***
İlk mətbəələr
Güney Azərbaycanda mətbəə üsulu ilə ilk çap prosesinə 1812-ci ildə Təbrizdə başlanılsa da, Qafqaz Azərbaycanında bu proses XIX əsrin ortalarından etibarən geniş yayılmağa başladı.
1889-cu ildə Bakıda 5 mətbəə və 1 tipolitoqrafiya, 1900-cu ildə isə artıq 16 mətbəə mövcud idi.
Mətbəə avadanlıqları alınsa da, naşirlərin ən böyük problemləri hərflərlə bağlı idi. Çünki rəsmi qəzetlər Kiril qrafikası ilə olduğu üçün Qafqazdakı mətbəələrdə ərəb hərfləri tapmaq çətin idi. Həmin qəzetlərin Azərbaycan dili ilə bağlı əlavələrində istifadə olunan hərflər isə bir işə yaramırdı. Ona görə də ilk mütəşəkkil qəzet olan “Əkinçi” çap edilərkən Həsən bəy Zərdabi İstanbulun “Babi-ali caddəsi”ndə mətbuat və kitab ticarəti sahəsində çalışan həmyerlilərinin dəstəyi ilə hürufatları əldə edə bildi. Özünün müstəqil mətbəə açmaq imkanı qalmadığı üçün Həsən bəy məcbur olub aldığı hərfləri Bakı quberniyasının mətbəəsinə satdı, qəzeti də orada çap edəsi oldu.
Ünsizadələrin uğuru
Həsən bəydən sonra bu işə şövqlə girişən növbəti şəxslər Ünsizadə qardaşları oldu. Belə ki, 1879-cu ildə “Ziya” qəzetini nəşr etmək üçün Səid Ünsizadə mətbəə açır. Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə hesab edilən bu mətbəədə “Ziya”nın 76 sayı çıxır. Ardınca “Ziyayi-Qafqaziyyə” qəzeti 1880-cı ildən etibarən çap olunur. Daha sonra isə Ünsizadə qardaşları “Kəşkül” jurnalını çap edirlər. “Kəşkül”ün redaktoru və naşiri Ünsizadələrin ortancılı Cəlal Ünsizadə olur. “Kəşkül”ün ilk nömrəsi 1883-cü ilin yanvarında çıxır. 11 saydan sonra jurnal qəzet formasında nəşrini davam etdirir. C.Ünsizadənin mətbəəsi “Mətbeyi-cərideyi Kəşkül” adlanırdı. Bu mətbəədə qəzet və jurnalla yanaşı kitablar da çap olunurdu. Füzulinin “Leyli və Məcnun”, Əsgər bəy Goraninin “Qocalıqda yorğalıq”, eləcə də Lermontovun əsərləri nəşr olunub.
“Qeyrət” dönəmi
Ünsizadələrdən sonra mətbəə və qəzet işinin bayraqdarı Məhəmməd Ağa Şahtaxtlı olur. Belə ki, Şahtaxtlı 1902-ci ildə Tiflisdə mətbəə açır, 1903-cü ildən “Şərqi-Rus” qəzetini çap edir. M.Şahtaxtlı borca düşdüyü üçün mətbəəsini satmaq qərarına gəlir. Həmin vaxt Şahtaxtlının yanında işləyən Ömər Faiq mətbəə başqalarının əlinə keçməsin deyə, ticarətçi dostu Məşədi Ələsgər Bağırovdan 7 min manat pul alaraq Mirzə Cəlilə verir. Beləliklə, mətbəə alınır və “Qeyrət” adlandırılır. Mətbəənin rəsmi müdiri Mirzə Cəlil olur. “Qeyrət”də çap olunan ilk kitab isə Ömər Faiqin “Nəşri-asarə dəvət” (“Əsərlərin nəşrinə dəvət”) əsəri olur. Bu əsər həm də Azərbaycan mətbəə və mətbuat tarixi haqqında ilk kitabdır. Ömər Faiq həmin kitabda yazırdı: “Bizim üçün istifadə və tərəqqi qapısı indilik, top, tüfəng və dinamit vasitəsilə aşılmaz. Biz bu gün ancaq hər qüvvətin, hər xahişin, hər fikrin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik. Maarif və mədəniyyətin bu gün ən birinci vasitəsi, ən qüvvətli naşiri isə kitab və qəzetlərdir – mətbuatdır”.
