Faciədən danışacam, lətifəylə başlayım.
İki dost televizorda dağın zirvəsinə qalxmaq istəyən alpinistin dramını izləyir. Filmə baxa-baxa hər ikisi həyəcan keçirir: "Görəsən, adam zirvəyə dırmaşa biləcəkmi?"
Alpinist yarı yolda həlak olur. Hər iki tamaşaçı köks ötürür, heyrətlənir, təəssüflənir. Bu vaxt biri o birisinə deyir: "Mən bu filmə baxmışdım..." Dostu təəccüblə soruşur: "Bəs onda niyə həyəcanlanırdın?"
Və cavab alır: "Düşündüm, bəlkə bu dəfə alpinist dağa çıxa bildi..."
Əlbəttə, böyük ümidə və tamaşaçı zövqünə işarə vuran bu zarafatı "bolkalayan" bir həqiqət var: Filmləri də eynən kitablar kimi dəyişmək olmur.
Ötən gün bir dostumla Opera və Balet Teatrında iki böyük sənətkarın - Məhəmməd Füzuli və Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" əsərinin tamaşasına gedəndə alpinistin bu dəfə zirvəyə dırmaşacağı həddində Leylinin bu dəfə Məcnuna qovuşacağına ümid eləmirdim, hərçənd yazılmış bəddi mətndən və çəkilmiş filmdən fərqli, rejissorun səhnə əsərinə yeni yozum vermək ixtiyarı və imkanı var.
"Leyli və Məcnun" operasına səhv eləmirəmsə, üçüncü dəfə baxırdım, dostum Sarvan Kərimovun da dediyi kimi, səhnə dekorasiyaları yaxşıya doğru əməllicə dəyişib, mavi rəngin bəzən tündləşən, bəzən açılan çalarları, işıqlanma opera əsərinin ümumi ruhuna yeni təravət qatırdı. Tamaşaya balet elementinin əlavə olunması, simvolikadan istifadə (Məcnunun Leyliyə qızılgül verməsi, gülün yerə düşməsi), bütövlükdə səhnə tərtibatı “salon əhli”nə yeni və fərqli təəssürat vəd eləyirdi.
İfaçılar da təzəydi, gəncidi - Məcnun əməkdar artist İlkin Əhmədova, Leyli Arzu Əliyevaya tapşırılmışdı.
Şəxsən mənimçün etiraz doğuran məqam bütövlükdə opera tamaşasına verilən ideya istiqamətidi.
İki aşiqin opera dastanı QƏTİYYƏN ölüm və qurbanverməni oxumur və göstərmir. Füzuli və Hacıbəylinin dahiliyi bu əsərdə böyük məhəbbət, əbədi insan canatımı, hətta uğursuzluğa düçar olub, ölümlə sonlansa belə, daim yaşamağa iddia edən sevgini çatdırır.
Düzdü, Arzu Əliyevanın Leylisində həyat ştrixləri, şıltaq qız jestləri hərdən nəzərə çarpırdı, hətta bəzən şəhər gəzintisinə çıxan yuxarı sinif şagirdini seyr edirdik sanki... Ancaq bütövlükdə əsər öz bəlli məzmununda, bir az dəqiq desək, ənənəvi dairəsində dolanır və dolaşırdı. Hər iki aşiq ölməyə hazırlaşırdı, bəlkə elə ona görə həm Arzu Əliyeva (Leyli), həm də İlkin Əhmədov (Məcnun) bütün istedadlarını sona - ölüm səhnəsinə sərf eləyəsi oldular.
Yox, mən bununla – bu quruluşla, bu yozum və traktovkayla razı deyiləm!
Hələ onu demirəm ki, Leylinin yataqda, Məcnunun qəbir üstə son çırpıntıları fiziki ağrıların nümayişi qədər təsirliydi, artıq deyildi... Bu məqamda ifanın, musiqi müşayiətinin özü də üz cizgilərinə, mimikalara, bədən qıvrılmalarına bir cismanilik gətirirdi.
Leyli ölüm anında daim həmdəmi olmuş şama doğru sürünür - bu, gərəkli tapıntıdı, qeyd eləməyə dəyər. Leylinin əli işığa çatmır və ölür.
Məcnunu isə qəbiristanlıqda Zeyd müşayiət edir. Bu da maraqlıdı. Ancaq Leylinin qəbri üstündəki səhəngdə su yoxdu. Zeyd məhz su dalınca gedir, beləliklə, Məcnunun ölümü özünün səhnə həllinə qovuşur: o, ciyəri yana-yana can verir.
...Nədənsə mən bu məqamda səbirsizcə rejissor müdaxiləsini gözlədim. Dedim, indi Leyli bəlkə yuxu kimi səhnəyə çıxacaq. Ya Məcnunla Leyli ölümdən sonra görüşəcəklər. Rejissorun yuxusu kimi... Siz yuxu görmürüsünüzmü, əcəba?
...Tamaşaçının istədiyinin əksinə, səhnədə bu dəfə də qırmızı pərdələr qovuşdu... Baş qəhrəmanlar və musiqiçilər - Leyli və Məcnun, tarzən və kamançı səhnəyə qayıtdı.
Rejissor yenə yoxudu.