22 Noyabr 2021 20:54
8 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühacir siyasi xadim Mirzəbala Məhəmmədzadə 1946-cı ildə “Tanin” qəzetində yazdığı “Rəsmi rus sənədlərinə görə Rusiyaya gedib qayıdan ermənilər” adlı məqaləsində maraqlı bir qeyd verib:

“Qarabağdakı erməni tacirləri 1820-ci ildə “erməni camaatı” namına çara göndərdikləri şikayətnamədə xanların yerini işğal edən “komandan”lardan belə şikayət edirdilər:

“Qarabağ Mehdiqulu xanın idarəçiliyində olarkən biz hər cür ərizə və şikayətlərimizlə şəxsən özünün yanına gedərdik, o da xalq içərisindəki etibar və hörmətimizə nisbətlə bizimlə rəftar edər, məruzatımıza şəxsən qulaq asar, adil şəkildə hökm edərdi. Rus məmurlar isə bizimlə cahil qara camaat arasında heç bir fərq qoymur, onlar kimi biz də nəinki sadə komandanlardan, onların məmurlarından da min cür həqarət eşidirik. Heç bir səbəb olmadan mühakiməsiz, sorğu-sualsız, yaşımıza-başımıza hörmət qoymadan, xidmət və sədaqətimizə nəzər salmadan bədən cəzasına məruz qalırıq”.

Mehdiqulu xan, yəqin ki, 1905, 1915, 1918, 1992-ci illəri görsəydi, həmin tacirləri təkcə qapısından yox, Qarabağdan da qovardı. Amma təəssüf ki, Mehdiqulu xanın bu səxavət və izzəti müqabilində onlar müsəlmanlara ehtiram və minnət duymaq əvəzinə həmin xanın torpağına göz dikdilər.
Gün gəldi Mehdiqulu xanın səxavətini davam etdirdik, müsəlman şərqində açılan ilk parlamentdə xristian erməni kürsülərinə də yer verdik, hökumətdə də söz sahibi etdik. Bu o zaman idi ki, onlar artıq Qarabağ iddialarına başlamışdılar, İrəvanı isə bizdən qoparmışdılar.

Cümhuriyyətin işğalından sonra isə onlar hökumətdə ən üst səviyyədə təmsil olundular, 1933-cü ilə qədər azərbaycanlılar idarəçilikdən uzaqlaşdırıldı, 1920 və 1937-1938-ci il repressiyalarında ən mötəbər, aydın insanlarımızın qətl edilmələrinə imza atdılar. Uzun illər Azərbaycanın paytaxtında və bölgələrində söz sahibi oldular, yaxşı vəzifələrə sahibləndilər.

Gün gəldi bir zamanlar Mehdiqulu xanın səxavətindən yararlanan bu adamlar Qarabağı işğal etdilər, Xocalıda soyqırımı törətdilər.

Təbii ki, bütün baş verənlər sadəcə bizdən asılı deyildi. Onların parlamentdə oturmalarını istəyən İngiltərə, Qafqazda at oynatmalarına icazə verən Rusiya vardı. 1992-dən sonra isə Qarabağdan çıxmamalarına çalışan Fransa vardı...

Amma Azərbaycan yenə səxavətini göstərdi. Sülh olsun, müharibə olmasın, hər iki tərəfdən insanlar ölməsin deyə keçmiş Dağlıq Qarabağa ən yüksək muxtariyyət vəd etdi. Avropa, Amerikada ən ali səviyyələrdə onlarla görüş oldu. Nəticədə bir kəndin bir ağacı belə sülhlə qaytarılmadı.

Əlbəttə, Azərbaycan yenə sülh tərəfdarıdır. Şəhidlərimiz olmasın deyə müharibəni birdəfəlik bitirməli, sərhədlərimizi tam şəkildə nəzarətə almalıyıq. Qarabağda qalmaq istəyən sadə ermənilər isə bu gerçəkliklə barışmalı, himnimizi əzbərləməyə başlamaqla dövlətə və millətə sadiqliklərini isbat etməlidirlər.

Bir zamanlar atalarının etdiklərini etməməlidirlər. Ataları nə etmişdilər? Bir daha Mirzəbala bəyin məqaləsinə müraciət edək. Məhəmmədzadə həmin məqaləsində bir erməni mühərririnə istinadən yazıb: “1828-ci ildə İranla Rusiya arasında əqd olunan Türkmənçay müqaviləsindən sonra 40 min erməni İranı tərk edərək “xristian dövlət”in himayəsinə sığınmaq istəmişdilər. Azərbaycanın ümumi valisi şahzadə Abbas Mirzə Qacar erməniləri bu qərarlarından vaz keçirmək üçün yalvarmış, onlara yaşadıqları yer və yurdları tərk etməyin yazıq olacağını, peşman olacaqlarını, erməniləri Rusiyada əsarət və köləlik rejimi gözlədiyini söyləsə də, ermənilərdən bu cavabı almışdır: “Biz xristian məmləkətində saman yeməyi, müsəlman məmləkətində çörək yeməyə tərcih edərik”.

Qafqaz o zaman Rusiyanın istilasında olduğu üçün ermənilər “xristian məmləkəti” olaraq qeyd ediblər.

Ümid edirik ki, onlar müsəlman yurdu Qarabağda Azərbaycan valisinə eyni sözü söyləməyəcəklər...


Müəllif: Dilqəm Əhməd