31 May 2017 21:12
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son üç gündə İstanbulda iki qürur duyduğum an yaşadım.

Mayın 28-də Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 99-cu ildönümü münasibətilə İstanbulun iki tərəfini birləşdirən Fateh Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı.

İstanbuldakı azərbaycanlıların Rumeli hisarına axışaraq bu mənzərəni seyr etməsi, sosial şəbəkədə xeyli fotolar paylaşması şəhər rəhbərliyinin necə doğru bir addım atdığını göstərdi.

Türkiyə nə qədər yaxın və qardaş ölkə olsa da, Azərbaycan bayrağına və Cümhuriyyət gününə olan bu jest çox önəmli idi.

Unutmayaq ki, Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında ilk dostluq müqaviləsi dövlətin elanından cəmi bir həftə sonra bağlanıb.

İkincü qürur duyduğum anı isə dünən yaşadım.

Sakıp Sabancı muzeyində Türkiyənin tanınmış rəssamı Səlim Turanın yaradıcılığı ilə bağlı tədbirdə.

Səlim Turan azərbaycanlı fikir adamı, məşhur “Füyuzat” dərgisinin qurucusu, turançı, həkim, rəssam, Türkiyədə mühacir həyatı yaşamış Əli bəy Hüseynzadənin oğludur.

İstanbula ilk gəldiyim zaman Əli bəyin məzarını ziyarət edərkən başdaşında onun da adını görmüş, atası ilə eyni məzarda dəfn edildiyini öyrənmişdim.

Sabancı muzeyində onunla bağlı tədbir olduğunu gördükdə isə düşünmədən getməyi qərara aldım.
Başqa bir səbəb də vardı. Sakıp Sabancı muzeyinin müdiri ilə əlaqə qurmaq. Çünki muzeyin müdiri Nazan Ölçer xanım, azərbaycanlı mühacir, Türkiyədə professor ünvanına qədər yüksələn, onlarla kitabın müəllifi, dilçilik sahəsində yüzlərlə məqalə yazan Əhməd Cəfəroğlunun qızıdır.

Tədbirin təşkilatçılarına verdiyim sual da Əli bəylə bağlı oldu. Sualım belə idi: “Səlim bəyin atası professor Hüseynzadə Əli Turan həm də rəssam olub. Səlim bəyin yaradıcılığına atasının təsiri nə qədərdir?”.
Sənətşünas alim Dr.Necmi Sönmez sualımı belə cavablandırdı:

“Mən kitabı yazarkən atasının təsiri altında qaldığını gördüm. Amma ata fiqurunu həzm edib. Maraqlıdır ki, bu mövzu ilə bağlı özü heç danışmayıb. Parisdə onun dostları ilə görüşdükdə dedilər ki, atasından bəhs edərdi. Atası Peterburqda oxuyub, bir neçə dil bilib. Bilirsiniz, atası həbsdə olub. Atasını ziyarət etdiyi zaman, Əli bəy ona deyib ki, oğlum, biz burda iş görürük, padşah üçün qumaş toxuyuruq. Düşünürük ki, atasının siyasi görüşlərinə görə, bir az siyasi ortamdan qaçmaq üçün Parisə gedib”.

Tədbirdən sonra Səlim bəyin rəsm sərgisini izlədik. Nazan xanımla qısa söhbət eləmək imkanımız oldu. Daha sonra geniş açıqlama verə biləcəyini, həftə içində tədbirlərə görə sıx rejimdə çalışdığını dedi.

Nazan xanım haqqında ilk dəfə Vilayət Quliyevin yazısında oxumuşdum. Təəssüf ki, bu insanları toplum olaraq çox tanımırıq. Onlar ikinci nəsil hesab olunurlar və zəngin bilgilərə sahibdirlər. İstər, Əli bəyin qızı Feyzavər xanım, istər Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş bəy, istərsə də Əhməd Cəfəroğlunun qızı Nazan xanım bizim üçün önəmli bir tarixin canlı şahidləridirlər.

Ümid edirik ki, Nazan xanımla bağlı daha geniş bir yazı ilə hüzurunuza gələcəyik.


Müəllif: Dilqəm Əhməd