Ömər Faiq əsərində “Tərcüman” mətbəəsinin və eyniadlı qəzetin uğurlarını sadalayır. Haqlı olaraq yazır: “Bir “Tərcüman”la 30 milyon xalqın ehtiyacı görülə bilməz. Rusiyada ruslardan sonra çoxluğumuza görə bizə 5-10 deyil, 100 mətbəə, 1-2 deyil, 15-20 qəzet və jurnal lazımdır”.
Mətbəənin ilk elanında deyilirdi: “Tiflisdə “Qeyrət” mətbəəsi türkcə, farsca, ərəbcə, rusca və firəngcə hər növ kitab, məcmuə və hər cür tüccar və divanxana dəftər və kağızları ən gözəl hərf ilə çap edir”.
“Qeyrət”də ictimai-siyasi və dini kitablar, bədii əsərlər, pedaqoji ədəbiyyat, intibahnamələr, vərəqələr və təqvimlər, həmçinin rus, ərəb, fars dillərində tərcümə əsərləri də nəşr olunurdu. Ö.F.Nemanzadənin xatirələrindən bəlli olur ki, mətbəədə böyük çap maşını, bir “Amerikanka” maşını, 10 mürəttib işləyəcək qədər hərf və hərf kassaları olub. Maşınlar Moskvadakı “Modern” alman firmasından alınıb. Mətbəədə Mirzə Cəlilin “Poçt qutusu”, “Qurbanəli bəy”, "Usta Zeynal" hekayələri, Ə.Haqverdiyevin “Millət dostları” pyesi, Əhməd bəy Cavanşirin “Şeirlər məcmuəsi”, A.O.Çernyayevskinin “Vətən dili” dərsliyi və digər əsərlər çap olunur.
Tərcümə materiallarından Mirzə Melkum xanın “Məbdəi-tərəqqi”, “Şeyx və vəzir”, Ağa Mirzə Ələkbərin “Tərcümeyi-istifta”, Namiq Kamalın “Röya”, Rəşid bəy Əfəndiyevin tərcüməsi olaraq, Firdovsinin “Şahnamə”sindən “Rüstəm və Söhrab” hekayəsi nəşr edilir.
Bu mətbəənin ən böyük uğuru isə “Molla Nəsrəddin” jurnalının çapı olur.
“Qeyrət” mətbəəsi üç otaqda yerləşirdi. Mirzə Cəlilin yazdığına görə, birində mürəttiblər işləyir. Kiçik otaqda tək bircə çap maşını qurulmuşdu, digər otaqda da mətbəənin müdiri əyləşirdi: “Maşın əl ilə işləyirdi. O vaxt Tiflisdə elektriklə işləyən çapxana maşınları məhz böyük mətbəələrdə vardı ki, onlar da, söz yox, böyük pullara başa gəlmişdi. 6-7 min manatla qurulmuş olan “Qeyrət” mətbəəsinə elektriklə işləyən böyük maşınları gətirə bilməzdik”.
Digər mətbəələr
1901-ci ildə Bakı sosial-demkoratları gizli “Nina” mətbəəsini yaradırlar. Bu tip mətbəələrdə daha çox Çar əleyhinə olan vərəqələr, kitabçalar çap olunurdu. 1910-cu ildə Haşım bəy Vəzirov tərəfindən “Səda” mətbəəsi təsis edilir. 1911-ci ildə bu mətbəədə Nəcəf bəy Vəzirovun “Ağa Kərim xan Ərdəbilli” və “Vay şələkküm, mələkküm”, Yusif Vəzir Çəmənzəminlinin “İki hekayə” kitabları yayımlanır. Növbəti il Y.Vəzirin “Üç hekayə” kitabı çap olunur. Dönəmin mühüm mətbəələrindən biri də H.Z.Tağıyev tərəfindən açılan “Kaspi” mətbəəsi idi. 1904-cü ildə bu mətbəədə çap olunan Quranın təfsiri ilə bağlı kitaba görə Sultan II Əbdülhəmid Tağıyevi “Məcidiyyə” ordeni ilə mükafatlandırır.
