26 Avqust 2014 18:33
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış yazar Rasim Qaraca öz “Facebook” səhifəsində “Qanun” nəşriyyatını tənqid edib.

O, nəşriyyatı Çarlz Bukovskinin “Qadınlar” kitabını yenidən nəşr etməkdə günahlandırıb: "Bu günlərdə “Qanun” nəşriyyatı vaxtilə Alatoran Yayınlarında çıxmış Çarlz Bukovskinin "Qadınlar" kitabını nəşr edib. Məncə, yeni tərcümə olsa belə, bu hal naşirlik etikasına ziddir və “Qanun” nəşrlər evinin bu hərəkəti ictimaiyyət tərəfindən qınanmalıdır”.

Məsələ ilə bağlı “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ilə əlaqə saxladıq. O, ittihamların yersiz hesab etdi: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Bu barədə çox danışmaq istəmirəm. Qanunsuz şəkildə qeyri-rəsmi nəşrlər buraxırlar, sonra da bizim adımızı hallandırırlar. Çarlz Bukovskinin də, Sergey Dovlatovun da, Oşonun da müəllif hüquqları bizdədir. Bu müəlliflərə qonorar ödəmişik.

Mən başqalarının haqqı çatan kitabları nəşr etməmişəm. Əksinə, onlar bizim kitablarımızı nəşr ediblər. Necə ola bilər ki, mən Dovlatovun qızı ilə danışıqlar aparıb, müəllif hüquqlarını alıram, ancaq başqa nəşriyyat bunu çap edir. Bu, artıq etik məsələ deyil, birbaşa hüquq məsələsidir. Ancaq bu məsələ ilə bağlı onlara bir dəfə də olsun söz deməmişəm. Onların mənə etiraz etməsi doğru deyil axı”.

Şahbaz Xuduoğlu Rasim Qaracaya görə Sergey Dovlatovu çap etməkdən imtina etdiyini dedi: “Mən Dovlatovun “Çamadan”ını çap etmək istəyirdim. Ancaq gördüm ki, onlar qabağa düşdülər. Dedim eybi yox, xərc çəkiblər, qoy bazarda yaysınlar. Biz haqqı bizdə olmayan kitabı nəşr etmirik”.

/1937.az/


Müəllif: