Hər səhər Geyada bıçaq qəssabın sözünə baxmayanda allahların cəhənnəm alovlarının ağuşunda yırğalanan məbədin bağlı qapısı arxasında olduğu yada düşür, peyğəmbər nifrətlə donuza baxır, iblislər geyalıları ələ salmaq üçün qocanın burnunu divara sürtüb ovmağını gözləyir.
Həmin səhərlərdən birində iblislər məbədin qapısını kilidləyib açarı donuzun ağzına atdılar. O bu gün də qoca peyğəmbərin yanında açarı çeynəyə-çeynəyə sakitcə qəssabın kəsə bilmədiyi qoyuna baxır.
Geya, sakinləri naməlum şəkildə sağ qalan, allahları yoxa çıxan, onların taxtlarında hökmranlıq edən iblislərin dünyasıdır. Geya cəhənnəmin ortasına çöküb, adamları oturub gözləyirlər. Amma bu ümid əbəsdir, hələ ki, dəvənin quyruğu yerə dəymir. Çünki allahlar görə bilmədiklərini öldürə bilmirlər. Donuz açarı tüpürsə, onlar görməyə başlayacaq.
Sahilsiz çaylar, budaqsız ağaclar, tavansız göy üzü, damsız evlər – Geya yuxudan ayılmır.
İblislər Geyanın sakinlərini lənətləyib, allahlarını da oğurlayıb. Geyada allahsızlıq dövrü başlayandan ümidlər iblislərin ölümsüz səltənətinə dikilib. Onlar budaqsız ağaclardan sallanıb kor iblislərdən mərhəmət istəyirlər, əllərindən asılıblar. Sahilsiz çayların axınına qarışıb boğulurlar, amma nə ölə, nə oradan çıxa bilirlər. Damsız evlərində gözləri açıq yatırlar – ölümün keşiyini çəkirlər.
Geyada ölümü görən ona birinci qaçacaq.
İblislər torpağı geyalıların ayaqları altından çəkib, amma onlar cəhənnəmin dibinə yuvarlana bilmirlər. Onlar cəhənnəm alovunda yanıb yoxa çıxa bilməməyin əzabını yaşayırlar. Onları bu uçurumun dibinə itələyən yoxdur. Geya sakinlərinin arzuları yoxdur, onlar ölmək üçün sağ qalırlar. Amma ölüm bura gec-gec gəlir, gələndə də əliboş qayıdır, özüylə kimisə aparmır. İblislər allahları göy üzündən oğurlayandan canlarını geyalıların bədənlərindən çıxarmaq göylərin yadından çıxıb. İnsanları öldürənlər allahlar idi, iblislər heç vaxt onların cəlladları olmayıb. Allahlar heç vaxt bu qədər görünməz olmamışdı, bu susqunluq ölə bilməməkdən daha dəhşətli deyildi.
Gözləmək, yəni ümid – geyalılar bunu seçmək istəmirlər.
İnsanlar olmasaydı, allahlar da olmayacaqdı. Amma allahları yaradan zərurətdir, olmalı idi. İblislər isə bu zərurətə etirazdır, onların heç vaxt allahlara bağlılığı olmayıb. İblislər adamların ümidsizliyindən qopmuş bir qığılcım idi – Geyanı yalayan alov. Amma ümidləri geyalıları yanıltmışdı, Geyada ölümsüz doğulmaq daha dəhşətli deyildi.
Geya sakinlərinin ümidsizliyi dəvənin quyruğuna calaq olub yerlə sürünməyə başlayanda, peyğəmbər yanında bir donuz səkidə peyda oldu. Onda qəssab hələ bıçağı itiləməmişdi, peyğəmbər burnunu məbədin divarlarına sürtüb ovmağa başlamamışdı ki, iblislər qəhqəhə çəksin, onları allahların səltənətindən – göy üzündən ələ salsınlar.
Donuz ağzında pas atmış açar çeynəyərək, sakitcə qəssabın bıçağına baxır. Qəssab ona baxmır, ayaqlarını cütləyərək dirəyə bağladığı qoyuna zillənib. Qəssab donuzu kəsməyəcək, qoyunun başını üzmək istəyir. Amma bıçaq inadkarcasına sözünə baxmır. Bu qoyundan donuza çatacaq nemətlər var: bağırsaqları, dalağı - adamların yemədiyi şeylər. Səhər tezdən qoca peyğəmbərin yanına düşüb bunlara görə gəlib. Amma qəssab qoyunu kəsə bilməyəcək, ac qalan donuz ağzındakı açarı yerə tüpürməyəcək.
Küçələr adamsız, çaylar susuz, dar ağacları kəndirsiz, məbədin qapısı açılmamışdı. Geyalıların ümidsizliyinin dəvənin uzatdığı quyruğunun yerlə sürünən vaxtlar idi, sükut şəhərin varlığına bürünüb, kimsəsizlik Geyaya meydan oxuyurdu.
Peyğəmbər pəncərəsindən zülmət püskürən məbədin qapısı qarşısında süst düşüb qapıdakı kilidə zilləndi. O, axırıncı dəfə bu qapıdan nə vaxt içəri addım atdığını xatırlamağa çalışır. Donuz ağzında açar çeynəyir, qoyun mələyir - qəssabdan ölüm istəyir, qəssab bıçağa müqavimət göstərir. Amma hələ allahlar qayıtmayıb ki, qəssab qoyunun arzusunu yerinə yetirsin.
Geyanın daşlı, dar küçələrindən sürünərək qara burulğan keçir. İblislər susurlar, peyğəmbər burnunu məbədin divarına sürtüb ovmaq istəmir, gözlərini donuza zilləyir. Açar onun ağzındadır, məbəd içindəki zülməti qoca peyğəmbərin gözlərinə püskürür.