Orucov qardaşları
İlk elektrikli mətbəəni açmaq isə Orucov qardaşlarına qismət olur. Belə ki, 1906-cı ilin yazında O.Orucov mətbəə açmaq üçün Varşavadan çap maşını gətirir. “Orucov qardaşlarının elektrik mətbəəsi” Nikolayevski küçəsində, Tağıyevə məxsus binada yerləşirdi. Mətbəədə Azərbaycan dili ilə yanaşı, gürcü, rus, fransız şriftlərinin də olması geniş imkanlar yaradırdı. Mətbəə yüksək texniki avadanlıqlarla təchiz edilmişdi. “Mille” markalı özüyığan maşın, “Frankental”, “Aqzburq”, “Amerikanka” markalı çap maşınları alınmışdı.
1907-ci ildə M.Ə.Rəsulzadə A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır?” kitabını burada nəşr etdirir. Üzeyir Hacıbəyovun 1907-ci ildə tərtib etdiyi, redaktoru M.Ə.Rəsulzadə olan “Mətbuatda istifadə edilən siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin “Türki-rusi və rusi-türki lüğəti” kitabı da bu mətbəədən yayımlanır.
Demək olar ki, dönəmin ziyalılarının əksəriyyəti bu mətbəə ilə əlaqədə olur. Bu mətbəədə Curci Zeydanın “Ərmənusə”, “Kərbəla yanğısı”, Daniel Defonun “Robinzon Kruzonun hekayəti”, L.Tolstoyun “İnsana çoxmu yer lazımdır?” (1908), “Rəhmanamı, yoxsa şeytanamı sitayiş etməli” (1910), Molyerin “Zorən təbib” (1912), Mark Tvenin "İyirmi beş milyonluq çek", Armin Vamberinin “Əmir Teymur” kitabları çap edilir.
Cümhuriyyət və Sovetin ilk illəri
Çar dönəminin süqutu ərəfəsində mətbəə sistemi də zərər görür. Ermənilər Bakıda qətliam və dağıntı törədərkən “Kaspi” və bir sıra mətbəələri yandırırlar. Bu baxımdan Cümhuriyyətin elanından sonra hökumətin qarşısına qoyduğu məqsədlərdən biri də mətbəələrin bərpası və mətbəə işçilərinin mənafeyinin düşünülməsi olur.
1919-cu il mart ayının 20-də Orucov qardaşlarının bolşeviklər tərəfindən müsadirə edilmiş, sonralar hökumətin sərəncamına keçmiş mətbəəsinin pulunu ödəmək üçün Xalq Maarif Komissarlığına 468 380 manat pul ayrılması haqqında qanun qəbul edilir.
3 avqust 1919-cu ildə isə hökumət mətbəələrində işləyən mütəxəssislərin, çapçıların, sinkoqrafların və başqalarının orduya çağırışdan azad edilməsi haqqında qanun çıxarır.
Sovetin ilk illərində isə mətbəələrin vahid mərkəz tərəfindən idarə edilməsi gündəmə gəlir. 1920-ci ilin iyun ayında İnqilab Komitəsi bütün nəşriyyat işlərini Xalq Maarif Komissarlığının yanında mərkəzləşdirmək haqqında dekret verir.
Yeni yaradılan Azərbaycan Dövlət Nəşriyyatı Şöbəsi 1920-ci ildə 63 min tiraj, 1921-ci ildə isə 14 adda 167 min nüsxə tiraj kitab nəşr edir. 1924-cü ildə isə 753500 nüsxə tirajla 69 adda kitab buraxılır.
Yeni hökumət getdikcə nəşriyyata pul ayırırdı. Çünki yeni rejimin təbliği üçün bunlar vacib idi.
1927-1928-ci illərdə nəşriyyat işinə 29 milyon, 1929-1930-cu illərdə is 42 milyon manat ayrılır. 1927-ci ildə latın əlifbası ilə 126 adda 479250 nüsxə tirajla kitab çap edilir.
Azərbaycan Xalq Komissarları Soveti 1927-ci ilin yanvarında “Azərnəşr”lə “Bakı fəhləsi” kooperativ nəşriyyatının birləşdirilməsi haqqında qərar qəbul edir və bununla da “Azərbaycan Dövlət Nəşriyyatı” yaradılır.
1929-cu ildə respublikada 997 adda 2961700 nüsxə kitab çap olunur ki, bu 1920-ci illə müqayisədə 30 dəfədən çox idi.
Beləliklə, Azərbaycanda peşəkar nəşriyyatın qurulması Sovetlərin ilk dövrünə təsadüf edir. Çünki gərgin işləyən mətbəə hər gün sayı artan təbliğat qəzetləri, jurnalları və kitabları üçün lazım idi…