1 Sentyabr 2019 20:45
2 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütərcim Əli Gəncəli 13 dekabr 1918-ci ildə Gəncədə Məhəmmədcavad bəy və Fatma Səriyyə xanımın ailəsində doğulub.

Türkiyəyə gəldikdən sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölümünə daxil olub, 30 avqust 1942-ci ildə buradan məzun olub. Türkiyə vətəndaşlığını qəbul edən Gəncəli əmək fəaliyyətinə də bitirdiyi universitetdə başlayıb, 30 sentyabr 1942-ci ildən tarix assistenti kimi çalışıb.

1948-ci ilin noyabrına qədər Ədəbiyyat fakültəsində fəaliyyət göstərib. Ə.Gəncəli 1965-1969-cu illərdə Pakistanın Dəkkə Universitetində Türk dili və ədəbiyyatı sahəsində çalışıb.

Urdu və ingilis dillərini də bu dönəmdə mənimsəyib. Gəncəli jurnalistika fəaliyyəti ilə də məşğul olub, 17 aprel 1967-dən 1971-ci ilin iyununadək “Bugün” adlı qəzetdə mühərrir kimi çalışıb. Həmçinin, “Böyük doğu” dərgisində və “İstanbul Ensiklopediyası”nda işləyib.

“Tanrıdağ” dərgisi ilə əməkdaşlıq edib, bu jurnalda Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin haqqında məqalə yazıb. Əli Gəncəli 31 noyabr 1969-cu ildə Dəyanət İşləri Başqanlığına Şərq dilləri mütərcimi təyin edilib, 25 noyabrdan etibarən vəzifəsini icra etməyə başlayıb.

Təqaüdə çıxdığı 28 fevral 1982-ci ilədək bu işdə çalışıb. Fars dilini yaxşı bildiyi üçün Gəncəli Türkiyəni İran və Əfqanıstanda alim kimi təmsil edib. 1971-ci ilin oktyabrında Rza şah Pəhləvi tərəfindən təşkil edilən İran dövlətinin 2500-cü il şənliklərinə Əli Gəncəli xanımı ilə birlikdə dəvət olunub.

Həmin il o, Kabildə konfransa qatılmaq üçün Əfqanıstan hökuməti tərəfindən də bu ölkəyə dəvət alıb. 1974-cü ilin 12 martında İran dövləti Gəncəlinin elmi fəaliyyətini qiymətləndirərək, ona altun ləyaqət medalı verib. Gəncəli İran şahının çıxışları və yazıları ilə bağlı etdiyi tərcümə əsərini isə dönəmin Türkiyə Prezidenti Fahri S. Korutürkə təqdim edib, sonuncu ona təşəkkür ünvanlayıb.

Mütərcim Əli Gəncəli daha çox urdu və fars dillərindən etdiyi tərcümələri ilə məşhurdur. Onun urducadan çevirdiyi ən böyük tərcümə əsəri altı cildlik “Əsr-i səadət”dir. İranda Seydi Əli Rəisin “Miratül-Məmalik” əsərini Mahmud Mufaddali ilə birlikdə fars dilinə tərcümə edib. Yaponiyada Koichi Haneda ilə birlikdə Azərbaycan türkcəsi ilə bağlı bir əsər ərsəyə gətirib. Əsərlərini ən çox tərcümə etdiyi müəllif isə Hind-Pakistan alimi Əbüləla Mevdudidir (1903-1979). 1944-cü ildə Ə.Gəncəlinin tərcüməsi ilə Volterin “Sadiq və ya tale” əsəri çap olunub. Bu əsərdə imzasını Əli Cavad Gəncəli olaraq qeyd edib.

Ümumilkdə 23 tərcümə əsəri mövcuddur. Əli Gəncəlinin fars dilindən tərcümə etdiyi tarixçi İskəndər bəy Münşi Türkmənin “Tarix-i Aləm-arayi Abbasi” əsəri Türk Tarix Qurumunun Tərcümə Əsərlər kolleksiyasında saxlanılır. O, bu tərcüməyə 23 iyun 1945-ci ildə başlayıb, 1948-ci ilin iyulunda tamamlayıb, dörd cild şəklində quruma təhvil verib. Ümumilikdə 2646 səhifə olan bu tərcüməyə görə 7.237 lirə 50 qəpik qonorar alıb. Əli Gəncəlinin Mehmed və Mahmud adlı iki övladı olub. 1983-cü ilin mayın 2-də vəfat edib.


Müəllif: Dilqəm Əhməd