26 İyul 2021 19:13
6 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 7-də Azərbaycan Prezidenti Şərqi Zəngəzur iqtisadi rayonunu elan etdi. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları Şərqi Zəngəzur iqtisadi rayonunun tabeliyinə verildi. Bununla da Şərqi Zəngəzur inzibati ərazi bölgüsü və haqlı olaraq Qərbi Zəngəzur məsələsi də gündəmə gəldi. Çünki işğaldan azad edilmiş yurdlardakı çıxışında dövlət başçısı “Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir” ifadəsini səsləndirib və bu məsələ bir çox çıxışda gündəmə gəlib.

Bir əsr tarixi olan Qarabağ münaqişəsi, nəhayət ki, haqlı nəticə ilə yekunlaşdı və növbəti problem olan Zəngəzur məsələsinin həlli də artıq başa çatdırılmalıdır. Çünki Qafqazda əbədi sülhün olması üçün ermənilərin haqsız yerə əldə etdikləri torpaqlar geri alınmalı və ya başqa güzəştlərə məcbur edilməlidirlər.

Tarixə ilişib qalmadan keçmişə nəzər yetirsək, bir çox problemlərimizin qaynağı ilə yanaşı həlli yollarını da görə bilərik. Hələ Cümhuriyyət illərində Zəngəzur məsələsinin həlli ilə bağlı “Azərbaycan” qəzetinin redaktoru Üzeyir Hacıbəyli bir neçə məqaləsində təkliflər irəli sürüb. Üzeyir bəy “Ermənistan və Azərbaycan münasibəti” adlı yazısında bu gün də keçərli olan mühüm fikirlər işlədib.

Üzeyir bəy Azərbaycan ərazilərində - Qarabağ və Zəngəzurda yaşayan ermənilərin arxasındakı gücü dəqiq göstərmişdi: “Ararat barmağı ilə idarə olunan və Daşnak rəhbərliyi ilə iş görən”. Münaqişənin ardıcıllığını da dəqiq ifadə etmişdi:

““Zəngəzur məsələsi” zatən ermənilər tərəfindən meydana çıxarılmış olan “Qarabağ məsələsi”nin mabədidir... Zəngəzur Qarabağın bir hissəsi və Qarabağı təşkil edən dörd uyezddən biridir. Zəngəzursuz Qarabağ Qarabağ ola bilməz”.

Üzeyir bəy fikrini belə əsaslandırıb ki, Zəngəzur olmasa, Qarabağın vahid iqtisadiyyatı xələl görəcək, əhali də bundan əziyyət çəkəcək. Buna görə də o, ermənilərin “Zəngəzur bizimdir” iddiasının Azərbaycanın mülkiyyətinə qarşı sui-qəsd olaraq dəyərləndirib.

Üzeyir bəy haqlı olaraq Zəngəzura Qarabağın bir hissəsi kimi baxıb. Qarabağdakı ermənilərin azlıq təşkil etdiyini, buna görə də harada erməni yaşayırsa, o yerin qoparılıb Ermənistana verilməsi iddiasını məntiqsiz hesab edib.

Hacıbəyli bölgənin siyasi coğrafiyası ilə yanaşı iqtisadi vəziyyətinə də toxunub. Zəngəzurun qoparılmasının ermənilər üçün fəlakət olacağını bildirib: “Zəngəzur erməniləri bir kərə Azərbaycandan ayrılsalar, siyasidən əlavə iqtisadi fəlakətlərə məruz qalıb acından ölərlər”.

Qarabağ və onun bir hissəsi olan Zəngəzur Cümhuriyyət hökuməti üçün vazkeçilməz məsələ olub. Ona görə də Üzeyir bəy yazıb: “Azərbaycan öz torpağını qorumaq üçün qılınc çəkməyə məcbur olacaqsa və arada qan töküləcəksə, hamısının məsuliyyəti Ermənistanın üzərinə aid olacaqdır”.

Təəssüf ki, Cümhuriyyətin işğalı nəticəsində həm Qarabağda, həm də Zəngəzurun bir hissəsində hökmümüzü itirdik. 1920-ci ildə Zəngəzurun qərb hissəsi Ermənistana verildi, 7 iyul 1923-də yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində olsa da, faktiki idarəçilik əlimizdə olmadı. Ona görə də SSRİ dağılan kimi həmin ərazi və ətrafı işğal edildi.
Artıq nə DQMV, nə də başqa bir status yoxdur. Azərbaycanın tarixi Qarabağ bölgəsi var.

Artıq Şərqi Zəngəzur anlayışı var.

Demək ki, Qərbi Zəngəzur da var. Azərbaycanın tarixi torpağı olan.

Biz isə oraya mütləq qayıdacağıq.


Müəllif: Dilqəm Əhməd