13 Avqust 2019 16:27
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Əli Kərimi tanımayanların Əli Kərimliyə taksi çağırması barədə)

Ad çəkməyəcəm, aylardır Avropadan Azərbaycan xalqını bir payız axşamı kəsici alətlərlə inqilaba səsləyənlərdən ikisinin elə özləri tərəfindən yayılan dialoqundakı bir məqama yönəldəcəm diqqətinizi:

-Azərbaycanca Əli Kərim adında bir şair olub, tanıyırsan onu?

-... (Uzun pauza) Yox, tanımıram!

Xeyli zamandır ki, ən müxtəlif vasitələrlə cəmiyyəti radikallaşdırmaq, xaosa, iğtişaşa sürükləmək üçün qabıq qoyurlar, Avropada sığınacaq almaq, pul toplamaq, qarşısında öhdəlik götürdükləri kəşfiyyat strukturlarının təlimatlarını yerinə yetirmək üçün min hoqqadan çıxırlar. Ağızları soyuq ölkələrdə isti yerdə olanların, “gəlin yığışaq, gedin hakimiyyətin üstünə” çığıra-çığıra öz aləmlərində Azərbaycan iqtidarını dəyişmək üçün “açdıqları cığıra” ən vulqar söyüşlər nəqş edilmiş “xalı” döşəyənlərin bəlli bir zamandan sonra özlərini ifşa edəcəklərini, bumeranqın tərs təpəcəyini həmin tendensiya hələ təzə-təzə başlayanda yazmışdım. Budur, artıq bizim nələrisə araşdırmamıza, təhlil və təxmin etməyimizə elə bir ehtiyac qalmayıb. Maraqları bir balaca toqquşan təki bir-biri ilə danışıqlarını, sövdələşmələrini, necə və hansı məqsədlə uzlaşmalarını ortaya çıxarırlar. Hər dəfə yenidən məlum olur ki, söyüşün birini bir qəpik edənlərin ən böyük amalı, ən ali məqsədi qarınlarını və daxıllarını doldurmaq imiş.

Картинки по запросу qurban məmmədov

Emin Milli haradadır, nə işlə məşğuldur, biləniniz varmı? Başa düşürəm, media quruluşu idarə etmək pulsuz-parasız başa gəlmir. Amma bu ölkədə nə qədər istəyirsinizsə, sizə jurnalist göstərim, bir ay yox, iki ay yox, illərlə bir qəpik qonorar almadan, kasıb atasının, yoxsul qayınanasının, usta qardaşının göndərdiyi azuqə ilə dolanıblar. Emin Milli isə Azərbaycan hakimiyyətindən bu və ya digər şəkildə aldığı ianə gözünə az görünən kimi, inqilabçı çəkməsi geyinib Avropaya rəvan oldu, pula pul, qranta qrant demədi. Bəs, axırı? Məlum oldu ki, onun almış olduğu yaxşı təhsil də, süni yollarla şişirdilmiş menecerlik qabiliyyəti də, heç zaman olmamış jurnalistlik istedadı da, ən başlıcası, Azərbaycan siyasi səhnəsindəki effektli-effektsiz bütün fiqurlara psevdo-intellektual baxışları da qarınqululuğundan sonrakı məsələlər imiş.

Bəli, ingiliscə danışmaq hələ Azərbaycanı tanımaq, cəmiyyətin norma və davranışlarını bilmək, yaxın və uzaq keçmişinə bələd olmaq, tarix bilinci və gələcək haqqındakı təsəvvürləri arasındakı bağlarla ölkənin maraq və mənafelərinə sarılmaq demək deyil. Sevinc Mirzəyevanı yada salaq. Çoxdanın söhbəti deyil, lap elə bu yaxınlarında üzündən-gözündən həsəd, tamahkarlıq, istər məişət, istərsə də məmləkət məsələlərində hər cür intriqaya qoşulmasına rəvac verən nadan cəsarətinin çoxsaylı əlamətləri tökülə-tökülə Azərbaycan hakimiyyətinə, şəxsən prezident İlham Əliyevə moizə oxuyurdu. İşim elədir ki, ideya bazarını izləmək məcburiyyətindəyəm və bu məcburiyyətdən irəli gələrək Sevinc Mirzəyevanın öyündüyü baxış sayını yaradanlardan biri də mən olmuşdum. İsa Qəmbərin Ayaz Mütəllibovun dövründə Azərbaycan parlamentinə rəhbərlik etdiyini söyləyir, bu faktı Azərbaycan hakimiyyətinə “gözünüzə su verin” anlamında misal kimi göstərirdi.

Картинки по запросу sevinc mirzəyeva

Allah xatirinə, İsa Qəmbər Ayaz Mütəllibovun hakimiyyəti dönəmində parlament sədrimi olub? Bu suala cavab tapması üçün axı heç bir jurnalistin və sıravi vətəndaşın qalaq-qalaq tarix kitabları oxumasına gərək yoxdur?!. Bu ölkədə yaşı qırxı adlamış kimdən soruşsanız, Ayaz Mütəllibovun 1992-ci ilin mart ayının 6-da istefa verdiyini, may ayının 14-də hakimiyyətə yenidən qayıtmağa cəhd göstərdiyini, niyyətini gerçəkləşdirə bilməyib ölkəni tərk etdiyini, İsa Qəmbərin isə məhz bu olaylardan sonra- 18 may 1992-ci ildə Ali Sovetə sədr seçildiyini nəql edər. Əskiklik kompleksi də elə budur: bilmədən danışmaq, bilgi sahibi olmadan fikir sahibi kimi görsənmək, oxumadan, vacehinə yetmədən, dərinliyinə enmədən ordan-burdan eşitdiyin və səni ağıllı göstərə biləcək rəyləri improvizasiya etmək və həmin improvizasiyaları süni təbəssümlə cəmiyyətə sırımaq! Bu mənada Azərbaycan ədəbiyyatına olduqca möhtəşəm yaradıcılıq nümunələri bəxş eləmiş, xalqımızın ədəbi düşüncə tarixinə və tarix şüuruna “Babəkin qolları” kimi misilsiz töhfə vermiş Əli Kərimi tanımayan QABİLiyyətsizlərlə Sevinc Mirzəyevanın da üzvlərindən biri olduğu mobil ideoloji diversiya qrupunun qalan üzvləri arasında elə dərin intellektual fərq yoxdur. Bu isə olduqca mühüm məqamdır.

Söhbət ondan gedir ki, tarixən bir ölkəni siyasi əqidəsinə görə ilk növbədə intellektualar tərk edib. Səbəb sadədir: hakim rejimlər qalan bütün sosial kəsimlərdən çox ziyalılara basqı edir, təzyiq göstərir ki, onlar öz fərqli ideyalarını cəmiyyətdəki digər zümrələrə aşılamasınlar, kütləvi dalğalanmalar yaratmasınlar. Əgər onlar gerçəkdən ziyalılıq missiyasını daşıyan, daşımağa cüzi də olsa potensialları olan fərdlər olsaydılar, demirəm aralarından Albert Eynşteyn, yaxud Henri Kissincer çıxardı (bu şəxslərin siyasi qaçqın olduqlarını yəqin bilirsiniz), heç olmasa, Vladimir Nabokovun “Lolita”sı həcmində (məzmun bir qırağa) cızma-qara ortaya çıxarardılar. Amma bunlar nə edir? AXCP sədri Əli Kərimlinin “İnqilab” adlı əmizadəsinin kefinin kök vaxtında başlarına atdığı şabaşdan vəcdə gəlib “kuyi-meyxanəyik” deyirlər... Çox pakizə, bəs, görəsən, o adamlardan nədən bircəciyini ictimai-siyasi proseslərdən az çox məlumatlı olan şəxslər “milli adam” deyə xarakterizə eləmirlər? Qənimət Zahid, Qurban Məmmədov, Orduxan Teymurxanlı, Sevinc Mirzəyeva, Arif Məmmədov, Səid Nuri, canım sizə desin, Leyla Yunus və digərləri... görəsən, niyə bu adamların hər birinin adı ayrı-ayrı ölkələrin kəşfiyyat institutları ilə əlaqələndirilir?

Ən əsası, bu “inqilab” söhbəti o kəşfiyyatlardan hansının başının altından çıxdı və necə oldu ki, bu qədər fərqli siyasi qiblələrə malik olanlar tez-tələsik kimin tutduğu bilinməyən bir çətirin altına doluşdular?

