13 İyun 2016 15:41
3 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü Allahyar Əliyev və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Səmayə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Allahyar Əliyev Bakı şəhər sakini Mətanət Əhmədova (ad və soyad şərti verilib – H.Z) ilə tanış olub və onun etibarından sui-istifadə etməklə pulunu ələ keçirib. O, Mətanətə birgə təsərrüfat yaratmağı təklif edib və 8 aprel 2013-cü ildə Ağcabədi rayonunun Haramı düzündə onun üçün iribuynuzlu heyvan acağını vəd edib. Allahyar Əliyev bunu bəhanə edərək, Mətanət Əhmədovadan 2000 manat pul alıb. O, bundan sonra daha bir neçə dəfə qadından pul alıb. Allahyar Əhmədov ümumilikdə qadının 6650 manat pulunu ələ keçirib.

Bundan başqa, Allahyar Əliyev həyat yoldaşı Səmayə Əliyeva ilə birlikdə də cinayət törədib. Hadisə belə baş verib. Allahyar Əliyev 7 aprel 2015-ci ildə, saat 24 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki evində Mətanət ilə cinsi əlaqədə olub. Allahyarla Mətanətin cinsi əlaqədə olmasını Səmayə Əliyeva mobil telefon vasitəsilə lentə alıb.

Allahyar həmin videonu mobil telefonlarda, sosial şəbəkələrdə yerləşdirərək Mətanəti rüsvay edəcəyini, arvadı Səmayə Əliyevanın ondan boşanmaq üçün məhkəməyə müraciət edən zaman Mətanətin adını çəkəcəyini deyib və hədə -qorxu gəlib.

Bütün bunları etməmək üçün Allahyar Əliyev Mətanətdən 5000 manat pul tələb edib. Allahyar Əliyev 14 may 2015-ci ildə saat 19 radələrində həmin məbləğin bir hissəsini Mətanət Əhmədovadan alarkən Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Allahyar Əliyev Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmək), 182.2.1 və 182.2.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə Səmayə Əliyeva isə həmin məcəllənin 182.2.1 və 182.2.4-cü maddələri ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Allahyar Əliyev 8 il, Səmayə Əliyeva isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Səmayə Əliyevanın barəsində olan hökmün icrası 26 iyun 2023-cü ilə kimi təxirə salınıb. Onun cəzasının təxirə salınmasına səbəb himayəsində azyaşlı uşağın olmasıdır.

“Gecəni bizdə qalacağını bildirdi”

Qeyd edək ki, cinayət işi üzrə adı şərti verilən qadının paytaxtda və bölgələrdə bizneslə məşğul olduğu bildirilir.

Teleqraf.com-a bu cinayət işi üzrə materiallar daxil olub. Hadisənin şok təfərrüatlarını təqdim edirik.

Əvvəli bu linkdə:


http://teleqraf.com/news/99962

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səmayə Əliyeva bildirib ki, fərdi əməklə məşğul olub: “Həyat yoldaşım Allahyar Əliyev və 3 azyaşlı uşaqlarım ilə birgə Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayıram. Mətanəti 2011-ci ildən qayınım Habilin tanışı kimi tanımışam. Habil Mətanətlə bir neçə dəfə bizə qonaq gəlib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, qayını Habil Rusiyaya gedəndən sonra da Mətanətonlarla əlaqə saxlayıb: “Mətanətlə həyat yoldaşım arasında yaxşı münasibət yaranıb. Aprelin 7-də Mətanət yenidən bizə qonaq gəldi, gecəni bizdə qalacağını bildirdi”.

“Mətanətin ərimlə cinsi əlaqədə olduğunu gördüm”

Səmayə Əliyeva bildirib ki, həmin gün Mətanət, həyat yoldaşı və uşaqlar birlikdə axşam yeməyi yeyiblər: “Saat 22 radələrində uşaqlarımı yatmağa apardım. Allahyar isə Mətanətlə birlikdə televizora baxırdı. Saat 24 radələrində yuxudan oyanan zaman Allahyarı yataqda görmədim və televizor olan otağa, yəni Mətanətin yatdığı otağa girdim. Otağa girəndən Mətanətin həyat yoldaşım ilə cinsi əlaqədə olduğunu gördüm”.

“Mənə yalvardılar ki, polisə şikayət etməyim”

Səmayə Əliyeva qeyd edib ki, Mətanətlə ərindən polisə şikayət edəcəyini bildirib: “Onların hər ikisi səhərə qədər mənə yalvarsa da, dediyimdən dönmədim. Səhər yeməyini yeyən zaman Mətanət mənə yaxınlaşdı və polisə şikayət etməməyim üçün mənə 5 min manat təklif etdi. Bundan sonra Mətanətlə razılaşdım. Aramızda olan razılaşmaya görə Mətanət Bakı şəhərinə gedəndən sonra 1000 manat göndərəcək, qalan pulu isə hissə-hissə verəcəkdi”.

“Onu rüsvay edəcəyimi bildirdim”

Səmayə Əliyevanın sözlərinə görə, Mətanət getdikdən 3-4 gün sonra ona zəng edib: “Mətanətdən nəyə görə 1000 manatı göndərməməsinin səbəbini soruşdum. Allahyarla cinsi əlaqədə olarkən onların şəklini mobil telefonla çəkdiyimi, onu rüsvay edəcəyimi bildirdim. Mətanət “hara istəyirsən, get, şikayət et” dedi. O, mənə pul göndərməyəcəyini bildirdi. Mətanətlə bu söhbətdən sonra bir neçə dəfə Allahyarın mobil telefonu ilə ona zəng edərək söz verdiyi pulu tələb etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 14-də Mətanətin Ağcabədi rayonuna gələrək Allahyardan polisə şikayət etdiyini və ərinin polis əməkdaşları tərəfindən həbs edildiyini eşidib.

(Ardı var)

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər