Son vaxtlarda məni həddən-ziyadə mutlu eləyən bir aydın var. Qayalıqda açan gülə bənzəyir. Onun yetişdirdiyi tələbələri, tələbələrə verdiyi azadlığı, meydanı görəndə elə ümidlənirəm ki... Deyirəm yox, hələ son deyil, hələ çox çiçəklər yetişəcək. Çiçəkləri qurutmaq istəyənlərin qarşısında hər gün zor-bəla olsa da, onlara su tökən, onların nazıyla oynayan bir bağban var. O bağban bir qadındır.
Kostyumlu-qalstuklu, ciddi görkəmli, danışanda səsinin qalın yerinə salan, saralmış kitablardan, min illik ənənələrdən yapışan yüz kişinin qarşısında dayanmağı bacarmış zərif və gülərüz bir qadın!
O, balalarını ac qoymamaq, qorumaq, böyütmək istəyən qaranquş təki çırpınır. Amma bu əkə-bükə kişilərin gözü nə bu qaranquşu götürür, nə də onun balalarını. Deyirlər gəlin onları qəfəsə salaq, ağızlarını bağlayaq. Qoy, uça bilməsinlər. Bizim kimi onlar da gözünü bir nimçə suya, bir qab dənə diksinlər, qarınlarını doyurmaq üçün dayanmadan “cik-cik” eləsinlər. İkiqat əyilsinlər, büzüşsünlər...
Bu kişilər utanmaq nədir bilmirlər, onların vicdanı da sızlamır. Ölkənin gələcəyini çiyinlərində daşıyan uşaqları kölə təfəkkürü ilə yetişdirməkdən çəkinmirlər. Onlara necə böyük pislik etdiklərini bilmirlər, bilmək istəmirlər.
Bircə şey bilirlər: ağalarının qapısını açanda üzləri ağ olsun. Desinlər ki, gördünüz, bir qadının öhdəsindən necə məharətlə gəldik? Sonra da hırıldasınlar. Namərd qələbələrin sonunda hırıltıdan başqa nə gələ bilər ki?..
Onlar bir belə gəncin gələcəyini zülmətə boyamaqdan qorxmurlar. Amma görürsünüz, mən tərənnüm etdiyim bu qadının adını belə çəkə bilmirəm. Gördüyü işıqlı işlərdən ürək dolusu, açıq-aydın danışa bilmirəm. Çünki qorxuram. Onun işığının söndürülməsindən qorxuram. Əlbəttə, o işığı tamamilə yox edə bilməzlər, o, yenə də şölə saçacaq. Amma harada? O, öz yerində olacaqmı? Onu olduğu yerdən uzaqlaşdırmağa çalışan şər işçilərinin qəzəbindən qoruna biləcəkmi?
Onun yerində oturmaq istəyənlərin davası odur ki, sən niyə vicdanla işləyirsən, sən niyə bu cəmiyyətdə təmiz qala bilmisən, sən niyə qışda dərsə cırıq ayaqqabıyla gələn tələbəni divara dirəyib rüşvət tələb eləmirsən, niyə uşaqları dünyanın uğraşdığı şeylərdən xəbərdar edirsən? Qoy o uşaqlar universiteti bitirib işləmək istəyəndə başları boş, əlləri ətəklərindən uzun olsun, qapılarda durub boyunlarını büksünlər, mərhəmət umsunlar, onlara minnət qoyulsun.
Düz deyirlər, işıqlı qadın! Bura Azərbaycandır, məhz bunu unutmayın... Ona görə unutmayın ki, bu ölkədə sizin kimi aydınlara, qadınlara ehtiyac var. Bu ölkənin gənclərini manqurtlaşmaqdan qoruduğunuz üçün, onlara bilgi verdiyiniz üçün, onlara azadlığı daddırdığınız üçün, şəxsiyyət yetişdirdiyiniz üçün...
Azadlığı və bilgini bircə dəfə dadmaq bəsdir, bundan sonra da onlar həmişə hər yerdə bu dadı axtaracaqlar, tapmayanda ordan uzaqlaşacaqlar...
***
Neçə gündür Selincerin “Çovdarlıqda uçurumda qoruyan” əsəri düşüb yadıma. Çoxları bəyənmir ki, nə tapmısan orda, avara bir oğlanın həyatından bəhs eləyir. Elə deyil, vallah, elə deyil.
Yəqin yadınızdadır, Holdenin sevimli bacısı Fibinin ona “Axı sən nə olmaq istəyirsən?” sualına cavabı: “Bütün körpə uşaqlar axşamçağı yığışıb intəhasız bir çovdar çölündə qaçdı-tutdu oynayardılar. Milyon-milyon körpə uşaq, ətrafda bircə nəfər də, yəni böyükləri deyirəm, yoxdur, tək mənəm. Mən də uca, sərt qayanın lap qırağında dayanmışam. Və mənim işim bu tayanın kənarındakı uçuruma yaxınlaşan uşaqları tutmaqdır. Axı onlar qaçdı-tutdu oynayanda gözləri ayaqlarının altını görmür, hara qaçdıqlarını veclərinə də almırlar. Ona görə də uçuruma yaxınlaşanları o dəqiqə qaçıb tutaram ki, ora düşməsinlər. Bütün günü ancaq işim bu olur: çovdar düzündə uşaqları yıxılmaqdan qorumaq! Bilirəm bu da bir cür sarsaqlıqdır, ancaq ürəyimə yatan yeganə bir peşə varsa, o da budur”.
Bax siz də o uca və sərt qayanın qırağında dayanmısınız, uşaqları çovdarlıqda uçurumdan qoruyursunuz, yıxılmaqdan qoruyursunuz. Buna görə yüz kişinin qarşısında durmağa dəyməzmi?
Məncə, dəyər. Ona görə də möhkəm olun!