Psixoloqlar üçün sual budur: hansı fərd və qruplar inqilabi aktivlik göstərərlər və niyə göstərərlər? Bu suala cavab axtarılanda bəlli olub ki, inqilab ideyasının daşıyıcıları arasında çox sayda ortaq xüsusiyyətlər mövcuddur və bu xüsusiyyətlər onların davranışlarında həm fərdi, həm də kollektiv səviyyədə üzə çıxır. Ayrı-ayrı inqilab liderlərinin və fəallarının psixikasının təhlili göstərib ki, yuxarıda səslənən suala Ziqmund Freydin nəzəriyyəsi çərçivəsində, “Edip kompleksi” adlanan psixoloji travmalar silsiləsində axtarmaq lazımdır. Bu prizmadan baxanda Avropadakı “18+” diversiya qrupunun söyüşünün də, döyüşünün də mahiyyəti tamamən aydın olur. Onlar öz seksual ehtiraslarını bu dəfə “inqilab” kəlməsi ilə ana vətənə yönəldiblər...

Картинки по запросу isa qəmbər

Azərbaycanda inqilab üçün heç bir zəmin, inqilabi şəraitin heç bir əlaməti yoxdur, olacağı da gözlənilmir. Sosial-siyasi nəzəriyyələrdə inqilablarla bağlı 6 (altı) əsas konsepsiya var. Kim istəyirsə, həmin konsepsiyaların hər biri üzrə həm ayrılıqda, həm də cəm şəklində xalqın gözü önündə mübahisəyə hazıram, üstəlik, ən müxtəlif ölkələrin təcrübəsinə də istinad edə bilərik, amma haradan və hansından baxsaq, Azərbaycanda inqilabi proses üçün sosial, siyasi, iqtisadi, mədəni baza görməyəcəyik. Həvəsiniz varsa, buyurun, bir beyin həmləsi olaraq, Azərbaycanda inqilab məsələsini Emil Dürkheym, Talkott Parsons və Robert Merton kimi məşhur sosioloqların irəli sürdüyü “sosial sistem” konsepsiyasına əsasən incələyək və öz təhlilimizdə “İnqilab və sosial sistem” adlı kitabın müəllifi, məşhur siyasətşünas Conson Çalmersə istinad edək.

Bu ölkədə bircə sosial təbəqə göstərin ki, Yeni Azərbaycan Partiyasının iqtidarı dövründə gerçəkləşmiş sosial-iqtisadi dəyişikliklərdən qıraqda qalmış olsun, sistem tərəfindən yadlaşdırılsın, ümumi düzəndən kənara itələnsin? Bu ölkədə ən yoxsul insan belə sistemin bir parçasıdır, dövlətdən ən azı minimum ehtiyaclarını ödəyəcək şəkildə dəstək alır, onun qarşısında cəmiyyətin digər seqmentlərinə inteqrasiya olunmaq üçün heç bir hüquqi, siyasi, mədəni sədd yoxdur.

Bu yazını böyük xəyal qırıqlığı ilə oxuyacaqlarına şübhə etmədiyim opponentlərə düşüncələrimi elmi kontekstdən çıxarmaq üçün əsas vermiş olsam belə, çox sadə bir misal da çəkim. Bu gün Azərbaycanda elə bir rayon varmı ki, orada neçə-neçə dəbdəbəli şadlıq evi tikilməsin? Məhz bu örnəyi göstərməyə ona görə meyil edirəm ki, şadlıq evləri ölkədə təkcə sosial-iqtisadi yox, həm də mədəni dəyişikliklərin hər kəsin rahatlıqla qavraya bildiyi nəticələrindəndir, paralel olaraq, milli adət-ənənələrin sərbəst bazar iqtisadiyyatına keçid şəraitinə uyğunlaşmasının, cəmiyyətin sosial paylaşım ənənələrinin bariz nümunəsidir. Dövlət başçısının və onun komandasının konseptual hədəfinin Azərbaycanı istehlakçı toplumdan istehsalçı topluma çevirmək, insan kapitalını inkişaf etdirmək və işğal edilmiş torpaqlarımızın azad etmək olduğunu da yada salsaq, əminliklə deyə bilərik ki, cəmiyyətin tarazlığını pozacaq heç bir katastrofik vəziyyət gözə dəymir və gözlənilmir.

Əlbəttə, heç bir cəmiyyət problemlərdən xali deyil, Azərbaycanda da spesifik tarixi inkişaf yolundan doğan, o cümlədən prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurlarını müşayiət edən çox ciddi, çox dərin problemlər öz həllini gözləməkdədir. Ancaq bu problemlər də cəm şəklində inqilabi şərait yarada bilməz ona görə ki:

a) Onların ən dərin və əhəmiyyətli hissəsi nəinki müstəqillik illərində meydana çıxıb, hətta sovet dövrünə məxsus deyil, səbəbləri daha dərin qatlardadır;

b) Hələ bu günə qədər Azərbaycanda elə bir problem olmayıb ki, Prezident və onun komandası həmin hadisəyə reaksiya verməsin, müdaxilə etməsin, aradan qaldırılması yönündə əməli addımlar atmasın, politoloqların təbirincə desək, iqtidar zəifliyi göstərilsin.

Картинки по запросу ilqar məmmədov

Sadəcə, bu il baş verən olayları yada salaq. Azərbaycanda və Azərbaycanla bağlı hansı hadisə baş verib ki, İlham Əliyevin həmin olaya əl qoyması reytinqinin yüksəlməsinə yox, enməsinə rəvac verib? İstər ciddi sosioloji sorğular, istərsə də gündəlik müşahidələr göstərir ki, Prezident Əliyevin hər bir çıxışı, hər bir görüşü, hər bir qərarı cəmiyyətdə şövqlə, təqdirlə, məmnunluqla qarşılanır. Əgər bir ölkənin əldə etdiyi bütün uğurların arxasında hakim qüvvənin innovativ layihələri dayanırsa, iqtidarın bütün sosial qruplarla kommunikasiya xətti açıqdırsa, idarəçilik aparatı mobil və çevikdirsə, birinci şəxsin siyasi nüfuzu və administrativ avtoriteti kritik məqamlarda belə azalmır, əksinə artırsa, o məmləkətdə inqilabdan söz açmaq, mümkün qədər nəzakətli ifadə edəcəm, absurddur, cəfəngiyatdır!

Bu günlərdə AXCP sədri Əli Kərimlinin sosial şəbəkədə yayımlanan son müsahibələrindən biri qarşıma çıxdı. Axıracan izlədim. Müzakirələrə həvəssiz qatılması aydın görünsə də, əsas tezisi bu idi ki, biz Suriyadakı, Livandakı, Misirdəki inqilablardan yox, Ermənistandakı, Gürcüstandakı, Ukraynadakı inqilablardan istəyirik. Doğrusu, siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı, PR-çısı Natiq Ədilov, təşkilatçısı Gözəl Bayramlı, siyasi texnoloqu Mehman Əliyev olan bir partiya sədrindən bundan daha dərin açıqlama gözləməyə də dəyməz. Əli Kərimlinin bir siyasətçi kimi bütün cəhdləri önə çıxmağa, bütün yerli və xarici qüvvələrə özünü etiraz elektoratının əsas lideri kimi göstərməyə yönəlib, bu, təbii və başadüşüləndir. Ancaq Əli Kərimlinin elə öz düşərgəsində nəzərə almağa həvəs göstərmədiyi bir gerçəklik də var: bu gün müxalifət düşərgəsində suyun altına enmiş və üzə çıxmaq üçün əlverişli məqam gözləyən xeyli isim mövcuddur və onların cinahdaxili siyasi təsir imkanları AXCP sədrindən heç də az deyil. Məsələn, bu yaxınlarda Müsavatın faktiki lideri İsa Qəmbər “kim inqilab etmək istəyirsə, öncə ölkəyə qayıtsın” deyə üstüörtülü şəkildə olsa da, Rəsul Quliyevə “çayı keçmək istəyirsənsə, gəl, suyun qırağında çırman” mesajı verdi. Bu mesaj həmçinin Müsavat Partiyasının Əli Kərimli ilə eyni qayığa minmək istəməsindən xəbər verir. Əlbəttə, Müsavat ı da, elə Əli Kərimli də fərqindədir ki, nə Qubad İbadoğlunun ABŞ-dan Rəsul Quliyevin imzası ilə gətirdiyi təlimat, nə də həmin təlimatın bir bəndi kimi, sabiq səhiyyə naziri Əli İnsanovla mümkün işbirliyi müxalifətin indiyə qədər yaratdığı çoxsaylı konfiqurasiyalardan biri olmaqdan o tərəfə gedə bilməz. Ona görə gedə bilməz ki, siyasət ölü diriltmək sənəti deyil, sosial şəbəkələr hər nə qədər “möcüzəli” kommunikasiya vasitəsi olsa da, Mark Zükkerberqdə İsus Xristos qüdrəti yoxdur, “Azərbaycan Xalq Hərəkatı” adı verilmiş siyasi qəbiristanlıqda da “Azerifreedom”un mikrafonu kimsəyə can vermədi.

