Bir gün o bankadan xeyir məqsədlə istifadə etmək qərarına gəldim. Qapağından bıcaqla bir xətt açdım. Elə xətt ki, həm qəpikləri, həm də kağız pulları bankanın içinə rahatca atmaq olsun, amma geri çıxarmaq yox. Üstünü boyadım, sonra ürəyimə yatmadı, ağ kağızla bir də sarıdım, kağızın üstünü yapışqanla bükdüm. Bütün bu cəhdlər ona görə idi ki, nə bankadan pul götürmək olsun, nə də içərisindəki pullar görünsün. Amma bu, elə də uğurlu olmadı. Necə deyərlər, pulu özümüzdən gizlətmək bizə düşmədi. Elə həddə çatdıq, bankanı zülüm-zillətlə açası, içindəki pulları çıxarası, dərd-sərimizə xərcləyəsi olduq.
Bankam elə kədərli görünürdü ki... Üstünün yapışqanı bir tərfə, kağızları o biri tərəfə düşmüş, boyası yeyilmişdi. Onu təzədən yudum. Əvvəlki şəffaf görünüşünə qaytardım. Bu dəfə üstünü nə boyadım, nə də kağızla bağladım. Həm də gözümüzün görəcəyi yerə, düz kitab rəfinin başına qoydum.
Əlimizə pul düşdükcə bankaya atırdıq. Mənə kağız puldan çox qəpik yığmaq maraqlı gəlidi. Onun bankadakı qəpiklərə dəyib çıxardığı səs məni bir az da olsun rahatlaşdırır, arxayınlaşdırırdı. O qəpiklər məni bütün pisliklərdən, kədərdən, üzüntüdən xilas edirdi. Adını da qoymuşdum ki, burnumu əməliyyat etdirmək üçün pul yığıram. Burnumu elə də sevmirəm. Bir az uzundu. Paltar geyinəndə paltarıma ilişir, çay içəndə stəkana girir. Profildən şəkil çəkdirə bilmirəm, üzümə krem çəkəndə burnumun üstü bir xeyli vaxtımı aparır və məni yorur. Həyat yoldaşım deyir, sən yanımda duranda televizora baxa bilmirəm, burnun ekranı tutur. Yolda gedəndə deyir, burnunu çək, maşınlar keçsin. Məni cırnadır. Özümü elə aparıram, guya yalandan küsdüm. Amma ürəyimdə həqiqidən küsürəm. Güzgünün qabağında durub burnuma bir daha nəzər salıram. Bir az üstdən, bir az yandan. Bəli, qaydasında deyil: bir az uzun, bir az əyridi. Bu əyriliyə görə rahat nəfəs ala bilmirəm. Həkim deyir, əməliyyat olunmalıdı, yoxsa ürəyində problem əmələ gələ bilər. Düzü, ürəyimdə problem əmələ gəlməyi məni narahat etmir, sadəcə, əməliyyat üçün bu sözü bəhanə edirəm.
Guya burun əyriliyinə görə indiyə qədər kim ölüb, kimin ürəyi dayanıb ki? Sonralar bildim sən demə, əyriliyə görə yox, amma əyriliyi düzəltdirməyə görə çox ürəklər dayanıb, çox canlar gedib. Əməliyyat üçün bir həkimlə danışdıq. Dedi, əməliyyatdan sağ çıxacağına zəmanət vermirik. Soruşduq ki, heç əməliyyatdan sağ çıxmayan olubmu? Həkim dedi, olub. Mən razılaşdım, həyat yoldaşım yox. Elə həkim “zəmanət vermirik” deyən kimi ayağa durdu, qapını açıb məni qolumdan darta-darta çölə çıxardı.
Daha yolda demədi ki, burnunu çək, maşınlar keçsin, çay içəndə demədi ki, yavaş, burnun yanar, televizora baxanda demədi ki, ekranı tutmusan, görümrəm. Xəstəxanadan uzaqlaşdıqca hiss edirdim ki, rahatlaşır. Amma bir kəlmə də danışmırdı. Evə çatdıq. Bankamızdakı pulları stolun üstünə tökdük. Bir xeyli pul vardı. Qəpiyinə qədər cibimzə doldurduq. Getdik mağazalara. Əynimizə pal-paltar aldıq. Sonra getdik qəşəng bir restorana. Yaxşıca yemək yedik, dedik, güldük. Qalan pulla da evə bazarlıq elədik. Dovğa bişirməyə çoxlu göyrəti, qatıq aldıq. Həyat yoldaşım dovğanı çox xoşlayır. Evə gələn kimi dovğasın yedi, sonra da düz burnumdan öpdü.