“Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinə infotur təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, “Synergy Hospitality” və "AtaTravel"-in birgə təşkilatçılığı ilə “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə infotur təşkil olunub.
Teleqraf.com xəbər verir ki, infoturda ölkəmizdə fəaliyyət göstərən 100-ə yaxın yerli turizm şirkəti və media nümayəndələri iştirak edib.
İnfoturun keçirilməsində əsas məqsəd “Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin turizm potensialının tanıdılması və eyni zamanda ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır.
Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.
Daha sonra “Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin turizm imkanları və ölkəmizin sağlamlıq turizminə həsr olunmuş dəyirmi masa keçirilib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev bildirib ki, son illər ərzində turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələr Azərbaycan turizminin təbliğ olunması və ölkəmizdə turizmin inkişafına öz töhfəsini verir: "Azərbaycanın sağlamlıq turizmi ilə bağlı ənənələri mövcuddur. Bu ənənələri bərpa edərək yeni innovativ sistemləri təqdim etməklə daha da geniş coğrafiyada tanıtmaq mümkündür. Başlıca məqsədimiz ölkəmizin bu sahədə potensialını daha geniş şəkildə təbliğ etməkdir. Sağlamlıq turizminin digər turizm növlərindən fərqləndirən əsas cəhət 365 gün fəaliyyət göstərə bilməsidir. Belə ki, burada gecələmə müddəti 7-21 gün təşkil edir. Bu da sağlamlıq turizmindən gələn gəlirlərin daimi və yüksək olmasını təmin edir. Bu ilin aprelində Çexiyanınm Karlovı Varı şəhərində bununla bağlı böyük təqdimat keçirilib. Məqsədimiz, Naftalan və Qalaaltı kimi termal-müalicəvi mıərkəzlərin təqdim etdiyi unikal imkanları dünya turistlərinə təqdim etməkdir”.
“Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin direktoru Turqay Arı bildirib ki, Naftalan və Qalaaltı dünyada çox unikal turizm imkanlarına malikdir və bu baxımdan yalnız Truskavetslə müqayisə oluna bilər: “İstər Qalaaltıda, istərsə də Naftalanda bu baxımdan son texnologiyalara dayanan unikal turizm mərkəzlərimiz var – “Qalaaltı Hotel & SPA” və “Naftalan-Çinar”. Bu mərkəzlərdə yüksək səviyyəli istirahətdən əlavə, çox effektli müalicəni təmin edən gözəl şərait və çox peşəkar həkimlər var.
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Sərxan Rəsulov bildirib ki, son illərdə nazirlik bölgələrə ardıcıl info-turlar həyata keçirir: “Məqsəd Azərbaycan turizminin böyük imkanlarını təqdim etməkdir”.
“AtaHolding” Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova isə qeyd edib ki, həyata keçirilən bu cür info-turların çox böyük önəmi var: “Bu infotur sayəsində turistlər ölkəmizdə müalicəvi və termal turizmlə bağlı ən yaxşı şəraitin və bununla bağlı yüksək xidmətlər, çox münasib qiymətlər təklif edən mərkəzləri yaxından tanımış olacaqlar”.
“Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzində hazırkı dövr üçün çox münasib qiymətə - iki nəfər üçün 130 manata burada bir günlük yüksək səviyyəli istirahət mümkündür. Bu qiymətə iki nəfər üçün 3 dəfə yemək, istirahət və əyləncə daxildir. Müalicə daxil olmaqla qiymətlər isə belədir: “Superior” otaqlarda 7 günlük “single” üçün 614, “double” üçün 939, 14 günlük “single” üçün 1100, “double” üçün 1669, 21 günlük “single” üçün 1562, “double” üçün 2360, “suit” otaqlarda isə müvafiq olaraq 926, 1370, 1727, 2532, 2498 və 3653 AZN təşkil edir. Buradakı əyləncə mərkəzi çox genişdir və 5400 kvadratmetr ərazini əhatə edir”.
“Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin baş həkimi Vahid Əliyev isə bildirib ki, hələ sovetlər dönəmində bu yerlərə ittifaqın hər yerindən insanlar müalicə və istirahətə gəliblər: “Qalaaltı suyu çox müalicəvidir və neft tərkiblidir. Burada iki cür bulaq-maye mənbəyi var – bir-biri ilə yanaşı olan neft və su bulaqları”.
Qeyd edək ki, Qalaaltı Sağlamlıq və Turizm Mərkəzində 200 nəfər daimi işçi çalışır. Mərkəz bildirilib ki, MDB və Avropa ölkələrindən turistləri gəlir.
İlhamə ƏBÜLFƏT