Картинки по запросу əli kərimli

Həm də bu təcrübəni nəzərə alaraq Əli Kərimlinin önə çıxa bilməsi üçün atmalı olduğu ən zəruri addım Milli Şura buxovundan azad olmasıdır. Hər nə qədər zahirən AXCP-nin vitrini, Kərimlinin əlini gücləndirən faktor kimi görsənsə belə, Milli Şura həm onun manevr imkanlarını azaldır, həm də əlavə və əsaslı suallar qarşısında qoyur. Fəxri sədri Rüstəm İbrahimbəyov Bakıda ola-ola gəlib qurumun iclasında iştirak etmirsə, deməli, Milli Şura da artıq Demkonqress, SİDSUH, “Azadlıq” bloku kimi tarixin axivindədir. Yaxud, AXCP-nin ilk sədri Əbülfəz Elçibəyi “DTK agenti” adlandıran Leyla Yunusun hələ də Milli Şura üzvü olaraq qalması Əli Kərimlinin liderlik iddiaları baxımından tam bir fiasko nümunəsidir. Amma bir anlıq fərz edək ki, Əli Kərimli əvvəlcə Leyla Yunusu Milli Şuradan qovdu, ardınca Milli Şura öz fəaliyyətinə xitam verdi, daha sonra müxalifət yeni konfiqurasiya yaratdı, Gültəkin Hacıbəyli də “rəngli inqilablar”ın formal əlamətlərindən biri olan qadın lider kimi yeni birliyə rəng qatdı... Bu zaman AXCP sədrinin elan etdiyi “kurs” Azərbaycanda reallaşa bilərmi?

Əvvəla, SSRİ dağıldıqdan sonra nə Gürcüstanda, nə Ukraynada, nə Qırğızıstanda, nə də Ermənistanda heç zaman heç bir inqilab baş verməyib. Oradakı hadisələr inqilabın klassik forma və dinamikasına, səciyyəvi xüsusiyyətlərinə malik deyil. Həmin olayları “rəngli inqilablar” adlandırmaq akademik yox, mediatik yanaşmadır. Odur ki, Əli Kərimlinin “biz elə yox, belə inqilab istəyirik” deyə bir bəyanat verməsi, özünü belə bir açıqlama vermək məcburiyyətində hiss etməsi konseptual olaraq yanlışdır və bu yanlışlıq AXCP-nin timsalında müxalifətin ideya istehsal etmək potensialının olmamasının göstəricisidir.

Digər yandan, həmin proseslərin aşağı-yuxarı eyni parametrlərlə baş verə bilməsi üçün istənilən ölkədə “seçki və legitimlik” problemi üzə çıxmalıdır. Başqa sözlə, AXCP sədrinin təbirinə uyğun desək, rəngli inqilabçılığa başlamazdan öncə Əli Kərimli prezident seçkilərində, yaxud müxalif partiyalar parlament və ya bələdiyyə seçkilərində hakim qüvvəyə qalib gəlməli, iqtidarın legitimliyini əsaslı şəkildə şübhə altına salmalıdırlar. Yuxarıda adı çəkilən keçmiş SSRİ ölkələrində də belə olub, əvvəlcə seçkilər udulub, daha sonra seçkinin gerçək nəticələrini qəbul etdirmək üçün milyonlarca insan meydana çıxıb, sonda meydan administrasiyaya qalib gəlib, yaxud başqa formada iqtidarın qanuniliyi mübahisəyə çevrilib. Ancaq iş ondadır ki, bu gün iqtidarın deyil, Əli Kərimlinin özünün AXCP sədri kimi legitimliyi şübhə altındadır. Üstəlik, Əli Kərimlinin özünün və təşkilatının siyasi rəqabətə hazırlılıq göstəricilərini nəzərdən keçirəndə heç bir ciddi resursa malik olmaması üzə çıxır və məlum olur ki, günü sabah ölkədə hər hansı səsvermə keçirilsə, AXCP sədri siyasətdə həmişə asanlıqla tapılan bəhanələrdən birinə sığınıb nəinki İlham Əliyevin, hətta İlham Əliyevin başçılıq etdiyi partiyanın onuncu, iyirminci dərəcəli funksionerlərinin qarşısından yenə qaçacaq! Bəlkə də 2005-ci ildə olduğu kimi “Qələbə” kinoteatrının qarşısında dövrə vuraraq qaçacaq! Bir sarı taksidə... O taksinin maqnitofundan isə məhz Flora Kərimovanın səsi gələcək: “Bir axşam taksidən düşüb payıza, bilmədik haraya hayana gedək...”


Müəllif: Taleh Şahsuvarlı