28 May 2020 09:36
7 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atamın danışdığı hadisədir. 1988-ci ildə İrəvandan çıxarılarkən əşyalarımızın yükləndiyi maşının arxasınca bir erməni belə bağırmışdı: “Türklər gedir, gəlin, maşınlarına od vuraq!”.

Türklər gedirdi, amma öz yurdlarından, özlərinin və ata-babalarının torpaqlarından... Sadə insanları bu gedişə görə günahlandırmaq olmaz. 200 il başımıza bəla olan imperiyanın və onun Qafqazdakı əlaltılarının nələr etdikləri barədə bu gün saysız-hesabsız mənbələr var.

Amma yurdundan qovulan insanın yükünü yandırmağı da planlayan bir zehniyyətin də əlindən qaçırdıq. Bu sadəcə bir epizod idi. Yük yandırmaq ermənilərin indiyədək etdiklərinin yanında əslində ən müsbət hadisə olardı.

***
Sosial şəbəkədə oxudum. Təsəvvür edin ki, Avropada xidməti təhsilini başa vurduqdan sonra ölkəsinə qayıdan erməni zabit belə deyəcəkdi: “Azərbaycanlı zabitin gözü önündə vətənini, millətini, bayrağını təhqir etdim, amma səsini çıxarmadı”.

O zaman elliklə o susqun zabiti axtaracaq, arxasınca hədyanlar danışacaqdıq.

Haqlıdır müəllif.

Ramil Səfərov törətdiyi hadisəyə görə məhkumluq yaşayıb. Nəhayət, gün gəlib Avropadan öz vətəninə köçürülüb və dövlət başçısı səlahiyyətindən istifadə edib onu əfv edib. Zaman göstərdi ki, Prezidentin bu addımı çox doğru və yerində olub, Azərbaycan zabitinin şərəfinin qorunması üçün vacib idi.

Sosial şəbəkədə bu əfvə görə Azərbaycanın nüfuzuna xələl gəlməsi, danışıqlarda mənfi hal kimi qarşımıza çıxması fikri səfsətədən başqa bir şey deyil. Guya ki, bu əfv gələcək birgəyaşayış üçün problemə çevriləcək. Xocalı soyqırımını törədən, uşaq qatili olan terrorçular təmizləndikdən sonra Azərbaycan xalqı sadə ermənilərlə, əlbəttə ki, birgə yaşaya biləcək. Hazırda ölkəmizdə nə qədər başqa xalqın da nümayəndəsi var...

***
Başqa bir epizod. Öldürülmüş bir azərbaycanlı kişinin tənəssül üzvü kənarda qətlə yetirilmiş müsəlman qadının ağzına qoyulmuş, divara mismarlanmış körpələrin nəşini köpəklər gəmirir...

Ağlınıza Xocalı soyqırımı gəlir. Bəli, yüz il öncəki Xocalı idi, mart soyqırımında ermənilər Azərbaycanda bizləri bu şəkildə qətlə yetirmişdilər. Məhəmmədəmin Rəsulzadə məqaləsində Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə istinadən yazır bunu.

Bir xalq yüz ildə heç mi dəyişməz? Bu müqayisə nə qədər ağrılı olsa da, erməni terrorçuların yüz il əvvəl Bakıda törətdikləri cinayətlərlə Xocalı soyqırımındakı işgəncə və öldürmə üsulları eyni idi.

Əvəzində biz nə etdik? 1920-ci ilin yanvarında mart soyqırımını törədənlərə qarşı açılan cinayət işini Cümhuriyyətin tanınmasına şərəfinə qapadıq. Keçmiş keçmişdə qalsın, gələcək nəsillər barışsın deyə.

Amma heç bir il keçmədi ki, gördük ki, səhv etmişik. Cinayətkarı cəzalandırmayanda daha da azğınlaşırmış.

Bunun qarşılığında ermənilər nə etdilər?

Rusiyanın Azərbaycanı ələ keçirməsinə dəstək olmaq üçün Qarabağda üsyan qaldırdılar.

