Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunda ölkədə peyvəndləşdirmə sahəsində görülən işlərə həsr olunmuş tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə bildirilib ki, bu ilin 4 ayı ərzində peyvənd olunacaq uşaqların sayına görə ölkə üzrə əhatə olunma yenidoğulmuşların BSG peyvəndi ilə 96,9 faizi, HepB peyvəndi ilə 98,8 faizi, OPVO ilə 97,0 faiz səviyyəsində olub.
Bir yaşa qədər uşaqlar arasında GDTHibHepB3 peyvəndi ilə əhatə olunma 95,1 faiz, OPV3 peyvəndi ilə 96,5 faiz, Pk peyvəndi ilə 95,0 faiz təşkil edib.
Bu ilin fevral ayından inaktivləşdirilmiş poliomielit vaksininin tətbiqinə başlanılıb. Bu dövr ərzində respublika üzrə əhatə olunması 85 faiz təşkil edib.
Tədbirdə aprelin 25-30 tarixləri arasında keçirilən "İmmunlaşdırma həftəsi" barədə də məlumat verilib. Bildirilib ki, həftə ərzində vərəm, difteriya, göyöskürək, tetanus, qızılca, məxmərək, epidemik parotit, hepatit əleyhinə vaksinasiya aparılıb.
Bu xəstəliklərə görə ümumilikdə 17,526 uşaq vaksinasiyaya cəlb olunub.
Ölkənin baş pediatrı Nəsib Quliyev tədbirdə bildirib ki, özəl xəstəxanalarda vurulan peyvəndlərlə dövlət xəstəxanalardakı peyvəndlərin təkibində heç bir fərq yoxdur.
Bununla belə dövlət tibb müəssisələrində aparılan vaksinasiya xidmətinin daha mükəmməl olduğunu deyib: "Dövlət poliklinikalarında uşaq bir neçə ekspertin müayinəsindən sonra peyvəndə cəlb olunur, amma özəl xəstəxanalarda bir pediatr müayinə edir, ondan sonra peyvənd olunur.
Özəl klinikaların 95 faizində dövlət xəstəxanalarındakı peyvənddən istifadə olunur. Onlara da vaksini Səhiyyə Nazirliyi verir. Əsas məqsədimiz odur ki, harada olur- olsun təki uşaqlar peyvənddən kənarda qalmasın".
Naibə QURBANOVA