Bu il mayın əvvəllərində Şahdağa – Heydər Əliyev zirvəsinə qalxmağı qərara aldım. Dostlarla əvvəlcədən razılaşdığımız kimi Bakıya toplaşdıq. Bizi paytaxdan Şahdağa aparan maşın Qubaya çatar-çatmaz bir-birindən gözəl mənzərələr göz oxşamağa başladı. Əvvəlcədən müəyyən edilmiş yerdə hamı avtobusdan endi. Məum oldu ki, burdan sonra bizi dağdakı düşərgəyə xüsusi maşınlar aparacaq. Mən və yol yoldaşlarımız bizə ayrılan “Niva” markalı maşınlara əyləşərək dağlara sarı – Xınalığa yol aldıq. Maşınlar Xınalığa qalxan dar və dolanbac dağ yollarında cərgə ilə düzüldülər. İndiyə qədər adını eşidib üzünü görmədiyim bu yerlər doğrudan da cənnət idi. Sərt qayalar, sıldırımlar, dibi görünməyən dərin dərələr, hərdən üstündən keçdiyimiz dağ çayları, arabir ətrafi görünməz edən dağ dumanı adamı valeh edirdi. Bir sözlə, hayıl-mayıl olmuşdum.
Xınalıq haqqında az çox məlumatım var idi. Dörd min illik tarixə malik bir məkan. Doğrudan da əsrarəngiz bir yer idi. Əslində, bunları yazmaqda məqsədim sizə buraları təsəvvür etmək deyil. Heç motivasiyada qurmuram. O gün yaşadığım hisləri bölüşmək istəyirəm. Sadəcə, mətləbdən uzaqlaşdım bir balaca...
Sonuncu dərəni qalxdıqdan sonra uzaqdan Xınalığın evləri görünməyə başladı. Kəndin darısqal yolu ilə gedən maşınımızın qabağına elə ilk döngədə üç-dörd azyaşlı uşaq yüyürdü. Bir müəllim kimi ilk olaraq bu uşaqların günün bu vaxtında niyə məktəbdə yox, küçədə olmasını fikirləşdim. Dərhal içim bir rahatlıq tapdı: bu gün bazar günü idi. Şoferin heç qımıldanmamağından hiss olunurdu ki, bu vəziyyətlə hər gün qarşılaşır. Uşaqların xorla, dil-boğaza qoymadan çığırmaqlarından məlum oldu ki, əllərindəki ot və çiçək dəstələrini bizə – kəndə təşrif buyurmuş qonaqlara satmaq istəyirlər. Az qala, maşının açıq pəncərəsindən içəri soxulan uşaqlar, deyəsən, heç nə satmamış əl çəkmək fikrində deyildilər. Sürücünün maşını azacıq əyləməsi onları tam arxayın etmişdi. Yol yoldaşlarımdan biri “Gecə dəmləyib içərik, qızınmaq üçün əladı” dedi. Onun bu fikrindən sonra hamı hərəkətə gəldi. Hərə tanıdı-tanımadı bir-iki dəstə aldıqdan sonra maşın tərpəndi. Uşaqlar isə bu ayaqüstü bazarlıqdan razı halda uzaqlaşdılar. Gözlər yenidən bizdən bir qədər arxadan gələn digər maşınlara sarı boylandı.
Maşın növbəti döngəyə çatmamış tində duran qız uşağı diqqətimi çəkdi. On-on iki yaşı ancaq olardı. Yol yoldaşlarımın başları aldıqlarını çantalarına yerləşdirməyə qarışdığından məndən başqa heç kim yola baxmırdı. Bu qıza da məndən başqa fikir verən yox idi, deyəsən. Nədənsə diqqətimi çəkdi. Maşın qızın lap yanından keçəndə diqqətlə baxdım. Pəncərə önündə oturduğumdan lap aydın görə bilirdim onun üzündəki saflığı, məsumiyyəti.
Maşınımızın onun yanında saxlamayacağını hiss etdiyindən üzünü bayaqkı uşaqlara tərəf çevirmişdi. Kaş o anda orda olaydınız və mənimlə bərabər görəydiniz o qızın gözlərində ölən ümidi, üzündə donan sevinci. Çox çətin idi seyr etmək. Bəlkə də, bu gün heç nə satmamışdı. Hiss olunurdu ki, bayaqkı uşaqlarla bir tində durmaq istəmir. Ya onlardan böyük olduğuna görə, ya da həyatın onu məcbur etdiyi bu ticarət ürəyincə deyildi. Nə bilmək olar bəlkə də, bu əlçatmaz dağların öz yazılmamış qanunları vardı...
Maşınımız ondan asta-asta uzaqlaşırdı. Bizim maşına tərəf baxmamağından hiss olunurdu ki, o uşaqlardan nəsə aldığımızı görmüşdü. Ümidini uzaqdan toz qopara-qopara gələn digər maşınlara bağlamışdı.
