Yaxından tanıdğım yerlərdən və adamlardan yazmağa utanıram çox vaxt. Bəlkə də peşə fəaliyyəti dövründə iki, ya üç belə yazı olub ümumilikdə. Niyəsini öyrənmək istəyən olsa, deyim bilsin, cəmiyyət və insanlar səmimiyyətinin qarşılığını şübhə ilə verir bəzən. Amma sən də çox az-az yazdığın nəyəsə illər sonra qayıtmaqla həm də onlara demək istəyirsən ki, bu sizin o demək istədiyiniz deyil...
Bu, sadəcə “yaxşı olan nəyəsə, kiməsə gerçəkdən yaxşı olduğunu demək lazımdır” istəyindən doğan bir ədalətdir... Bu gün onun günüdür - “Yeni Müsavat”ın. Əslində yəqin ki, onlara dost olan hər kəsin günüdür.
Sadalamağa ehtiyac olmayan məlum qovğalardan, mübarizələrdən, üsyanlardan keçib “Yeni Müsavat”. Bir də ona görə doğma gəlir ki, orda çoxlu “uşaqlar” var. Bizim uşaqlar. Bizim illərin uşaqları. Qoca baba, nənə olanda da, yəqin, bir-birimizə ”bizim illərin uşaqları” deyəcəyik.
Azər Ayxan, məsələn, indi tələbə atasıdır. Zamanında ona “cığal” deyirdim. Hə, centlmenliyi vardı, amma həm cığal idi, bir az da kəmhövsələ. Arada adamı cırnadıb, ağlatmağı da var idi, sonradan könül almağı da.
Ələsgərin ən çox işlətdiyi söz “yoxdur”du məncə... Yəni bütün maliyyəçilər kimidir dili. Əlində olanı hamıyla bölə bilir ehtiyac yaranan kimi. Özü də bu bölgünü elə aparır ki, onun qərarı kimsədə şübhə doğurmur...
Zahid yazar deyil təkcə, həm də “doxdurdur”. Sakit, öz işini bilən və görən yaxşı bir “doxdur”...
Nazim Sabiroğlu elə qəbil adamdır ki, üzünə illərlə baxarsan, səndən xoşu gələr, ya zəhləsi gedər, bəlli eləməz. Yəni yazar kimi dəyərli keyfiyyət sahiblərindəndir. Dost kimi bu keyfiyyəti sevə bilmirəm, amma ona dəyər verməkdən də vaz keçmək olmur...
Elşad Məmmədli mənim “mənəvi oğul” dediyim adamdır. Baxmayaraq, yaşda məndən böyükdür, davalarımız düşdümü, qarşımda susan istedadlı insanımdır.
Xalid Kazımlı hocadır. Sözün həqiqi mənasında. İllərin Xalid abisidir. Onda hələ öyrəniləcək çox şey var. Yeni nəsl jurnalistlər üçün “gəzən ensiklopediya”dır...
Elşad Paşasoy bizim illərin uşaqlarındandır. Ağlım kəsəndən başı siyasi qalmaqallı müsahibələrə qarışıb, bir də bizim parlamenti bir-birinə vurub bəzən...
Sevinc Telmanqızı “böyümür ki, böyümür”... Yaş fərqi çoxuyla eynidir. Di gəl, elə ən balaca qızımızdır. Məncə, bu “balaca qız” statusu onun jurnalistikadakı digər uğurlarından heç də əskik deyil...
Aygün Muradxanlı “Hasandır, Hasan”... Yəni ən stajlı, ən ərköyün, redaksiyaya aid bütün mətləbləri bilən...
Hələ Həmid Herisçi də var. İllərin yazarı, istedadlı adamı...
Məhəmməd Türkmənlə “Yeni Müsavat” arasında cəmi bir yaş fərq var deyəsən. Yəni belə desək, qaçhaqovdadırlar... Məhəmməd həm də bu qaçhaqovda bütün gördüklərini fotoyaddaşa köçürür ki, kimsə və nəsə diqqətdən kənarda qalmasın. Çünki “bir də gördün fotodur insan”...
Diqqətdən kənarda qalmayacaq qədər vacib təvazökar Elşəni, Etibarı, Cavanşiri , Xalidəni, Əlini, Könülü, Kənanı, Məğruru, Nərgizi, Ayşəni, Müşfiqi də unutmaq olmaz...
Hələ daha kimlər var... kimlər?!.
Kimlər gəldi, kimlər getdi?!. sualı var bir də...
O qədər çox ad var ki, saymaqla bitməz. Təkcə başqa müəssisələrə gedənləri demirəm... Dünyadan gedənləri də var “Yeni Müsavat”ın... Bir də onu ayaqda tutan, bəlli gərgin günləri geridə qoyub bu günəcən gəlməsinə dəstək olar minlərlə oxucu, izləyici, hər gün xəbəri ondan alanı var...
Bu onun olanıdır. Cəmiyyət, toplum, ölkə olaraq o da tək özünün deyil. Azərbaycan adlı bir məmləkətin yaxşı ki, ”Yeni Müsavat”ı var...
“Yeni Müsavat” dost deyib qucaq açdığı adamların dar gününün qənimidir. Adama inanıdığı, sevdikləri badalaq gələndə onun qolundan bərk yapışıb yıxılmağa qoymayandır. “Qorxma, həyat bu” deyə biləndir. Özünə inanmadığın halda, var olduğunu isbatlayandır.
Qaldı fərdi olaraq mənə. Ki, “Yeni Müsavat” mənim üçün nə ifadə edir? Bura mənim tribunamdır. İllər öncə “Azadlıq” qəzetində böyüyüb kimsə olan məni itib sıradan çıxmağa qoymayandır. Lap hündürə çıxarıb ordan adamlara təqdim edəndir. Söyüləndə səbir diləyən, haqsızlığa uğrayanda özünə inan deyəndir. Arxamda durdu, uğur qazananda əlimi sıxdı, daha böyük müvəffəqiyyət dilədi. Yəni dostdur, yaxın bir dost.
“Yeni Müsavat”ın bugünkü media qurumlarının çoxunda görmədiyim bir fərqliliyi də var. İnsan kapitalına həssasdır. İllərdir ətrafında cəm etdiyi böyük bir insan ordusunu, kapitalını xərcləməkdən hər zaman imtina edir. Bu kapital toxunulmazdır. Ta ki, insan uzaqlaşmaq qərarını özü verənə və ya toxunulmaz olan prinsipləri ayaqlayana qədər...
Buna da Rauf Arifoğlu, ya da elə “Yeni Müsavat” üsulu deyək...
Bir də 28 yaşlı “Yeni Müsavat”a Azərbaycan mətbuatı tarixində yazdığı tarixə, açdığı yola görə “çox sağ ol” söyləyək. Bayramınız, bayramımız mübarək dostlar!..