Beynəlxalq hüquq müdafiəsi təşkilatları arasında, xüsusilə də Azərbaycanda və postsosialist məkanında ən çox tanınanı mərkəzi mənzil-qərargahı ABŞ-da yerləşən, dünyanın 70-dən çox ölkəsində təmsilçiliyi olan Human Rayts Votç (Human Rights Watch) təşkilatıdır. İllik büdcəsi onmilyonlarla dollar olan HRV vaxtilə “soyuq müharibə silahı” kimi yaradılsa da, hazırda dünyanın ən böyük geosiyasi təzyiq alətlərindən sayılır.
Human Rayts Votç 1978-ci ildə SSRİ ərazisində Helsinki razılaşmasına əməl edilməsinin monitorinqinin aparılması məqsədilə şəxsi qeyri-lommersiya cəmiyyəti kimi yaradılıb və Helsinki Votç (Helsinki Watch) adını daşıyıb. Qeyd edim ki, Helsinki razılaşması insan hüququ və azadlıqlarına İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin prinsiplərinə uyğun əməl edilməsini nəzərdə tuturdu.
HRV 80-ci illərdə Şərqi Avropada və SSRİ ərazisində baş verən qarşıdurmalarda, hakimiyyət çevrilişlərində iştirakını gizlətmir. Həmçinin etiraf edir ki, təxminən 20 il ərzində postsosialist məkanına Qərbin diplomatik, iqtisadi və hərbi müdaxiləsini təmin etmək üçün informasiya və təbliğat ruporu funksiyasını yerinə yetirib.
Amma SSRI ərazisində baş verən sıradanbir və fərdi hüquq pozuntuları ətrafında fırtına qoparan HRV, nədənsə həmin dövrdə sovet qoşunlarının Azərbaycanda həyata keçiridikləri kütləvi qətliama heç bir reaksiya vermədi. 20 Yanvar qırğını ilə bağlı “müdrikcəsinə” susdu...
Azərbaycana münasibətdə HRV-nin qərəzli münasibəti SSRİ-nin süqutundan sonra da davam edib və təsisat Ermənistanla, erməni diaspor təşkilatları ilə sinxron fəaliyyət göstərib. Və beləliklə nə Xocalı soyqırımına, nə də ölkəmizin ərazisində həyata keçirilən digər kütləvi qırğınlara münasibət bildirməyib. Bir milyona yaxın azərbaycanlı məcburi köçkünün 30 ilə yaxın bir zaman kəsiyində pozulan fundamental hüquqları barədə susmaqla yanaşı, işğalçı ölkənin maraqlarını himayə etməklə bu prosesin illərlə davam etməsinə de-fakto dəstək verib.
Əslində, HRV hüquq müdafiə təşkilatı deyil, cəsus şəbəkəsidir, təmsil etdiyi maraqların müdafiəsi və onların hədəf seçdiyi ölkələrə qarşı təzyiqlərini əsaslandırmaq üçün bəhanə üyüdən “yel dəyirmanı”dır.
Human Rayts Votç-un insan hüquq və azadlıqlarına, humanizm prinsiplərinə gerçək münasibətinin nədən ibarət olduğunu aydın şəkildə dərk etmək üçün, qənaətimə görə, təşkilatın rəhbəri Kennet Rotun 2013-cu ildə Qərb ölkələrini “mülki əhalinin qorunması üçün” Suriyanı bombalamağa çağırmasını xatırlamaq yetərlidir.
HRV-nin ən “yaralı” yeri təşkilatın maliyyə mənbələridir. Təşkilat rəhbərləri yeri gəldi-gəlmədi, soruşan oldu-olmadı, maliyyə mənbələrinin “müstəqilliyi” haqqında danışmağı, daha dəqiq desək, yalan uydurmağı sevirlər. Və bu barədə o qədər danışırlar ki, son nəticədə öz yalanlarına hamıdan çox özləri inanırlar.
Xatırıadım ki, sözügedən təşkilatın ən böyük donorlarından biri və birincisi Ermənistana və bu ölkənin hakimiyyətinə xüsusi sevgisi ilə seçilən Soros Fondudur.
2010-cu ildə Corc Soros Human Rayts Votç-un “qlobal iştirakının dərinləşməsi və genişlənməsi” məqsədilə bu təşkilata 10 il müddətinə 100 milyon ABŞ dolları ayırıb.
