FAKT
"Dünən Azərbaycan Cümhuriyyətinin işğal edilməsindən 94 il ötdü. Ölkə kommunistləri Nərimanovun heykəlinin ətrafına yığışaraq bu günü inqilab kimi qeyd etdi".
ŞƏRH
Dünən ölkə kommunistləri N. Nərimanovun heykəlini ziyarət edərək önünə gül dəstələri düzüblər. 28 aprel gününü isə inqilab kimi dəyərləndiriblər.
N. Nərimanov Azərbaycan siyasi tarixinin ən ziddiyyətli şəxslərindən biridir. Azərbaycanda sovet hökuməti qurulandan sonra Nərimanov şəxsiyyəti önə çıxsa da, tezliklə əqidədaşları onu zəhərləyərək öldürdülər. Zatən Nərimanovun özü də əsərlərində daxili çarpışmaları qeyd edib, hökumət içində nə cür iyrənc çarpışmaların olduğunu açıq şəkildə göstərib. Oğluna məktubunda yazırdı: "İndi mən bu sətirləri sənə yazarkən iş o yerə çatıb ki, Lenindən sonra özlərini onun "qanuni varisləri" adlandıranların dövləti idarə etməyi bacarmamaları nəticəsində əmələ gəlmiş böyük nöqsanlarımız barədə kommunistlər öz aralarında da danışa bilmirlər".
Bu gün biz Nərimanovu daha çox yazıçı kimi qəbul edib, siyasətçi kimliyini Cümhuriyyətçilərlə müqayisədə arxa plana atırıqsa, obyektiv tarix anlayışı baxımından yanlış iş görmüş oluruq. Əgər dönəm Nəsib bəy Yusifbəylini bir tərəfə, Nərimanovu başqa bir cinaha atmışdısa və sonucda hər iki tərəf məğlubiyyətə düçar olmuşdusa, əsas düşmənin kim olduğu artıq bəllidirsə, hər şeyi olduğu kimi yazmalıyıq.
Dünən Nərimanovun Nəsib bəy Yusifbəyliyə yazdığı məktubun mətninə bir daha baxdım. Nərimanov yazır: "İngiltərə təkcə Türkiyənin deyil, habelə bütün müsəlman aləminin tarixən qəddar düşmənidir. Biz müsəlman kommunistləri də bunu müsəlman kütlələrinə deyirdik və indi də deyirik. Lakin müəyyən bir vaxtdan sonra siz ingilislərə nəinki düşmən münasibəti bəsləmədiniz, əksinə, onlara o qədər yaxın dost oldunuz ki, özünüzün xəbəriniz olmadan istiqlaliyyətinizi itirdiniz".
Doktor cümhuriyyətçiləri İngiltərə, İtaliya ilə əlaqə qurmaqda suçlayırdı. Artıq cümhuriyyətçilərin pantürkizmdən, panislamizmdən danışmalarının boşa olduğunu yazırdı. Eyni zamanda Sovetlərin gücünə arxayın idi:
"Lakin əmin olun ki, Denikini, Gürcüstanla birlikdə siz yox, Sovetlər Rusiyası əzəcəkdir. Kolçak darmadağın edildi. Tezliklə Denikinin də axırına çıxılacaqdır. Sovet hakimiyyətinin qüdrətli qolları tamamilə açılacaqdır".
Nərimanov bu məsələdə haqlı çıxdı. Sovetin qolları nəinki açıldı, Azərbaycanı işğal etməyə qədər uzandı. Qalib gələn isə nə Nəsib bəy, nə də ki doktor oldu. Amma bu dünən üçün keçərli idi.
Bu gün isə tarix Nəsib bəyin və cümhuriyyətçilərin qalib gəldiyini göstərdi. Çünki bir zamanlar Bakını düşməndən əsgər kimi azad edən, sonralar isə Türkiyədə professor ünvanı qazanan Əhməd Cəfəroğlu yazacaqdı: "Türkün yurdu türk tarixində bir çox 27 nisanlar yaşamış, lakin heç vaxt idealını qeyb etməmiş, istiqlaliyyətini unutmamışdır".