqramda iştirak etmək üçün ərizə formasını və şəklinizi təqdim etmək kifayətdir. Qeydiyyat hər il oktyabr ayının əvvəlində başlayır, noyabrda bitir. Greencard lotoreya proqramı ildə bir dəfə ABŞ dövləti tərəfindən keçirilir. Proqramda iştirak etmək pulsuzdur.
Son vaxtlar bəziləri hesab edir ki, bu Greencard lotoreyasına daha ehtiyac yoxdur. Ancaq layihənin yaradıcılarından biri, ekspert Singer bildirib ki, Greencard ABŞ-ın immiqrasiya siyasətinin tərkib hissəsidir. Yəni, onu ləğv etmək asan deyil. Bununla belə, onun sözlərinə görə, gələcəkdə qanunvericilər immiqrasiya siyasətində dəyişiklik etdikcə, Greencard məsələsində də dəyişiklik ola bilər.
Hər il dünyanın müxtəlif ölkələrindən 50.000-dən çox insan ABŞ-da daimi vətəndaşlığı qəbul edir. Daimi vətəndaşlığın verilməsinin əsas səbəbi ABŞ-a az immiqrasiya edən (köçən, gələn) ölkələrin vətəndaşlarına daimi yaşayış hüququ vermək və immiqrantların müxtəlifliyini artırmaqdır. Eyni zamanda çatışmayan işçi qüvvəsini digər ölkələrin vətəndaşlarını cəlb etməklə əvəz etməkdir.
Azərbaycanlıların qalib gəlmə şansı daha çoxdur
Hazırda Greencard proqramında hər 25-30 nəfər azərbaycanlı müraciətçidən biri qalib gəlir. Ümumiyyətlə, proqramda qalib gəlmək şansları coğrafi bölgələrə görə müəyyən edilir. Hansı bölgələrdən son illərdə Amerikaya az immiqrasiya olunubsa, həmin bölgələr üçün yerlər çox olur. Dünyanın müxtəlif bölgələrindən müraciət edənlərin qalib gəlmə nisbətində Avropa qitəsi qaliblərin payına görə ikinci yerdədir və Azərbaycan da oraya aiddir. Ötən müddət ərzində Azərbaycandan bir ilə təxminən cəmi 300-400 nəfər gedib. Bu da onu göstərir ki, Azərbaycan az immiqrasiya edən ölkələr sırasındadır və azərbaycanlıların qalib gəlmələri daha asandır.
Aytəkin Səfərova deyir ki, Greencardla Amerikaya gedən az olub. Səbəblərdən biri çoxlarını bu proqram barədə məlumatsız olmasıdır: “Azərbaycanlıların Greencard qazanma şansları digər dövlətlərlə müqayisədə daha çoxdur və müraciət edənlərin sayı çoxaldıqca Azərbaycanlılar üçün ayrılmış yerlərin sayı da çoxalır”.
Naibə QURBANOVA