Bu vəsaitlərin haraya və necə xərcləndiyini müəyyənləşdirmək üçün, düşünürəm ki, Corc Sorosun müttəfiqi, NED-in rəhbəri Vaynşteynin məşhur deyimini xatırlatmaq yerinə düşər. Sitat: “Biz indi Mərkəzi Kəşfiyyat İdarəsinin 25 il öncə gizli şəkildə məşğul olduğu işlərlə aşkarda məşğul oluruq”.
Məzh bu səbəbdən, həm HRV-nin, nə də onun himayəçilərinin fəaliyyəti dünyanın əksər ölkələrində müsbət qarşılanmır və bu təsisatlara qlobal, təxribatçı cəsus şəbəkəsinin elementləri kimi yanaşılır.
HRV-nin Ermənistana olan münasibəti və Azərbaycana olan qərəzi 44 günlük Vətən müharibəsi dövründə də büruzə verdi. 30 il ərzində öz evlərindən didərgin salınmış yüzminlərlə azərbaycanlının pozulmuş hüquqlarını görməzdən gələn HRV, ənənəsinə uyğun olaraq, işğalçının, müharibə cinayətkarlarının yanında yer aldı. Azərbaycan tərəfinin israrlı dəvəti və təqdim etdiyi təkzibolunmaz faktlar nəticəsində Gəncə və Bərdə şəhərlərinə hücumları öz hesabatına salmaq məcburiyyətində qalsa da, son məqamda öz nadürüstlüyündən vaz keçə bilmədi və heç bir əsas olmadan guya Gəncədə raket zərbəsi endirilən yaşayış məntəqəsinin yaxınlığında hərbi obyektin olduğunu iddia etməklə növbəti dəfə qərəzli mövqeyini ortaya qoydu. Halbuki Gəncəni tanıyan hər kəs çox yaxşı bilir ki, raket zərbəsinin endirildiyi yaşayış məntəqəsinin yaxınlığında heç vaxt hərbi obyekt olmayıb. Bu faktı hadisədən dərhal sonra Gəncədə olan dünyanın nüfuzlu media qurumlarının təmsilçiləri də təsdiqlədilər. Amma maraqlarına uyğun gələndə dəfələrlə istinad etdikləri nüfuzlu, transmilli media qurumlarının təqdim etdiyi faktlar da HRV başbilənlərinin işinə yaramadı və yaramazlıqlarının qarşısını ala bilmıədi.
Həmin dövrdə HRV-nin bəyanatlarından birində diqqət çəkən başqa bir məqam isə mülki əhalinin atəşə tutulmasına münasibətdə sərgilənən münasibət idi. Təşkilatın bəyanatında mülki əhalinin qadağan olunmuş kasset tipli silahlarla atəşə tutulmasının yolverilməzliyi vurğulanırdı. Və bu yanaşmadan belə anlaşılırdı ki, mülki əhali qadağan olunmamış silah növlərindən atəşə tutula bilər.
Qeyd edim ki, “Müharibə dövründə mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il, avqustun 12-də qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinə əsasən, nəinki mülki əhalinin, hətta döyüş əməliyyatlarında iştirak etməyən silahsız hərbçilərin belə hədəfə alınması qadağan olunur. Bu baxımdan, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini təkcə kasset tipli silah-sursatdan yox, adi silahlardan da atəşə tutanda Konvensiyanın və təbii ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmuş və müharibə cinayəti törətmiş olur.
Bu isan hüquqlarının müdafiəsi ilə məşğul olduğunu iddia edən bir təşkilatın, sıradanbir hüquqşümasın belə açı təbəssümünə səbəb olan biləcək, ikrah doğuran, simasız yanaşma tərzidir.
İndi isə HRV erməni əsirlərə işkəncə verildiyi iddiası ilə çıxış etməyə başlayıb. Səbəb, şübhəsiz ki, bəllidir. “Sorosun uşaqları”nın Ermənistan daxilindəki mövqelərinin qismən də olsa möhkənləndirməsi üçün Azərbaycana qarşı bu və ya digər müstəvidə təzyiqlərin təşkil edilməsinə ehtiyac var. Eyni yanaşma təşkilatın “hazırladığı” hesabatda yer alan digər məqamlarda da özünü büruzə verir.
