29 Avqust 2014 10:23
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrokuboklar, milli komandaların turniri, Topaz Premyer Liqasının oyunları deyərkən bir də baxdıq ki, artıq Azərbaycanda qızğın futbol mövsümü başlayıb. Biz, yəni idman mətbuatının nümayəndələri, idman ictimaiyyəti və azarkeşlər artıq bu mübarizənin içindəyik.

Bəs yaxşı, görəsən futbolun belə qızğın bir vaxtında Premyer Liqamızın iştirakçıları olan klubların və təşkilatçı qurumların - AFFA və PFL-in olayları işıqlandırmaq, mətbuatla əlaqələr baxımından fəaliyyətləri hansı durumdadır?
Sözün açığı, bu sual məni də maraqlandırdığı üçün kiçik bir monitorinq aparmaq qərarına gəldim.

Əvvəlcə AFFA-nın rəsmi saytını ziyarət elədim. Hər gün mütəmadi şəkildə yenilənən sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Ölkə futbolu ilə bağlı ən güncəl xəbərlərin yer aldığı saytda bundan başqa bütün yaş qrupları üzrə milli komandalar və aşağı yaş qrupları üzrə keçirilən ölkə birincilikləri haqqında məlumatlar var. Qısa gəzintidən belə qənaətə gəlmək olar ki, ali futbol qurumumuzun saytı qənaətbəxş və işlək vəziyyətdədir.

PFL-in rəsmi saytı da üç dildə fəaliyyət göstərir. Topaz Premyer Liqasının, 1-ci Divizionun və əvəzedicilərin çempionatlarının bütün oyunları haqqında xəbərlərin mütəmadi və operativ şəkildə yeniləndiyi saytda oyunlardan video və foto görüntülərə də baxmaq mümkündür. Doğrudur, bəzi videolar, açıqlamalar onlara sərf eləyən şəkildə montaj edilərək yerləşdirilsə də, ümumi götürəndə saytın fəaliyyətini müsbət qiymətləndirmək olar.

Çempion "Qarabağ"ın rəsmi saytı da işlək və operativ saytlardandır. Son məlumatları gözdən qaçırmayan saytda foto və video qalereya da var ki, burdan ötən mövsüm çempionluq yarışında vurulan qollara və maraqlı epizodlara yenidən baxmaq olar. Dünya futbolu və Azərbaycan futbolu bölmələri haqqında isə eyni sözləri demək çətindir.

Milli komandamız haqqında ən son məlumat ABŞ-a yenilməyimizdir. Əlavə bölmələrin də yenilənməsi işinə məsuliyyətlə yanaşsalar pis olmaz.

"İnter"in saytı da işlək və operativ vəziyyətdədir. Yeni xəbərlər, turnir cədvəli, müxtəlif statistikalar, uşaq futbol məktəbi haqqında məlumatlar və digər bölmələr daim yenilənir. Foto və video qalereya da istifadəçilər üçün maraqlı bölmələrdəndir.

Ötən mövsümün bürünc mükafatçısı "Qəbələ"nin saytı da operativliyə görə digərlərindən geri qalmır. Oyunlardan sonra oyunçulardan alınan qısa müsahibələr, qarşılaşmalardan video görüntülər davamlı yenilənərək ziyarətçilərin istifadəsinə verilir.

"Neftçi"nin saytında məlumatlar daim yenilənsə də, saytı gəzdiyim zaman xəbərlərin açılması ilə bağlı nəsə problemin olduğunu müşahidə elədim. Manşetdəki xəbərlərin açılmaması xaricində qalan digər bölmələr qaydasında işləyir.
"Bakı" futbol klubunun rəsmi internet səhifəsi də yaxşılar sırasındadır. Saytda daim klub haqqında yeni xəbərlər yerləşdirilir, video arxiv bölməsi var, turnir cədvəli və digər oyunların nəticələri də mütəmadi yenilənir.
"Xəzər Lənkəran", "Simurq", AZAL, "Sumqayıt" və debütant "Araz Naxçıvan"ın saytları da yenilənmə ardıcıllığına görə yaxşı vəziyyətdədir.

Müşahidələrimdən belə nəticə hasil oldu ki, klublarımız idman fəaliyyəti baxımından hələ peşəkarlıqdan xeyli uzaq olsalar da, informasiya mübadiləsi və mətbuatla əlaqələr baxımından yaxşı vəziyyətdədirlər. Bunun üçün klubların mətbuat xidmətlərində fəaliyyət göstərən həmkarlarımıza minnətdar olmalıyıq.


Müəllif: Zaur Xudiyev