Bilmirəm hardansa o anda yadıma kəndimizdəki Ulduz düşdü. Bizim kənddə Ulduz adında biri var. Ulduzun cavanlığı mənim uşaqlıq dövrümə təsadüf etdiyindən yaxşı yadımda idi. Yaşıdlarından istər boy-buxunda, istər fiziki göstəricilərinə görə seçilərdi. Dəmir kimi qolları, barmaqları vardı. Heç kimin boyun olmadığı ağır, təhlükəli işlərin öhdəsindən asanlıqla gələrdi. Bir balaca da ağıldan kəmliyi vardı. Amma içki evini yıxdı onun. Nə bir peşə öyrəndi, nə də ailə qurub oğul-uşaq sahibi oldu. Gəncliyini bada verdi. Elə indi də yaşı əllidən çox olmasına baxmayaraq, hələ də subaydı. Onu da deyim ki, subay qalıb heç sultanlıqda görmədi, vallah. İşi-gücü ona buna fəhləlik edib qazandığı beş-on manatı arağa xərcləmək, bəzən iş-güc olmayanda da ərki çatan, gözü tutan adamlardan araqpulu istəməkdir. Onu da deyim ki, kimin pul verən olub-olmadığını əzbər bilir. Hərdən mənə də yaxınlaşır. Bilir ki, əlini boş qaytarmayacam. Adətən müraciəti belə olur: “ Müəllim, salam. Mənə bir manat verə bilərsən? Yoxdursa xırda da olar”.
Aldıqdan sonra “Sən yaxşı insansan. Mənim müəllimlərə böyük hörmətim var” deyib uzaqlaşır. Hərdən pulum olmadığını deyəndə hiss edirdim ki, mənə inanır və pulum olmadığına ən azı mənim qədər təəssüflənir. Belə hallarda ani olaraq duruxar, sonra dodaqaltı danışardı: “Müəllim yalan danışmaz. Bilirəm ki, yoxundu. Olanda həmişə vermisən. Sizi inandırım ki, o an Ulduzun üzündəki təəssüf qarışıq səmimiyəti heç yerdə görə bilməzsiniz. Hiss edərdim ki, o gecəki araq üçün bəlkə də, sonuncu cəhdi boşa çıxdığından dişi bağırsağını kəsir.
Əslində, Ulduzun həyat tərzini bilən, bir butulka arağın onun üçün nə demək olduğunu duyan biri kimi o an onun gözlərində sonuncu ümidi öldürməkdən ağır heç nə yox idi mənim üçün.
Hardansa bu səhnə düşdü yadıma. Maşının yan aynasından qızı seyr edə-edə özümdən asılı olmayaraq “saxla” deyərək şoferin qolundan yapışdım. Şoferin əyləci qəfil basması ilə içəridə ani xaos yarandı. Əslində, məndən başqa heç kim nə baş verdiyini anlayacaq durumda deyildi. Cəmi bir-iki saatdır tanış olduğum yol yoldaşlarımın üzündə heyrət qarışıq narazılıq hiss etdim o an. Amma indi nə buna fikir verməyə vaxt vardı, nə də vəziyyəti izah etməyə həvəs. Maşının qapısını açıb yerə tullandım. Az qala, qaça-qaça qıza tərəf yüyürdüm. İkinci maşının da bayaqkı uşaqların yanında dayandığını görən qız, deyəsən, ümidini tamam itirmişdi. Divarın dibindəki daş mərəyinin üstündə yerini rahatlamışdı ki, ona çatdım. Tanımadığı adamın başının üstündə dayandığını görüb bir anlıq özünü itirdi. Gözləri üzümə dikilib qaldı. Aramızda kiçik dialoq oldu:
- Birini neçəyə verirsən?
- Əlli qəpiyə dayı.
-Neçə dəstə qalıb?
-Səkkiz dəstə.
-Yığ torbaya
-Hamısını?
-Hə. Tez elə.
Əlimdəki beşliyi qızın ovcuna qoydum. Torbanı götürüb geri çevrildim. Qızın arxadan “Dayı, xırda yoxumdur axı?” deməsinə əlimi yelləməklə cavab verdim. Bir-iki addım uzaqlaşmışdım ki, qəfildən arxaya çevrilərək qıza baxdım. O qızın üzündəki sevinci görmək nəyə desən dəyərdi. O baxışlar əlindəkilərin hamısını bir dəfəyə satdığına görəmi idi, yoxsa artıq verilən bir manata görə idi, bilmədim. Amma o an özümdən razı qalmışdım.
Maşına çatıb yerimi rahatladım. Hiss edirdim ki, yol yoldaşlarım məni maraqla süzürlər. Mənsə yan aynadan qıza baxırdım. Hələ də bizim maşına baxırdı. Xınalığın sərt küləyi saçlarını üzünə dağıtmışdı.
Qəfildən yadıma Ulduz düşdü. Görəsən, yetimin bu axşama arağı vardımı? O gecə dağda düşərgədə qurduğumuz çadırda yerimə hamıdan tez girsəm də, uzun müddət yata bilmədim. Qızın gözlərindəki ifadə gözümün önündən getmirdi. Deyəsən, sonra yol yorğunluğu öz işini gördü...