23 İyun 2019 21:37
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda bir neçə seçkiyə şahid olmuş şəxs kimi ilk dəfə idi ki, bu qədər coşqu görürdüm.

İlk dəfə idi ki, bir-birini tanımayan insanlar küçədə, gəmidə, metroda “hər şey çox gözəl olacaqmı?” deyə soruşurdular.

Çay evlərində, marketlərdə, lokantalarda ancaq Əkrəm İmamoğlundan danışılırdı.

Və nəhayət bu seçkidə ilk dəfə insanlar kütləvi şəkildə tətillərini yarıda qoyub İstanbula səs vermək üçün axışdılar.

Əkrəm İmamoğlunun qalib gəlməsinin əsas səbəbi onun özü oldu. Məhərrəm İncədən fərqli olaraq o, təkcə CHP-nin namizədi yox, narazı olan böyük əksəriyyətin liderinə çevrilə bildi. Bu isə onun xarizması, dözümlülüyü, peşəkarlığı sayəsində oldu.

Gözdən salınması üçün rum, erməni, PKK-lı, FETÖ-çü kimi Türkiyədə indiyədək bir siyasi liderə edilməyəcək dərəcədə iftiralar edildi. Amma İmamoğlu bunların hamısına dözdü, səbirlə cavabladı, heç bir halda qıcıq doğuracaq hərəkətlərə yol vermədi. Üstəlik rəqibi Binəli Yıldırımla ailəvi foto çəkdirmək təşəbbüsünü də etdi. Bütün bunlar onun hətta AKP çevrələrində də sevilməsinə səbəb oldu.

İmamoğlunun seçilməsinin əsas səbəblərindən biri də ölkədəki iqtisadi vəziyyət, suriyalı qaçqınlar məsələsi oldu. Şəhərdəki bahalıq, demək olar ki, hər gün marketlərdə vətəndaşların narazılığına səbəb olurdu.

Nəhayət, İmamoğlunun seçilməsinin bir səbəbi də hökumətin Öcalan qardaşları ilə bağlı səhv addım atması oldu. Terrorçu Öcalanın məktubu və onun terrorçu qardaşının xalqın vergisi ilə fəaliyyət göstərən TRT-yə çıxarılması vətənsevər türk millətinin qəzəbinə səbəb oldu.

İmamoğlu seçki müddətində də yaxşı kampaniya apara bildi. Çəkdiyi təbliğat filmləri, bir uşağın söylədiyi fikrin şüara çevrilməsi və geniş yayılması da önəmli rol oynadı.

Binəli Yıldırımın ikinci kampaniya dönəmində etdiyi bəzi hərəkətlər (səslərin oğurlanması iddiası və s.) onun imici baxımından yaxşı olmasa da, bugün seçki tamamlanmadan rəqibini təbrik etməsi nümunəvi davranış oldu. Əslində, bir neçə mühüm vəzifələri həyata keçirmiş Binəli Yıldırımın yorğun və enerjisinin qalmaması debatlarda və çıxışlarında açıq şəkildə görünürdü. Onun uduzmasının bir səbəbi də bu idi.

Kimin başqan seçilməsindən asılı olmayaraq, ümid edirik ki, yeni dönəm İstanbulda yaşayan azərbaycanlıların rifahı üçün uğurlu və gözəl olsun.


Müəllif: Dilqəm Əhməd