19 Noyabr 2019 00:48
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

1912-ci ildə İstanbulda süvari zabiti Şəmsəddin bəyin və Validə xanımın qızı Ədhiyə (1890-1944) xanımla evlənən Əli bəy Hüseynzadənin üç övladı olub: 1914-ci il aprelin 6-da Saida bəyim, 1915-ci il iyunun 9-da Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər xanım dünyaya gəlib.

Əgər Əli bəy Hüseynzadə şair, ədəbiyyatçı, filosof, publisist, siyasətçi, rəssam idisə, oğlu Səlim Turan bu sahələrdən yalnız birində atasının yolunu getdi: Rəssamlıqda.

Səlim bəy orta təhsilini Bəyazid Nümuneyi-Zükur məktəbində, ardınca Qalatasaray liseyində alıb. İstanbul Gözəl Sənətlər Akademiyasını (1935-1938) bitirib. Bu akademiyada əvvəlcə Feyhaman Duranın, sonra Leopold –Levynin tələbəsi olub.

1939-dan etibarən rəsm müəllimi olaraq məktəblərdə çalışıb. 1941-də Xalq evlərinin təşəbbüsü ilə rəssamlar müxtəlif vilayətlərə gedərək seçdikləri mənzərələri tablolara köçürərək geri dönüblər. Yaradılan əsərləri jüri dəyərləndirib, Səlim Turanın Muğlada çəkdiyi mənzərə birinciliyi qazanıb. Bu əsər Çankayadakı Cümhurbaşqanlığı köşkünə ərməğan edilib.
1941-ci ildən Yenilər Qrupunun ilk sərgisinə, xarici gəzintilərə, dövlət rəsm və heykəl sərgilərinə qatılıb.

1947-ci ildə Fransa hökumətinin tələbə təqaüdünü qazanaraq Parisə gedib. 1947-ci il aprelin 1-də Parisdə Ekol-De-Boze Ali Rəssamlıq Məktəbində rəngkarlıq və heykəltaraşlıq ixtisasları üzrə təhsil alıb.

Səlim bəy rəngkarlıq, heykəltaraşlıqla yanaşı miniatür, təzhib, əbru kimi ənənəvi sənətlərlə də məşğul olub. Rəisül-Xəttat Hacı Kamil Əfəndidən (Kamil Aktik) xətt, İsmayıl Altunbəzərdən təzhib, Nəcməddin Oxyaydan əbru və cild dərslərini alıb. Fatih divanına miniatürlər çəkib.
Paris həyatı
Turan Parisə gəldikdən sonra o dönəmdə türk aydınların qaldığı Schola Cantorumda yaşayıb.

Parisdəki rəsm mühiti onu heyrətləndirib və bu barədə açıq şəkildə yazıb: “Biz burada (İstanbulda) rəsm öyrəndiyimizi zənn edirdik. Və orada (Parisdə) yenidən başlamaq məcburiyyəti hasil oldu. Türkiyədəki müəllimlərimiz yaxşı, akademik baxımından qənaətbəxş idi. Fəqət buna baxmayaraq rəsm görmək çətin idi. Muzey deyə bir şey yoxdu. Bəzi rəssamları reprodüksiyalarla tanıyırdıq”.

Səlim bəy Parisdə ikən gənc sənətçilər olan Georges Mathieu, Camille Bryen kimi rəssamlarla münasibət qurub, onlardan təsirlənib. 1948-ci ilin oktyabrında Galerie des Deux Ilesdə açılan La Rose des Vents qrup sərgisində Səlim bəyin də əsərləri ilk dəfə olaraq sərgilənib.

Səlim bəy Parisdə ilk sərgisini 1950-ci ildə Galerie Breteauda açıb. Bu illərdə Parisdə müəllimliklə də məşğul olan Səlim Turanın 1956-cı ildə Galerie Cravendə ikinci sərgisi baş tutub.

Səlim bəy ardınca 1956-cı ildə Londonda Obelisk Gallerydə, 1957-ci ildə Brüsseldə Galerie Europedə, 1958-də yenidən Parisdə Galerie Cravendə sərgi açıb.

Səlim Turan 1963-cü ildə Türkiyə vətəndaşlığından çıxarılıb. 1979-cu ildə uzun davam edən mücadilədən sonra yenidən vətəndaşlıq qazanıb.
Özünün də yazdığı kimi yenidən vətəndaşlıq qazandıqdan sonra Səlim bəyin həyatı Paris və İstanbul arasında keçib.

Övladı olmayan S.Turan Şahiqə xanımla ailə həyatı qurub.
O, 13 oktyabr 1994-də Parisdə vəfat edib, cənazəsi ayın 26-sında Türkiyəyə gətirilib, 27-si günü İstanbulun Atatürk Kültür Mərkəzində törən keçirilib, Təşviqiyyə Camesində qılınan günorta namazından sonra Qaracaəhməd Çiçəkçi məzarlığında atasının məzarında dəfn edilib.

Bu zaman o artıq rəssamlıqda atasının şöhrətini ötmüşdü...


Müəllif: Dilqəm Əhməd