Cəfər Cabbarlının bu əsərlərini – “Almaz”ı, “Sevil”i bizim nəsil orta məktəbdə, yeniyetməlik vaxtı oxuyub, bu mənada təkcə illərin yox, həm də epoxaların dəyişməsindən, sovet ideolojisinin süqutundan sonra mənimçün “Almaz”a və Almaza tamaşa eləmək qayət maraqlıydı. Buna görə Dövlət Akademik Milli Dram Teatrına yeni quruluşda “Almaz”a baxmağa gedəndə ilk növbədə Almazla qarşılaşacağımı düşündüm.
Ancaq tamaşada Almaz yoxudu... Ocaqqulu varıdı, Kərbəlayi Fatmanisə gözə dəydi, Aftil də ordaydı. Mən par-par parıldayan Almazı görmədim...
Çoxdan bir tədqiqatçının yazısında Cəfər Cabbarlının öz qəhrəmanlarına onların xarakterinə, əsərdəki missiyasına uyğun ad seçdiyi haqda maraqlı qeydlər oxumuşdum. Bu baxımdan Almaz adı da eynən özü kimi təsadüfi deyil.
Bir kəndin qaranlıq dünyasını işıqlandırmağa gəlmiş zinət dünyasının Almazı səhnəyə qoyulan çıraqdan da sönük, sısqa, köməksizidi. Olsun... Amma aktrisa rola, obraza uyğun gəlməyən cisminin əyər-əskiyini ört-basdır eləmək xətrinə qışqırıqla sanki səhnədəki əhatəsinə yox, hardasa başqalarına xitab eləyirdi.
Bu, o Almaz deyildi, zənnimcə. Almazsız “Almaz” olarmı? Olmaz...
30-cu illərin kollektivləşməsindən danışan pyesin (ilk dəfə 1931-ci ildə səhnəyə qoyulub) öz aktuallığını saxladığı fikri, məncə, səhnə əsərinin yeni quruluşdakı məzmunundan (zəhmətini Əli Əmirli çəkib) aydın nəzərə çarpırdı. Elə bil, günümüzün hadisəsidi – bir mühafizəkar kəndə gənc və “nadinc” müəllimə gəlib, hələ, üstəlik, az keçmir onun uşaq “doğduğu” da ortaya çıxır. Tanış mənzərədi! Hər gün bu cür xəbər oxuyub yazmırıqmı?
Nə oyunlar çıxarmaq olardı! Amma... Əldən çıxan fürsətə təəssüf... Səhnədən günümüzün gerçəkliyinə aid bircə mesaj da eşidilmədi. Bu teatrın müraciət elədiyi başqa bir klassik əsərdə - Qoqolun “Müfəttiş”ində çevrəmizin hər halda xeyli “kopiya”larına rast gəlmək mümkündü. Rejissor Mikayıl Mikayılovun “Müfəttiş”i Sankt-Peterburqda yox, Bakıda oynanılırdı... 19-cu əsrdə yox, 21-ci əsrdə (əsər indi də repertuardadı)...
Yeri gəlmişkən, “Almaz”a Azər Paşa Nemət səhnə həyatı verib.
Bir qeydim də var. Azərbaycan tamaşaçısının ayrıca teatr libası, teatr ovqatı da olmalıdı. Zövqlə, səliqəylə geyinib səhnəyə köklənməlidi.
...Son səhnə xoşuma gəldi. Tamaşa bitdi, pərdə qapandı və yenidən açıldı. Bu dəfə aktyorlar bir-bir gəlib tamaşaçılar qarşısında poz verdilər, roldan təzə çıxmış aktyorlar öz təbii jestləriylə daha maraqlıydılar. Hamı onları ayaqüstə alqışladı...
Aşağı düşüb qarderoba yaxınlaşanda teatrşünas Vidadi Qafarlıyla rastlaşdıq. Qəribəydi. Axı, pilləkəni düşə-düşə son illər Azərbaycanda teatrşünas yazısı oxumadığımı düşünürdüm. Doğrudanmı, daha tamaşalar haqda peşəkar yazılar yazılmır? İndi Azərbaycanda neçə teatrşünas var?
Bildiyim qədər, Mədəniyyət və İncəsənət Universitetində teatrşünaslıq fakültəsi fəaliyyət göstərir.
Bu yazı isə, sadəcə, bir tamaşaçı qeydiydi...