Səhər tezdən Aydın Dadaşovun ölüm xəbəri bizi sarsıtdı. İlk ağlıma gələn cümlə bu oldu: Şuşa həsrəti, yarımçıq işlər. Aydın müəllim belə ayrıldı bizdən. Arzuları gözündə, yarımçıq işləri əlində. Eşidən hər kəsin içindən bir ah qopdu. Səmimi, yanğılı bir nida. O, bizim barmaqla sayılacaq ziyalılarımızdan idi. “Fikirdə, dildə, işdə bir olan” təklərdən idi, vətən, onun tarixi, mədəniyyəti, yaradıcı gəncliyi üçün konkret iş görənlərdən idi, durmadan, yorulmaq bilmədən çalışan, vaxtı an-an dəyərləndirən azərbaycanlı idi.
Titullarını deyil, millətə xidmət meyarlarını düşünürəm hey. Bir ailədən, bir evdən deyil, bir millətin, bir xalqın “kisəsindən” getdi. Bütün gücü, əməlləri ilə bu gün çox yayılmış “ziyalıların fəaliyyət meydanı daralıb” fikrini təkzib edirdi. Ən mümkünsüz situasiyalarda belə nəsə etmək mümkün olduğunu sübut edirdi. Mümkünmüş...
Məğlubiyyət ağrısı ilə ağrıya-ağrıya vətəni, xalqı böyüdəcək işlər görə bilmək qabiliyyəti onun lider, müəllim ola bilmək bacarığı ilə bağlı idi.
Ə.B.Ağayevin “Bəs bizim ziyalılarımız hardadır?” məqaləsində rus tanışı ilə söhbətində maraqlı bir məqam var: “Deyirsiniz ki, ziyalılarınız gücsüzdür. Bağışlayın, amma buna inanmıram. İşarə vurduğunuz gücsüzlük ziyalılarınızın həyatdan uzaqlığını, ölgünlüyünü, hətta deyərdim ki, onlarda daşıdıqları ziyalı adına uyğun hiss və duyğuların olmadığını əyan eləməmək üçün arxasında gizləndikləri ucuz və rahat pərdədir, şirmadır. Əvvəla, mən təcrübi olaraq heç zaman işığın, biliyin, elmin cahillik, avamlıq və qaranlıq qarşısında gücsüz qalması fikrini qəbul etmərəm. Ziya, elm və bilik harada meydana çıxırsa, sonda mütləq qələbə çalır. Sadəcə, onların xidmətində dayanan insanlar sarsılmaz əqidə sahibi kimi tanınmalı, nəcib və cəsur olmalıdırlar. Seçdikləri yolda dözümlülük, səbat göstərməlidirlər”.
Aydın Dadaşov Azərbaycan kinosu, teatrı, tarixi və tarixi şəxsiyyətləri, mədəniyyət xadimləri ilə bağlı heç kimin görmədiyi işləri gördü. Çünki həqiqi ziyalı, həqiqi azərbaycanlı və həqiqi müəllim, mədəniyyət, elm xadimi idi. Ə.B.Ağayevin dediyi kimi, sarsılmaz əqidə sahibi, nəcib və cəsur, dözümlülük, səbat göstərən millət, xalq fədaisi idi.
Aydın müəllim yaşadığı sürəcə işıq kimi dolaşdı aramızda. Amma öləndə işıq kimi sönmədi. Bax, əsil xoşbəxtlik budur! İşığını yayıb, qoyub, gedənlərdən olmaq!
Aydın müəllim, sizin işığınızda dayanıb bu cümlələri yazıram və əminəm ki, hələ sizin haqqınızda yazılacaq çox-çox kitabları məhz elə sizin öz işığınızın aydınlığı altında yazacaqlar!