1 Aprel 2019 22:58
1 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən yaxın qan qohumun bir cinayətə bulaşanda, əxlaqsızlıq bataqlığının içinə girəndə, sənə çirkab atmır, cinayətinə şərik etmir, amma səni toplum qarşısında utandırıb, mənən öldürür.

Xalq artisti Mələkxanım Əyyubovanın kiçicik mövqeyində təkcə utanmaq yox, əzab yox, sarsıntı yox, mənən ölmək yox, həm də qan bağlarından dərhal qopmağa səmimi bir üsyan vardı.

Ünlü adamların kimliyi, titulları öz doğmalarının sirrinin faş olmaması, ictimai qınaqdan qorunmasında güclü zirehə çevrilə bilmir.

Bəzən də olur; amma Mələkxanım Əyyubova vəzifəsinə, ad-sanına görə güclü neçə-neçə kişidən fərqli olaraq, adı iyrənc əməllərdə keçən yaxınlarını qorumaq üçün nüfuzunu , hörmətini, titullarını zirehə çevirmədi. İmtina etdi, doğmalıqdan sildi; onun adına zərbə vuran idbar, vahim, biabırçı hərəkətlərin sahiblərinə ən kəskin cavabı verdi.

Bir maddi yoxsul, səfil, eyni zamanda cahil və nadan kiminsə cibinə girər, oğurluq edər, əxlaqsız olar, başa düşərsən - aclıq, amansız ehtiyac onu arzuolunmaz əyri yollara sürükləyir; bisavadlığı şüurunu gücsüzləşdirir deyə, cinayətə bulaşdığını, ləyaqətsizliyini idrak etməyə zorlanır.

Amma səfalət nə olduğunu bilməyən, ali təhsil pilləsi görən, hörmətli nəslin içində yetişən bir gəncin qeyri- əxlaqi metodlarla dələduzluq, yaxud şantaj yolunu seçməsini, Azərbaycan qızının çılpaq videosunun hazırlanıb, yayılmasında şəriklik etməsini anlamaq o qədər də asan deyil.

Çünki bəzi insanlar üçün yazılmamış əxlaq qanunları var ki, nüfuzlu bibiyə, xalaya, ataya, əmiyə, dayıya görə mənəvi qanunlara tebeçilik məcburiyyəti daşıyırlar. Ailə böyüyü, nəsil böyüyü, özü də bu böyük hər zaman cəmiyyətin gözləri qabağında olan birisidirsə, etimad və hörmətinin ciddi cat almamasında doğma ətrafın üzərinə böyük məsuliyyət düşür...

Mələkxanım Əyyubova oxutduğu, çörək verdiyi qardaşı, bacısı uşaqlarının meşşan təbiəti, iyrənc əməlləri üçün məsuliyyət daşımır-doğrudur, amma xəcalət çəkir.

Titullarını itirmir, səsini itirmir, amma hörməti, nüfuzu üçün həyəcanlanır. Haqlıdır! Çünki toplumun kinayəsini, ictimai tənqidləri dəf etmək asan deyil. Soyadlarına düşən ləkələr onun sənətini əlindən almır, amma etibarını yerlə bir edir. Mənəvi naqisliklər, cinayətə gedib çıxan xətalar, hər zaman yüksək tribunalara qalxan nüfuzlu bibinin, xalanın, atanın, ananın, hörmətli əminin sözünün çəkisini azaldır, onların bilik və təcrübəsindən, dayandığı məqamdan cəmiyyətə gələcək xeyirə ictimai şübhə yaradır. Mələkxanım Əyyubova buna layiq deyildi. O, hər həftə Muğam Müsabiqəsində xalqının qarşısına çıxacaq. Hər dəfə keçirəcəyi hissləri təsəvvür etmək çətin deyil!..


Müəllif: Jalə Hüseynova