Bu yaxınlarda rayona getmişdim, qəsəbəmiz payızın son günlərini yola salırdı, ümumiyyətlə, bütün fəsillər rayonda daha qabarıq hiss olunur.Şəhərdə bəzən ilin hansı fəsli olduğunu ayırd edə bilmirsən. Payız şəhərdə bir az boz və rəngsizdir, rayon və kəndlərdə rənglər daha tünd və əlvandır.
Bizim rayonda da payızın özünəməxsus gözəlliyi olardı, əgər qəsəbəmizin payız romantikasını korlayan palçığı olmasaydı. Amma təkcə palçıq yox...
Qadın xeylağı rayona bir günlük də gedərsə, axşam mütləq qonşuya keçib bir az söhbət etməli, məhəllədə, qonum-qonşuda baş verənlərdən ağah olmalıdır. Rayon yerində axşamlar vaxt ləng ötür, ya gərək sən qonaq gedəsən, ya da sizə kimsə gəlsin. Bu dəfə də anamla yaxın qonşumuz Mərcan xalagilə kecdik, yaydan bəri görməmişdim bu qadını.
Payız axşamlarında isti, sadə kənd evində yerdə döşəkçələrin üstündə oturub çay içə-içə söhbət etməyin əvəzi yoxdu. Əgər son vaxtlarda maraqlı hadisələr baş veribsə, söhbət daha da qızışır, bir də görürsən, gecə yarıdan keçib.
Mərcan xala "ceyran" sobasının yanında bizə süfrə saldı, çay və südlü çörək gətirdi. Üç-dörd aydır görmədiyimə görə qonşunun ürəyi dolu idi. Xala qeybət etmirdi, sadəcə olmuş-keçmiş, adi məişət hadisələrini nağıllayırdı.
Deyəsən, son bir neçə ayda qəsəbədə ürəkaçan bir şey olmamışdı. Düzdü, toylar, nişanlar, xınayaxdılar olmuşdu, amma bu xeyir işlərin çoxunun sonunda bir sızıltı vardı.
Bu dəfəki əhvalatların hamısının qəhrəmanları qadınlardı, amma hər nağıl faciəyə bənzər sonluqla bitirdi. Bu hekayələr bir az Yusif Vəzir Çəminzəminlinin hekayələrinə bənzəyirdi. Onun qəhrəmanları kimi bizim qəhrəmanlarımız da çarəsiz, zəif və bəxtsizdilər.
Əhvalatlardan bəzisini sizə danışa bilərəm. Bizim küçədən aşağıda yaşayan bir ailə on yeddi yaşlı qızını ruhi xəstə olan bir oğlana ərə verir. Tanış-biliş buna mane olmaq istəsə də anası deyib, mən qızımı verirəm.Qız da uşaqdı, nə qanır...Həm də etiraza həddimi var? Bir müddət sonra zavallı qız çəkdiyi zillətdən cana doyub, ərinin dərmanlarından bir ovuc içib özünü öldürmək istəyib. Evdəkilər duyuq düşüb qızı xilas edə biliblər, amma yenə aparıb qoyublar ərinin yanına. Məlum məsələdir ki, bu qadın yenə də nə vaxsta ya intihara cəhd edəcək, ya da özü xəstəliyə düçar olacaq.
Tanıdığım başqa bir qonşumuz içki düşkünü idi. Arvadını və üç uşağını həftədə azı bir dəfə döyüb bir-birinə qatır, hamısını evdən qovurmuş. Arvad uşaqları da götürüb ağlaya-ağlaya qəsəbənin o başında yaşayan atası evinə üz tutur. Bu vəziyyət artlq iki ildir davam edir, camaat daha onların dava-şavasına alışıb.Yazıq gəlin boşana da bilmir, hara gedəcək axı, üç uşaqla onu kim qəbul edəcək?
Bizdən bir tin yuxarıda yaşayan qonşunun nişanlı qızı dükana gedib, satıcı oğlanla alış-veriş edərkən təbii ki, bir-iki kəlmə danışmalı olub. Yaxın adamlardan kimsə görüb, buna görə qızın nişanını qaytarıb, adına olmazın söz-söhbətlər, dedi-qodular çıxarıblar. Kənd yerində artıq belə qız üzdəniraq, urvatsız sayılır.Eşitdim ki, hətta valideynləri də qızla pis rəftar edir...
Qəsəbənin kənarında yaşayan bir kişi dörd uçaq anası olan arvadını elə vəhşiliklə döyüb ki, arvadın bir gözü kor olub, indi görmür. Deyirlər qadın fağır, lal-dinməzin biridir. İndi elə də yaşayırlar, arvad kor olub, kişi sağ-salamat, öz kefində...
Xalanın hər yeni əhvalatını heyrət nidaları ilə qarşılayırdım. Görəsən, bu camaat öz qızından niyə bezib, yoxsa bunun başqa bir adı var? İndi əyalətlərdə qız uşağı on yeddi yaşına çatdımı, onu mütləq kim gəldi ərə vermək istəyirlər. Fərqi yoxdu, dəlidi, xəstədi, manyakdı... Təki "qız yükündən" azad olsunlar...
Əlbəttə, hamı elə deyil, qızını oxudan, işləməyə qoyan, sevdiyinə verənlər də var. Amma belələri azdır, ucqarlara doğru getdikcə qadınların həyatı daha da ağırlaşır. Qadınlar ən ağır işləri görür, evin, ailənin yükünü daşıyırlar, əvəzində də döyülür, söyülür, bəzən də küçəyə atılırlar.
Məni təəccübləndirən odu ki, biz uşaq olanda – 25-30 il əvvəl belə hadisələr baş verməzdi. Qadınlar belə ayaq altına atılmaz, belə incidilməzdilər. Mən heç vaxt buna bənzər əhvalatlar eşitmirdim onda. Qəsəbəmizdə qadınlar qayğısız və rahat idilər. Kasıb olsalar da. Görəsən, niyə illər ötdükcə, zaman keçdikcə, hətta əsr dəyişdikcə, bizim məmləkətdə qadının həyat tərzi dəyişmir, daha doğrusu, yalnız pisliyə doğru dəyişir?
Şəhərlərdə də belə xoşagəlməz hadisələr çox olur, amma əyalətlərdə kişilər qadınlarla vəhşi kimi rəftar edir, onları alçaldır, sındırır və qula cevirirlər.
Qonşu qadının söhbətlərindənkimsəsiz qadın ürəyinin iztirablarını, əzablarını hiss edirdim. O, danışdıqca qəlbim göynəyirdi, daha dözə bilmədim , anama işarə etdim ki, evə qayıdaq.