Cümhuriyyətin işğalından sonra Azərbaycanın qurucu atalarının bəzilərini qətlə yetirdilər.

Kimlər idi onlar?

1920-ci il iyulun 19-da Azərbaycan Cümhuriyyəti Parlamentinin sədr müavini, faktiki isə sədri olan Həsən bəy Ağayevi öldürdülər.

Həsən bəy Azərbaycan tarixindəki ən böyük şəxsiyyətlərdən idi. Əlimərdan bəy Topçubaşı İstanbul və Parisdə diplomatik fəaliyyətdə olduğu üçün parlamentə 13 ay müavin olaraq o başçılıq etmişdi.

Həsən bəy o adam idi ki, öz maaşını katibliyin işçiləri arasında bölüşür, bəzən o da çatmayanda xahiş edir, iki-üç aylıq məvacibini alıb tabeliyindəki işçilərə paylayır, özü əməkhaqqısız qalırdı.

1920-ci il iyunun 19-da Azərbaycan Cümhuriyyətinin ilk baş naziri, xarici işlər naziri Fətəli xan Xoyski ermənilər tərəfindən öldürüldü.

Xoyski hökuməti dövründə Azərbaycan milli ordusu yaradılmış, məktəblər milliləşdirilmiş, türk dili dövlət dili elan edilmiş, ilkin rəmzlərimiz qəbul edilmişdi. Məhz Xoyski dövründə mart soyqırımının araşdırılması üçün təhqiqat komissiyası formalaşdırılmışdı. İlk hökumət rəhbəri olaraq Azərbaycanın müstəqilliyi ilə bağlı dünyaya məlumat vermişdi.

Erməni terrorçuları bu iki hadisə ilə yanaşı Cümhuriyyətin Ədliyyə nazirini də boğazından yaralamışdılar.

Ermənilər cinayətlərini Tiflislə yekunlaşdırmadılar.

1921-ci il iyul ayının 18-də, gecə saat 23:00 radələrində İstanbulda “Perapalas” hotelinin yaxınlığında erməni terrorçu Misak Torlakyan Cümhuriyyət nazirlərindən Behbud xan Cavanşiri qətlə yetirir. Behbud xan ağır yaralı halda xəstəxanaya çatdırılsa da, 35 dəqiqə sonra vəfat edir. O zaman İstanbul ingilis işğalı altında idi. Ona görə də məhkəmə prosesini də onlar həyata keçirirlər. 1922-ci il yanvarın 4-də biabırçı məhkəmə hökmü elan edilir: Misak Torlakyan cinayəti affekt halında törətməsi iddiası ilə azad olunur. Nəticədə, qatil ABŞ-a qaçırılır və uzun illər orada yaşayır. Məzarı ermənilər tərəfindən müqəddəsləşdirilir.

Diqqət edək, ermənilərin Cümhuriyyət liderlərini hədəfə alması, onları qətlə yetirmələri məhz Azərbaycan dövlətinin mövcudluğuna qəsd idi. Çünki xalqın önündə olan liderlərin öldürülməsi elə o xalqın zamanla yox olması deməkdir. Təsadüfi deyil ki, SSRİ-nin dağılması dövründə ermənilər növbəti dəfə Qarakənd terrorunu törədərək Azərbaycan dövlət rəhbərlərini öldürdülər.

Qurucu ataları Njde olanlardan ancaq bunu gözləmək olardı.

Yüz ildir ki Qafqazın bəlası olan bu toplumda yetişən terrorçular Azərbaycanın dövlət xadimlərindən tutmuş körpə uşaqlara qədər terror etməklə məşğuldurlar.

Bütün bunları görməyən gözlər, eşitməyən qulaqlar Ramil Səfərov olayını elə formada təqdim edirlər ki, sanki məzlum olan ermənilərdir.

Unutmayın ki, ermənilərin yetişdirdiyi hər bir zabit və əsgər sabah daha iki yaşlı Zəhranı öldürmək üçün səngərdən gözlərini bizə dikəcəkdir...


Müəllif: Dilqəm Əhməd