16 Sentyabr 2016 17:11
3 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təsəvvür edin, iki gəncdir. Bulvara çay içməyə gediblər, məqsədləri çox sadədir: doğma Xəzərin sahilində gələcək haqqında planlar qurmaq, tərtəmiz hisslərlə bulvarın ucuzvari bir çayxanasında vaxt keçirmək. Böyük arzu deyil, eləmi?

Oğlan çox sevinclidir, o qədər rahatdır ki, hərdən ona elə gəlir sinəsindəki ürək özünün deyil. Təzəcə söhbətə başlayan kimi ofisiant stola nələr gətirmir? Mürəbbə, ləbləbi, xurma! Bu yazığın cibində isə cəmi beş manat pul var. Qızın yanında bizə sadə çay gətir, başqa heç nə lazım deyil deməyə utanır. Utanmaq olmazmı?

Axırda qız özü dillənir:

– Zəhmət olmasa, mürəbbə, ləbləbi və xurmanı geri qaytarın.

– Xanım, mümkün deyil. Bizdə çay belə verilir – ofisiant deyir.

Məsələ beləcə bağlanır, çay da qalır, mürəbbə də, ləbləbi də, xurma da, qız da! Oğlanı fikir götürür. Bütün xoşbəxt hissləri bir anın içində yanıb külə çevrilir. Qız nə danışır, eləcə başını yelləyir, fikri başqa yerdədir. Hesabı necə verəcək? Axı cəmi beş manatı var.

Ayaqyolu bəhanəsi ilə qalxıb birtəhər ofisianta yaxınlaşır:

– Hesab nə eləyir?

– 17 manat!

– Nə deməkdir bu? Biz səndən çay istədik axı. Xurma, ləbləbi, mürəbbə demədik.

Ofisiant:

– Mümkün deyil. Bizdə belədir.

– Ay qardaş, cəmi beşcə manatım var.

– Pulun azdır, oturmazdın.

– Elə bildim çay iki-üç manatdır, ona görə gəldim. Sadə bir çay istəyirəm.

– Bəs mən nə edim? – ofisiant deyir – artıq hesab kassaya vurulub.

Adam hirsindən mürəbbəni götürüb göyə tullamazmı? Axı bu mürəbbədən evdə doludur. Axı xurma, ləbləbi mənim nəyimə lazımdır? Oğlan bu hissləri keçirərkən, fikir verin, qız ona sevgidən danışır və gələcəyi barədə xəyallar qurur:

– Oğlumuz olsa adını Ümid qoyarıq, qızımız olsa Ümidə!

Həmin məqamda oğlan hər şeyə nifrət etmədimi? Sevgidən zəhləsi getmədimi? Hətta nifrətə də nifrət eləmədimi? O boyda dəniz gözünün qabağında yumrulanıb fındıq boyda olmadımı?

İndi o oğlan 17 manatı hardan tapsın? Yazıq anası bu qədər pulla evə bir həftəlik bazarlıq eləyir. Nə etsin, kimə zəng eləsin? Sevmək də pulladırmı? Axı bu dəniz kimindir? Bu dənizin sahibi hardadır? Bu ağacın yiyəsi kimdir? Niyə dənizin sahilində çay içmək üçün bu qədər əzab çəkməliyəm? Sabah müharibə olsa məni döyüşə aparacaqlar. Mən vətənimin qeydinə qalaram, bəs mənim qeydimə kim qalacaq?


Müəllif: Kəramət Böyükçöl