Ermənistanın azərbaycanlı əsirlərə münasibətdə göstərdiyi qeyri-insani münasibət barədə bircə kəlmə də danışılmır, həm birinci, həm də ikinci Qarabağ müharibələri zamanı hərbi və mülki Azərbaycan vətəndaşlarının pozulmuş hüquqları barədə söz açılmır, onlara qarşı həyata keçirilən işkəncələrin istintaqı Ermənistandan tələb olunmur.
Xatırladım HRV bu günədək taleyi barədə heç bir məlumat olmayan, itkin düşmüş 4 min azərbaycanlının taleyi ilə maraqlanmayıb. Onların kütləvi məzarlıqlarda dəfn olunması barədə ən müxtəlif səviyyələrdə səsləndirilən ehtimallara diqqət yetirməyib. Ermənistanın işğalı nəticəsində viran qoyulmuş yaşayış məntəqləri, yüzminlərlə insanın pozulmuş mülkiyyət hüquqları ilə bağlı illərdən bəri susub və yenə də susmaqda davam edir.
Maraqlıdır, görəsən HRV hansı səbəbdən işğaldan azad edilmiş Azərbaycan ərazilərinə öz ekspertlərini göndərmək, erməni vandalizminin dəhşətli mənzərəsi ilə yerindəcə tanış olmaq istəmir?
Bəlkə yenə də həqiqəti etiraf etmək məcburiyyətində qalmaqdan qorxur? Axı işğaldan azad edilmiş ərazilərdə Gəncəyə atlan raketlə bağlı məsələdə olduğu kimi ikibaşlı ifadələr səsləndirmək mümkün olmayacaq. Çünki ərazilər Ermənistanın nəzarətində olub və orada baş verənlərin də bütün məsuliyyəti işğalçı ölkənin üzərinə düşür.
Görəsən hərbi əsirlırin üzərində mövcud olmayan işkəncə izi axtarmaq sevdasına düşən, yaxud düşürülən HRV nə üçün Azərbaycan ərazilərinə toxum kimi səpilmiş minalardan söz açmır? Nə üçün Ermənistandan minalanmış sahələrin xəritələrini ölkəmizə təhvil verməyi tələb etmir. İşğaldan azad edilmiş Azərbaycan əraziləri “mina zəmisi”ni xatırladır. Bəlkə də heç bir müharibədə, hətta İkinci Dünya Savaşında belə bu qədər minadan istifadə olunmayıb. Məqsəd nədir? Şübhəsiz ki daha çox azərbaycanlının ölıümünə səbəb olmaq. Amma HRV üçün onminlərlə insanın ölümünə səbəb olacaq və bundan daha çox qadını, körpəni gözü yaşlı qoyacaq bu amansız mina tələləri önəmli deyil, onlar üçün Azərbaycan ərazilərində müharibə cinayətləri törətmiş Vartan, yaxud Petrosun barmaqlarının üzərindəki tikan cızığının “işkəncə izi” kimi təqdim edilməsi daha çox əhəmiyyət daşıyır. Çünki belə olduğu halda, Soros dədələri kisəsinin ağzını daha gen açacaq...
Görəsən erməniləri bu qədər çox sevən HRV-çilər hansı səbəbdən Ermənistan vətəndaşlarının öz ölkələrində pozulan hüquqlarına, onların məcburi şəkildə Azərbaycan ərazilərində keçirilən hərbi əməliyyatlara cəlb edilmələrinə diqqət ayırmırlar?
Niyə? Niyə? Niyə?
Əslində bu sualların cavabları bizim üçün gün kimi aydındır. Əgər belə olmasaydı Qara Bağın “Qordi düyünü”nü kəsib torpaqlarımızı işğaldan azad etməzdik. HRV-lərin “ədaləti”nə güvənib daha 30 ilimizi tarixin arxivinə gömər, qürurumuzun onillərlə aşağılandığını müşahidə edərdik.
HRV-ləri və onlara “musiqi” sifariş verənləri qəzəbləndirən də Azərbaycan Ordusunun Zəfəri, Azərbaycan xalqının, dövlətinin və liderinin misli görünməmiş birliyi, həmrəyliyidir.