26 Yanvar 19:06
12 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda hərbi hissələrdən birinin maliyyə xidmətinin rəisi olmuş Anar Məmmədov ifadə verib.

O bildirib ki, təqsirləndirilən Cəlal Kazımov rəisi olub. Onun sözlərinə görə, iki hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb: "Hərbi hissədə yoxlama aparılıb, əlavə şişirdilmiş vəsaitlər müəyyən edilib. Həmin vasitələri də özümüzə götürmüşük. Sonradan yoxlamaya gələnlərə həmin vəsaitlərin bir hissəsini vermişik".

Şahid qeyd edib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib və həmin yoxlamaların nəticəsi ilə razı olub. Qeyd edib ki, işlədiyi birinci hərbi hissədə aparılan yoxlama zamanı 391 min 961 manat, digər hərbi hissədə isə 50 min manat ziyan müəyyən edilib.

Bildirib ki, həmin məbləğin 161 min manatı onun tərəfindən mənimsənilib: "Qalan vəsait isə müxtəlf vaxtlarda yoxlamaya gələn Həsən Paşayev və Kərəm müəllimə verilib. Bundan əlavə isə yoxlamaya gələn Cəlal Kazımova da pullar vermişəm. Mənim birinci xidmət etdiyim hərbi hissədə Cəlal müəllimə tabe olmuşam. Bu səbəbdən yoxlamaların çoxunu da onun özü aparıb. Cəlal müəllim mənim rəisim olub, nə deyib, onu da etmişəm. Onların həmin pulları kimlərə çatdırdığın biıməmişəm".

Prokurorun suallarını cavablandıran şahid deyib ki, onun tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün çalışır və yaxın müddətdə ödəyəcək.

Şahid əlavə edib ki, şəxsi kartlar hesabına əlavə vəsaitlər yazıblar, həmin vəsaiti isə özlərinə götürüblər.

Təqsirləndirilən Cəlal Kazımov şahidin dediklərinə etiraz edib. Cəlal Kazımov şahidi yalan danışmaqda ittiham edib:

"Bu, bizim qoyduğumuz qaydayla işləməyib. Heç kimə də bir qəpik pul verməyib. Daxili Qoşunlardan gəlmişdi, orada gizir idi, bizdə zabit oldu. Bu hərbi hissədə olan qadınların adına pulları vurub, sonra onlardan hansısa yolla alırdı. Bununla bağlı məsələləri birbaşa rəisim olan Rafael Xələfova məruzə etmişəm. Məndən qabaq heç kim bunun işini yoxlamayıb. Çünki nazirlikdə yoxlama idarəsinin rəisi Namiq Poladovun yaxın adamı idi. Bu işində çatışmazlıqları aşkar edib, izahatını almışdım. Pulları da vermirdi. Axırda bağını satıb verəcəyini bildirdi. Sonradan nazirlikdə aləm bir-birinə dəydi. Dedilər onunla nə işin var? Birbaşa nazirin bacanağı Elxan İbrahimova çıxmışdı. Bütün məsələləri birbaşa Nizami müəllimə dedim".

Nizami Məmmədov isə məsələyə münasibət bildirib. O deyib ki, məsələlərdən xəbərdar olub: "Tapşırıq verdim ki, heç kim ondan pul almasın, nə də artıq maliyyə sifarişi qəbul etməsin. Həm də ona ciddi nəzarət edilməsi ilə bağlı tapşırıq verdim. Bir müddət sonra həmin hərbi hissədən çıxartdım, başqa balaca hərbi hissəyə göndərdim. Anar Məmmədovda olan artıq pulun dövlət büdcəsinə qaytarılmasını tələb etdim və pul dövlət büdcəsinə qaytarıldı. İndi burada mənə məlum olur ki, digər hərbi hissədə də əməllərini davam etdirib".

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə şahidə dövlətə vurulmuş ziyanı ödəməyi təklif edib. Deyib ki, şahid Anar Məmmədov tərəfindən vurulmuş ziyanla bağlı burada olan digər təqsirləndirilən şəxslərə ümumi ittiham verilib. Vəkil deyib ki, vurulmuş ziyanı tərəflərin ödəməsi ümumi işin xeyrinə ola bilər.

Bu məsələ ilə bağlı prosesdə sədrlik edən hakim Fikrət Əliyev də şahidə qısa arayış verib: "Bütün görülən işlər vahid cinayət işində birləşdirilib. Ziyanın ödənilməsi işin hallarına müsbət təsir göstərir. Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə ziyan ödənildiyi halda istintaq tərəfindən cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilir. Lakin dəymiş ziyanın ödəməyən şəxsin barəsində həbs qətimkan tədbiri seçilir. Şahidlərlə bağlı vurulmuş ziyan üzrə ayrıca icraatda iş gedir. Bu səbəbdən hazırda istintaqı aparılan işlər hazırkı cinayət işi üzrə aparılan araşdırmalarla əlaqəlidir. Sizə məsləhət görürəm ki, ziyanı ödəyəsiz. Yoxsa barənizdə tədbir görülə bilər. İndi ziyanı ödəmək öz işinizdir. Amma mən yumuşaq şəkildə problemin həlli yolunu sizə izah etdim".

Daha sonra şahid qismində ifadə verən Emin Əhmədov bildirib ki, qanunsuzluğa yol veriblər: Bunun da nəticəsində dövlətə ziyan dəyib. Bizə qanunsuz hərəkətləri etməyimizə rəisimiz göstəriş verib. Sonradan yoxlamalar aparılıb. Artıq qalan vəsaitin 65 faizini yoxlamaya gələnlərə vermişəm, 35 faizini özünə götürmüşəm. Ümumilikdə tərəfimdən dövlətə dəyən ziyan 108 min manatdır. Bununda 30 min manatını ödəmişəm. Qalan pulu da ödəyəcəyəm".

Növbəti proses fevralın 2-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov