Mirzə Cəlil “Danabaş kəndinin əhvalatları”nı bitirəndə cəmi 28 yaşı vardı.
Bu əsər bu yaş üçün əsrarəngiz görünür.
Bir insan ürəyində bu qədər ağrı yaşayıb sonra onu misilsiz bir ustalıqla kağıza köçürmək...
Bu əsər istisnasız şəkildə Azərbaycan nəsrinin zirvəsidir.
Elə Mirzənin özünün də...
Mirzə bu dünyada çox yaşamadı.
Amma az da yaşamadı.
66 il...
Heç zaman “Danabaş kəndinin əhvalatları” qədər ucala bilmədi.
Bəlkə pyeslərində xüsusən də “Dəli yığıncağı”nda yaxınlaşdı...
Amma bədii məzmun etibarı ilə hansı pyes bir romanı üstələyə bilər ki...
Burda balaca bir haşiyə çıxaq.
Son zamanlarda bizdə bir ədəbi tendensiya hiss olunur.
Nizamiyə romançı demək...
Ya da “Danabaş kəndinin əhvalatları”nı roman adlandırmaq...
Sovet dövründə də “Bahadır və Sona”nı ilk roman hesab edirdilər.
O dövrün romanlarını xatırlayaq.
Misal üçün elə, “Danabaş kəndinin əhvalatları” ilə eyni illərdə çap edilən Tolstoyun “Dirilmə”sini...
Həcm məsələsi var, süjetin gedişatı var, obrazlar sistemi var, hadisələr var.
“Danabaş kəndinin əhvalatları” XX əsrfin sonlarında, 1894-cü ildə qələmə alınıb, ona görə də o povestdir.
Tolstoy “Sergi ata”nı roman adlandırmamışdı.
Eləcə də Nizami Gəncəvinin dövründə ümumiyyətlə dünyada roman anlayışı yox idi.
Bu konteksdə hər bir əsəri öz dövrünün ruhuna uyğun təhlil etmək gərəkdir.
Haşiyəmizi bağlayıb əsərə keçək.
“Danabaş kəndinin əhvalatları” povesti haqqında Mirzə Cəlil iki söz deyib.
Daha doğrusu birini o deyib, birin də başqa konteksdə, öz məqaləsində deyib, mən onun boynuna qoyacam.
“Gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur”.
Belə demiş, Cəlil...
“Danabaş kəndinin əhvalatları” da bu matəmgahın təsviri idi, bir qadının simasında xalqımızın, mədəniyyət və mənəviyyatımızın zorlanması, onun məhv edilməsinin ən tragik bir salnaməsidi idi.
Mirzə Cəlil bu məqaləsini 1909-cu ildə, ədəbi salnaməsini yaratdıqdan 15 il sonra yazmışdı.
Mirzə sadəlövh adam deyildi, bəlkə də çox ayıq adam idi.
Asif Ata demişkən: “Kefli İsgəndəri anlamadılar, çünki kefli idilər, aralarında bircə ayıq adam var idi-Kefli İsgəndər!”.
Elə o zaman da Mirzə hamıdan ayıq idi.
Bir də öz dediyi var.
Dostuna yazdığı məktubda oxuyuruq: bir əsər yazmışam, inanmıram oxuyan ola...
O bu dünyaya oxunmamaq üçün gəlmişdi.
Anlamaq dərdi ilə yox anlaşılmamaq dərdi ilə gəlmişdi.
Ona görə Molla Nəsrəddinin ilk nömrəsində belə yazırdı: Sözü o kəslərə de ki, sənə qulaq verməsinlər...
Mən amma axmaqcasına inanıram.
Səni anladığımız günlər gələcək.
Mütləq gələcək...