İkinci Dünya müharibəsinin ildönümlərində yarızarafat, yarıciddi bu sual gündəmə gəlir: Almanlar qalib gəlsəydi, Azərbaycanın taleyi necə olacaqdı?
Biz bu suala ciddi cavab axtaracağıq!
Öncəliklə Azərbaycanın taleyinin necə olacağını qaliblərin kimliyində, ideologiyasında, daha əvvəlki praktikalarında axtarmaq lazımdır.
Nasistlərin nəzərində Qırmızı ordunun əsgəri düşmən bolşevik rejiminin təmsilçisi idi. 1941-ci ilin 30 sentyabrında sırf SSRİ əsirləri üçün hazırlanan “təlimat”da onlara pis davranılması və silah istifadə olunması məcburiyyəti gətirilib.
Yenə nasistlərin nəzərində türk xalqları ən aşağı irqlərdən idilər.
Deməli, SSRİ ordusunda vuruşan azərbaycanlı həm Qırmızı ordunun təmsilçisi, həm də türk olduğu üçün alman nasistlərin nəzərində ikiqat aşağılayıcı rəftara layiq idilər. Belə xalqa isə nəinki müstəqil dövlət verəcək, əksinə qul kimi işlədəcək, ari irqi hesab edəcəkləri erməniləri Qafqaza hökmran qoyacaqdılar.
Ona görə də nasistlərin hakimiyyətə gəldiyi illərdə Avropada olan M.Rəsulzadə onların iç üzünü bildiyi üçün öncədən bu şərtləri irəli sürmüşdü:
- Azərbaycan almanlar tərəfindən azad edilməzdən əvvəl azərbaycanlı könüllülər öz komandirlərinin rəhbərliyi altında müvafiq hərbi hazırlıq keçməlidirlər. Azərbaycan Komitəsi azərbaycanlıları hərbi əsir düşərgələrindən çıxarmaq hüququna malik olmalıdır;
- Almaniyada yaşayan azərbaycanlılar üçün mətbuat azadlığı təmin edilməlidir;
- Azərbaycan almanlar tərəfindən azad edildiyi təqdirdə həm daxili, həm də xarici siyasətdə müstəqillik alacaqdır.
Təbii ki, almanlar bu şərtləri qəbul etmədilər. Çünki onların planında Qafqazın necə idarə ediləcəyi artıq vardı. Qafqaz imperiyanın vilayətlərindən biri olacaqdı.Həmin vilayətə isə hər hansı bir azərbaycanlının rəhbər təyin ediləcəyi mümkünsüzdü.
Amma buna baxmayaraq Fətəlibəylinin rəhbər olduğu Azərbaycan Milli Birlik Məclisi bu vədi almanlardan almağa çalışırdı. Məsələn, 1943-cü il noyabrın 6-da baş tutan Milli Azərbaycan Qurultayında Fətəlibəyli Məclisin vəzifələrini bu şəkildə izah edib:Bolşevizmin məhvi və müttəhid Qafqaza daxil olan müstəqil Azərbaycan dövlətinin bərpası;Bütün Qafqaz xalqları və böyük Almaniya ilə dostluqda bolşeviklərsiz və istismarçılarsız yeni Azərbaycan yaratmaq.
Amma Milli Azərbaycan Qurultayında alınan bu qərarların Azərbaycanın ruslardan alındıqdan sonra Almaniya tərəfindən qəbul ediləcəyi imkansız idi. Çünki bir daha xatırladaq ki, Almaniyanın işğal ediləcək ərazilərlə bağlı həyata keçirəcəyi siyasi addımlar arasında müstəqillik vədi olmayıb. Azərbaycan məsələsi ən yaxşı halda Türkiyə ilə siyasi bazarlıq mövzusu ola bilərdi. Digər tərəfdən Fətəlibəyli legionda önə keçdiyi zaman artıq müharibə almanların əleyhinə çevrilmişdi. Eyni zamanda almanlar da ruslar kimi türk legionlarını kiçik qruplara bölmüş, ruslar kimi fərqli əlifbada jurnal və qəzet çıxarmalarına, radioda xəbərlərə icazə vermişdilər. Eləcə də Rozenberqin ulduzunun sönməsindən, legionlar Gestaponun nəzarətinə keçdikdən sonra Fətəlibəylinin fəaliyyət imkanları tamamilə daralmışdı.
Amma Fətəlibəyli bu inadından əl çəkmir, müəyyən qədər nail olur. Belə ki, 1944-ci ilin mayın 17-də Azərbaycan Milli Birlik Məclisinin rəhbərliyi Berlinin “Esplanad” otelində Alfred Rozenberqlə görüşür. Görüş zamanı Fətəlibəyli “Əgər biz bilsək ki, rusların yerinə almanlar Azərbaycanda ağalıq edəcəklər, biz sizinlə bir addım da atmayacağıq. Biz yalnız Azərbaycanın müstəqilliyi uğrunda vuruşuruq” deyir. Rozenberq “Reyx öz sözünü tutmalıdır, müstəqillik sədəqə deyil, onu mübarizə və qanla qazanırlar” cavabını verir.
Nəhayət, 1945-ci ilin mart ayının 17-də Alfred Rozenberq Almaniya hökuməti adından gələcək müstəqil Azərbaycanın müvəqqəti hökuməti kimi Azərbaycan Milli Birlik Məclisini tanıyır.
Bu münasibətlə Fətəlibəyli yazıb: “Bu tanınma aktının imperiyanın məhvindən ay yarım və ya 5 dəqiqə əvvəl baş verməsi prinsipial əhəmiyyətə malik deyil. Məsələ bundadır ki, oğullarının qanı və zəhməti hesabına əldə edilmiş bu tanınma Azərbaycan xalqının böyük nailiyyəti idi”.
Amma Fətəlibəyli də fərqində idi ki, bu tanınma sadəcə Almaniya uğrunda vuruşan azərbaycanlılara gecikmiş bir jest idi və almanlar qalib gəldiyi təqdirdə bu tanınma heç bir zaman dilə gətirilməyəcəkdi.