Dilqəm ƏHMƏD
I Dünya Müharibəsi başlayıb, Avropa dövlətləri öz tərəflərini seçiblər, hər yerdə bombalar partlayır, insan itkilərini saymaq mümkün deyil, hərbi kəşfiyyat daha ciddi şəkildə fəaliyyət göstərir.
Qosqoca imperiyalar qarşı-qarşıyadır, kimlərsə sıradan çıxacaq, kimlərsə müstəmləkəyə çevriləcək, kimlərsə də qalibiyyət şərabını dadacaq.
Şəhərlərdə xaos hökm sürür, firavanlıqdan əsər-əlamət qalmayıb, hər kəs tədirgin vəziyyətdə savaşın nəticəsini gözləməkdədir.
Belə bir vaxtda isə savaş aparan dövlətdən düşmən dövlətə iki açıqca göndərilir.
Bu açıqcalardan biri Fransaya idi: “Bu açıqca düşmən ölkədə bir şəxsə - Parisdə Grenelle sahilində kitabçı Jean Labourdair-ə yazılmışdı. Açıqca sahibi Bulletin Biblilograpphique de France adlı jurnalın bir illik abunə pulunu başdan verdiği halda son səkkiz sayının göndərilmədiyindən şikayət edirdi... Bir neçə həftə sonra ikinci bir açıqca gəldi. Bu da Londonda Holborn Square-də antikacı John Oldrige ünvanına yazılmışdı. Mendel adındakı bu adam açıqcaya açıq şəkildə imza atıb, Antiquarium jurnalının son saylarının göndərilməsini istəməkdəydi...”
Baş verənlər Stefan Zweigin “Kitabçı Mendel” adlı kiçik bir hekayəsindədir.
Mendel ensiklopedik bir yaddaşa sahibdir, kitabçılıqla məşğuldur, dünyadan məşhur kolleksionerlərdən, professorlardan məktublar alır, onun məsləhətinə ehtiyac duyulur, tapılmayan kitabları tapmaq kimi bir möcüzəyə sahib olduğu üçün müştəriləri fərqli kateqoriyadan olur. Həmçinin tələbələrin sevdiyi bir şəxsdir, mövzu kitab olduğunda ondan başqasına müraciət etmək heç kimin ağlına gəlmir.
Mendel intellektual biri deyil, o sadəcə dünyada hansı nəşriyyatda hansı kitab çıxıb, hansı kitabxanada nələr var, bunları əzbər bilir, heç bir sifarişi üçün qeyd götürmür, bir qəhvəxanadakı daimi yerində ömrünü keçirir.
Həyatını kitablara o dərəcədə bağlayır ki, I Dünya Müharibəsinin başlamasından xəbərsiz olur, abunə olduğu tarixlə, kitabla, əntiq əşyalarla bağlı jurnalların daha onun ünvanına gəlməməsinin səbəbini başa düşmür, məktub yazaraq haqqını tələb edir. Bu açıqcalar isə kəşfiyyatın əlinə düşür, məktublarda gizli mənalar axtarılır, sorğu-sualdan sonra əsir düşərgəsinə göndərilir...
Nəhayət, dünyaca məşhur, Mendellə daimi məktublaşan professorların, istefada olan hərbçilərin hadisədən xəbər tutmasından sonra Mendel iki illik düşərgə həyatından xilas ola bilir.
Amma artıq əvvəlki həyat deyildi. Mendel də faciəli şəkildə həlak olur...
***
Kitabçı Mendeldə, şübhəsiz ki, Zweigin həyatından bir parça vardır. Kolleksioner, nadir kitablara sahib olan Zweig Mendelin timsalında növbəti bir humanizm simvolu yaradıb. Müharibənin müharibədən xəbəri olmayan adamların belə taleyini məhv edən bir proses olduğunu maraqlı bir yolla izah edib.
Kitabların isə ətrafımızdakı çirkinliklərdən insanları necə uzaqlaşdıra bildiyini də Mendelin kədərli həyatı ilə bizlərə anladıb. Təsadüfi deyil ki, hekayə bu cümlə ilə bitir: “Kitablar insanları ölümdən sonra da birləşdirən və bizi unutmağa, həyatın bu ən böyük düşməninə qarşı qoruyan yeganə vasitədir”.