Son vaxtlar maraq üçün bir neçə günümü məhz bu mövzuya ayırdım. İnanmazsınız bəlkə də, amma bütün varlığımla əmin oldum. Ki, SSRİ-ni məhz bizim Nemət Pənahlı dağıdıb. Düzü, bu qənaətə gəlməyimdə həddən artıq fikir ayrıseçkiliyinin çığırışması oldu bu mövzuda. İlahi, hərə bir söz danışır bu müstəvidə. Guya SSRİ ol səbəbdən dağıldı ki, Qərbi Avropada heç bir kommunist partiyası hakimiyyətə gələ bilməmişdi. Guya SSRİ ona görə dağıldı. Ki, imperiya idi. İmperiyada isə demokratiya inkişaf edən zaman, o öz ərazilərini saxlaya bilmir-filan. Boş şeydi! SSRİ ona görə dağıldı ki, bozluq, boşluq, yekrənglik Nemət Pənahlını təngə gətirmişdi. Vəssalam!
Günü bu gün kimi (özümün olmasa da) dayımın gözünün qabağındadı – Nemət bəy Lənkərandan bir yekə sərhəd dirəyini çiyninə atıb düz gətiribmiş Azadlıq Meydanının qənşərinə. Hətta and içirlər, dirəyin üstündə tikanlı məftillər də olub. Dayım hələ də bütün yeyib-içmək məclislərində bir sağlığı Nemət bəyin şəninə deyir. Adətən bu sağlıq 200 qramdan sonra deyilir. Düzü, bir qədər kövrəlir də sağlıq deyəndə. Soruşursan – nöş kövrəldin? Deyir, o vaxt dirəyin üstündəki tikanlı məftil Nemətin qulağını cızmışdı. Sonra da əsəbi halda əlavə eləyir: “Taa cızar da. Lənkərandan Bakıya o boyda dirək gətirirsən, zalım oğlu zalım, heç olmasa məftilin tikanlarını çıxart”.
İndi durub bir ağıllı deyə bilər: Yox, sərhəd hadisələrinə Berlin divarının yıxılması vüsət verdi. Onsuz da o vaxtlar xalq arasında bütöv Azərbaycan ideyası aktual idi. İnsanlar özlərinə sual verirdilər: almanlara icazə varsa, bizə niyə yoxdur? Nəyimiz kəmdi onlardan? Şeirimiz şeir, sazımız saz, qanacaq-qabiliyyətimiz də öz yerində… Boş şeydi! Bütün bu hədyan, pafoslu çıxışlarla Nemət bəyin inqilabçılığını şübhə altına alırlar. Xalqda həmin intonasiya vardısa, onu da Nemət bəy yaratmışdı. Dayı canı.
İki-üç ay qabağın söhbətidi. Dostum, şair Salamla Qış Parkında gəzişirdik. İstədik bi on qram çay içək, girdik parkdakı kafelərdən birinə. Gördük, jurnalist dostumuz Aydın Canıyevlə Nemət bəy də burdadır. Bir qədər söhbətləşəndən sonra hərlənib-fırlanıb gəldik SSRİ-nin üstünə. Əl-qərəz, Nemət bəylə söhbətimizin yekun dialoqunu olduğu kimi yazıram.
Mən:
- Bəy, SSRİ-ni nöş dağıtdınız?
O:
- Canım üçün elə-belə. Darıxırdım…