29 Mart 2017 19:10
2 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilqəm ƏHMƏD

Ötən il Novruz tətilində getdiyim Təbriz və Ərdəbildən geri dönərkən Feysbukda belə bir status yazmışdım: “İran sərhədində hər gün “Sevil” tamaşası oynanılır. Sərhədi keçən Azərbaycan xanımları yaylıqlarını çıxarıb atırlar”.

Deyilə bilər ki, hər ölkənin öz qanunları var, bunlara hörmət edilməlidir.

Realizm baxımından doğrudur, hər ölkənin özünəməxsus dəyərləri var, başqaları onun işinə qarışa bilməz.

Amma bu dəyərlər bir millətə zorakı halda yeridilirsə, əməl etməyən cəzalandırılırsa, bu, artıq bəşəri bir dəyər olan, heç bir ölkənin daxili işi olmayan insan haqları məsələsinə daxil olur.

Xanımların başlarını bağlaması XIX əsrdən etibarən Şərqdə tədricən problem halına gəlməyə başlayır. Babilər, bunu təqib edən bəhailər hərəkatı dönəmində Qacar xanədanlığında ciddi proseslər olur. Belə ki, qəzvinli bir ailənin qızı, şairə Zərrintac Tahirə Şərqdə çadrasını atan ilk qadın olmaqla, inqilabi hadisəyə imza atır.

Əlbəttə, babilik və bəhailik bir dini hərəkat idi, amma o dönəm üçün bu dinin bəzi addımları çox yenilikçi idi. Təsadüfi deyil ki, o zamanlar çox oxuyan adama “babı” da deyərdilər. Yəni babilər dini hərəkat olmaqla yanaşı, özündə mövcud sistemə qarşı nüanslar daşıyırdı.

Zərrintac Şərq ölkələrində abidəsi qoyulmalı, şeirləri çap edilməli bir şəxsiyyətdir. Təəssüf ki, Azərbaycanda onun şeirlərinin bir neçəsi çap olunub. Zərrintac Tahirə haqqında müəllifi olduğum “Fərqlilər” kitabımda geniş məlumat verilib.

Bunları ona görə yazıram ki, ötən gün İran prezidenti Həsən Ruhaninin yayımlanan olduqca pozitiv fotosu bu ölkədə mühafizəkarların qınağına tuş gəldi.

Belə ki, Novruz tətili ilə bağlı çıxdığı dağ gəzintisi zamanı Ruhani iki xanım və bir bəylə foto çəkdirir. Fotoda rahat bir idman qiyafətində olan Ruhaninin yanındakı xanımlar olduqca şəndirlər, saçlarının bəzi hissələri görünür.

İnstagram hesabından paylaşdığı bu fotoya 20 minə yaxın izləyici şərh yazıb, 150 min insan bəyənib. Mühafizəkarlar, Xamneyinin tərəfdarları Ruhanini seçki şousu aparmaqda, xanımların geyiminin ölkə dəyərlərinə zidd olduğunu bildiriblər. Onlar mayın 19-da İranda prezident seçkiləri keçiriləcəyi üçün bu fotodan Ruhani əleyhinə artıq ilk gündən istifadə etməyə başlayıblar.

Ruhani ilk gündən liberal dəyərlərə sahib bir prezident kimi xarakterizə edilsə də, tezliklə aydın oldu ki, İranda oturuşmuş teokratik sistemdə təkbaşına heç nə edə bilməz. Qərblə nüvə məsələsində anlaşmalar üçün seçilmiş bir şəxsdir, İranı Avropada Əhmədinejat tipli prezidentlərdən daha yaxşı təmsil edə bilər. Necə ki, belə oldu. Amma görünür, Ruhaninin qalması artıq molla rejimi üçün sərf etmir, ona görə də seçkiqabağı təpkilər gəlməyə başlayıb.

Əslində isə Ruhaninin ruh halını necə yozmaq olar?

Dağ gəzintisi, pozitiv bir prezident, gülən vətəndaşlar, şən xanımlar.

Bir insan belə bir görüntüdən niyə narazı olsun ki? Belə bir görüntüdən sadəcə kompleksli, radikal təfəkkürlü, qadın düşməni şəxslər rahatsız ola bilərlər.

Mən Ruhaninin o fotodakı ruh halını çox bəyəndim. Şübhəsiz ki, İslam ölkəsinin gənc vətəndaşları da bəyəniblər.

İran bir şeyi artıq anlamalıdır. Qadınlara qarşı basqı bugünkü dünyada istənilən ölkə üçün rəzalətdir. Bir qadın ancaq öz seçimi ilə başını örtə və ya aça bilər. Necə ki, Türkiyədə illərdir bunun əksi prosesi getdi, bu da ağır nəticələr verdi. İndi isə artıq dövlət qurumlarında, hərbi xəstəxanalarda baş örtüyünə icazə verilir. Yəni bu iş heç bir halda zorakı olmamalıdır. Sadəcə tərəfsiz qalınmalı olan məhkəmə kimi orqanlarda qadağan edilə bilər.

Ötən il Təbriz və Ərdəbildə onu da müşahidə etdim ki, xanımlar olduqca rəngli, cazibədar paltarlar geyinməyə meyillidirlər. Əgər baş örtüyü sərbəst buraxılasa, İranda çox fərqli bir mənzərə yaranacaq.

Biz inanırıq ki, şər ruhanilərdənsə, şən Ruhanilər daha yaxşıdır.


Müəllif: Dilqəm Əhməd