Əziz, Mirzə Fətəli.
Məlumun olsun ki, bir zamanlar sən Osmanlı sarayından naümid qayıtdığın kimi, mən də hər gün Bakıda sənin adını daşıyan milli kitabxanadan eyni ümidsizlik içində evə dönürəm.
Səbəbini deyim.
Mən hazırda Bakının Binəqədi qəsəbəsindəki həyət evimdə bilgisayarın önündə əyləşib İstanbuldakı Atatürk kitabxanasının arxivindəki bizə aid yüzlərlə kitabı rahat şəkildə oxuyur, kompüterimin yaddaşına yükləyir, texnologiyanın verdiyi bu imkandan ləzzət alıram.
Amma Bakıdan Bakıya sənin adını daşıyan kitabxanadakı xalqın sərvəti, xalqın malı olan kitablara giriş imkanı əldə edə bilmirəm. Mənə şərt qoyurlar ki, mütləq şəkildə elektrik stansiyalarının fəaliyyətinə də zərbə vuran bu qovurucu istilərdə məhz kitabxananın özünə gedim, məhz boğucu havada o kitabxananın bilgisayarında əyləşim və orada oxuyum. Niyə?
Səbəbini deyim.
Çünki sənin adını daşıyan kitabxananın bilgisayarında əyləşdiyim zaman oxuduğum kitabdan, qəzetdən qeyd götürərkən mütləq şəkildə qədim dövrlərdəki kimi əziyyətlə dəftərə yazmalısan. Çünki telefonunla və ya fotoaparatınla monitordan şəkil çəkməyə icazə verilmir. Sən də məcbur qalıb lazımi materialları “print” edirsən.
Bu zaman isə cibindən ən azı 5 manat pul sərf etməli olursan. Üstəlik sənə lazım olan bir kitab kitabxananın arxiv bölməsindədirsə, sən mütləq şəkildə yenə ya qədim dövrlərdəki kimi bloknotunda qeydlər aparmalısan, ya da ki öz noutbukunu gətirib orada çalışmalısan. Arxiv bölməsində də sənə kitabların telefonla şəklini çəkmək qadağandır. Niyə?
Səbəbini deyim.
Çünki sən həmin kitabı telefonla çəksən, surətini çıxarmağa ehtiyacın olmayacaq, cibindəki manatları dolanışığın üçün sərf edəcəksən. Halbuki, sənin naümid qayıtdığın İstanbuldakı milli kitabxanada kitab və qəzetdən fotolar çəkməyə nəinki icazə verilir, hətta oxucunun, tədqiqatçının rahatlığı üçün fotoaparat da verilir.
Mən iki il ərzində bu kitabxanada Azərbaycan tarixinə aid yüzlərlə məqalənin fotosurətini çıxarmışam. Amma öz milli kitabxanamızda kitabın şəklini çəkməyə icazə verilmir.
Əgər məqsəd kitaba ziyan vurmamaqdırsa, əvvəla foto çəkməklə kitaba ziyan dəymir. Əksinə arxivdəki bir nüsxə kitablar hər dəfə surətçıxarma maşınına salındıqda vərəqlərinə zərər dəyir. Demək ki, məqsəd aydındır. 5-10 manat surətçıxarma puluna görə kitabların şəklini çəkməyə icazə verilmir, elektronlaşdırılmış qəzet və materiallara çıxışa qadağa qoyulur.
Əgər mənim hər dəfə kitabxanaya gedərkən, 5-20 manat arası xərcim çıxacaqsa, bunun harası kütləvi, ödənişsiz kitabxana olur? Nəyə görə anl.az saytında bir onlayn kitabı oxuyanda ancaq 3 səhifəyə qədər icazə verilir? Hansı dövrdə yaşayırıq? Mən Binəqədi qəsəbəsindəki evimdə Fransa arxivlərindən Topçubaşovun kitabını pulsuz bilgisayarıma yükləyə bilirəm, amma 1930-cu illərdə Bakıda çıxmış bir kitabı oxumaq üçün qovurucu istilərdə kitabxanaya qədər getməyə məcbur edirlər.
Niyə axı?