3 Mart 2020 15:37
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir dünya olur ha, oturub gözləyirsən. Bir vaxt bir can ikiyə bölünür, biri sən olursan. Gözlərin olur, baxırsan. İlk ağrının sancısını duyanda ağlayırsan, lənət yağdırırsan dilsiz ağzınla, şikayətlərlə gəlirsən həyatın üstünə. Bax, o lənət olur ha, bəzən elə olursan, “doğuldu” deyirlər.

Uşaq olur ha, bir saqqız verirsən, sevincək qaçıb gizlənir, ya da boynuna sarılır, atılıb-düşür. Bir də uşaq olur ha, qorxmur səndən, başına min bir oyun açır, gah saçını dartır, gah əlini dişləyir, əlinə keçəni başına çırpır. Bəzən elə olursan, “uşaqdır”deyirlər.

Görən göz olur ha, baxırsan, boğur səni gördüklərin. İnsan olmağın sonsuz işgəncələrinin çarmıxına çəkilirsən gördükcə. Əzabların ilan kimi sarılır ürəyinə, sıxdıqca dartılırsan. Bəzən elə olursan, “böyüdü” deyirlər.

Dəli olur ha, qayğısız olur, öz-özünə danışır, öz-özünə gülür – özündən başqa hamıya zərərsiz. Uşaq kimi... Bir bəla olur, səni izləyən qarabaqara, qabağına düşüb qaçırsan. Qaçdıqca zərrə-zərrə canın qopur ha bədənindən, onda səpilirsən damla-damla küçələrə, yollara, adam-adam, qapı-qapı evlərə. Məchul bir yol olur, qayıda biləcəyin qədər gedirsən . Bəzən elə olursan, “məcnundur”deyirlər.

Heyvan olur ha, sərçələr , məsələn. Hər gün dən yemək üçün pəncərə önünə qonan balaca quşlar. Bir buğda dənəsi sərçə üçün həyat dolu nəhəng bir ümid olur ha, dünya boyda bir ümid. Hər gün o pəncərə önünə səpilən dənləri görmədikcə o sərçələrin bir-bir azaldığını görmüsünüzmü, ümidsizcə geri qanad çırpmasını? Bəzən elə olursan, əliboş qayıdırsan ümidlərinin qapısından, “bədbəxtdir”deyirlər.

Bir şam olur ha, işığı qaranlıq otaqdan daha zülmət. Yandıqca alovlanan, öz içindən od tutan, yoxa çıxmağa, sakitləşməyə can atan. Bir də ətrafında qanad çırpan balaca kəpənəklər olur ha, bəzən elə olursan, “pərvanədir” deyirlər.

Günəş olur ha, sonsuz zülmətin ürəyində doğulan o yeganə işıq. Dolaşır adam dolu dünyanı, bir-bir baş çəkir hamıya. Kimisinə işığından pay aparır, kimisinə isti nəvazişindən. Bəzən elə olursan, “xoşbəxtdir” deyirlər.

İki əl olur ha, bir-birindən ayrı olan, birinin nə etdiyindən o birinin xəbəri olmayan. Bəzən o əllər bir bataqlığa uzanır, axtarır, axtarır, axtarır, tapır. Can dərdinə düşmüş bir adam tapır o bataqlığın dibindən, dartıb çıxarır. Bəzən elə olursan, “axmaqdır” deyirlər.

Bir güllə olur ha, birdən atılırsan, dolaşırsan bütün dünyanı adamlara dəyə-dəyə. Ürəklərindən keçirsən adamların, saxlaya bilmirsən özünü, geriyə baxmadan fələyin çarxına çırpılıb işıqları söndürürsən. Bəzən elə olursan, “əzrayıldır” deyirlər.

Bir quzğun olur ha, acından ölən bir uşağın başı üzərini kəsdirən, səssizcə qanadları arasında gizlənən. Toxuna bilmirsən o uşağa, xəstə olur, canından qorxursan. Öz canının dərdi şirin gəlir onda. Sən də əlində şəkilçəkən kənardan baxırsan, quzğun kimi. Bir də o quzğun olur ha, aclığın başını allahlar qarşısında səcdəyə əydiyi uşağın bir addımlığında onun ölümünü gözləyən, leş əti yeyən qara quş. Bəzən elə olursan, “insandır” deyirlər.

İnsan olur ha, nə istədiyi məlum olmayan, amma arzuları olan. Bir də baxırsan, özü səni çağırır, sonra əliboş qaytarır, bəzən də sevdiyini deyir, inandırır, elə ki sevdin, daha istəmir. Bəzən də baxırsan, adamdır, əl uzadır sənə, çəkir ürəyinə, o qədər sıxır ki ölürsən. Ağrıdan ölürsən. Bir də görürsən, küçədə adamlar qaçır, küçədə adamlar ölür, evlərə meyit daşıyırlar, bir-birini öldürür adamlar: birinə “şəhiddir” deyirlər, birinə də “düşmən”. Bir də göy üzü olur ha, susur. Bəzən elə olursan, “allah yoxdur” deyirlər.

Yoxluq olur ha, onda sən doğulursan, bir də baxırsan ağlayırsan, birdən də gülürsən, ayaq açıb yeriyirsən. Böyüyürsən addım-addım. Sonra müəllim olursan, alim olursan, yazıçı, filosof, məmur olursan, bəzən də bir heç. Addım-addım yoxa çıxırsan sonra. Bəzən elə olursan, “öldü” deyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu