23 Dekabr 2021 18:13
6 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ müharibəsindən bir il ötdükdən sonra bəzi çevrələrdə ermənilərlə sülh, yaşananların tarixdə qalması, Qafqazda dostluğun bərqərar olması kimi məsələlər gündəmə gəldi.

Şübhəsiz ki, “dostluq”, “sevgi”, “sülh” kimi anlayışlar hər birimizin ali məqsədidir, bəşəriyyətin xilası xalqların əmin-amanlıq, barış içində yaşamasındadır. Tarixdə bir-biri ilə illərlə müharibə aparan xalqlar daha sonra sülh içində öz həyatlarını davam etdirib, o hadisələr bu gün sadəcə tarix kitablarında xatırlanır. Amma Cənubi Qafqazdakı olayların tarixi fasilələrlə yüz ildir davam etdiyi üçün həssaslığı çoxdur, daha əvvəl düşdüyümüz tələyə yenidən ayaq basmağa tələsməməliyik.

1905-1906, 1918-ci il hadisələri haqqında kifayət qədər yazılıb. 31 Mart ilə Xocalı soyqırımlarının törədilmə şəklinə qədər eyni zehniyyətin məhsulu olması barədə xeyli materiallar mövcuddur. Çar Rusiyası məmurlarının 1906-cı ildə bizi “barışdırması”, Cümhuriyyət hökumətinin Cənubi Qafqazda sülh olsun deyə 31 Mart ilə bağlı açılan cinayət işinə xitam verməsi kimi məsələlər də məlumdur. Məhz buna görə də xalqın hafizəsində ermənilərlə sülh anlayışı növbəti aldanış, növbəti sadəlövhlük kimi qəbul edilir.

Unutmayaq ki, xalqlar həbsxanasında xalqların dostluğuna inanan biz azərbaycanlılar 1988-ci ildə nə baş verdiyini hələ dərk etməmişdik. Ermənilər ta 1960-cı illərdən Qarabağı ələ keçirmək planı üzərində işləyərkən, biz 1980-lərdə də sosialist qardaşlığının əbədi davam edəcəyinə inanırdıq. Ona görə də ötən əsrdə dəfələrlə bu aldanmalara məruz qaldığımız üçün haqlı olaraq bu dəfə sülh quruculuğu məsələsi təpki ilə qarşılanır.

Müharibədən sonra Ermənistana və ya başqa ölkələrə getməyən ermənilərlə 30 ildir ki eyni paytaxtda yaşayırıq. Bu baxımdan Xankəndidəki 25 min erməni ilə də yanaşı yaşamaq barədə hər hansı problemimiz yoxdur. O şərtlə ki Xankəndidə Azərbaycan nəzarəti bərpa olunduqdan sonra o vətəndaşlar Azərbaycan icması olduqlarını qəbul edəcək, nəinki dildə, fikirdə belə təkrar separatçı düşüncələrə dalmayacaqlar.

Cənubi Qafqaz müxtəlif kiçik xalqlar baxımından zəngindir. Ta əski çağlardan etibarən bu xalqlar burada yaşayıblar, ara-sıra kənar qüvvələrin müdaxiləsi ilə müəyyən qruplar təxribatlara cəhd etsələr də, bütünlükdə hamısı Azərbaycanın üçrəngli bayrağı altına yığışıblar. Hər üç Qarabağ müharibəsində bu xalqlar iştirak edib, şəhid veriblər. Ona görə də gələcəkdə Azərbaycan vətəndaşı olan ermənilər də yeni reallıqlara, qanunlarımıza və sabitliyə riayət etmək məcburiyyətində olacaqlar. Amma bunun baş verməsi üçün Ermənistan hökumətinin də həyata keçirməli olduğu addımlar vardır:

Əvvəla, Ermənistan Qazaxın 7 kəndi daxil bütün Azərbaycan torpaqlarından çıxmalı, ardınca sərhədlərin müəyyənləşdirilməsində problem yaratmamalı, reallığa uyğun davranmalıdır.

İkincisi, hələ də istər separatçıların, istərsə də İrəvanın nümayəndələri tərəfindən səslənən Qarabağ iddiasından birdəfəlik əl çəkilməlidir.

Üçüncüsü, Paşinyan Xocalı soyqırımına görə rəsmi şəkildə üzr istəməli, Xocalıda qoyulacaq abidənin önündə baş əyməlidir.

Qafqazda sülhün bünövrəsi məhz Ermənistanın yanlış iddialarından əl çəkməsi və bu iddialar uğrunda törətdiyi qırğınlara görə üzr istəməsi ilə mümkündür. Çünki münaqişəni başladan, ardınca müharibəyə çevirən, ərazilərimizi işğal edən Ermənistan olub. Buna rəğmən Azərbaycan iyirmi ildən çox müddətdə qan bahasından vaz keçib sülh yolu ilə işğalın bitirilməsini dəstəkləyib. Yəni biz kifayət qədər sülhpərvər mövqe sərgiləmişik, indən belə bu səpkidə fikir yürütməyə ehtiyacımız yoxdur. Əksinə Ermənistan ayağımıza düşüb yalvarmalıdır ki, bütün etdiklərimə görə peşmanam, ay-ulduzun kölgəsinə sığınmaq istəyirəm.

Digər tərəfdən sülhlə bağlı təkliflər irəli sürərkən üç minə yaxın şəhidimizin ailəsinin qüruruna zərrə qədər də toxunulmamasına çalışmalıyıq. Əlbəttə ki, Azərbaycan toplumunda övladını itirən valideyn də sülhdən yana olacaq. Amma bütün hallarda zəfərə xələl gətirəcək hər hansı bir güzəştə yol verilməməlidir.

Böyük Üzeyir bəyin dediyi kimi: “Biz hamımız qafqazlı balalarıyıq. Birimizin düşməni varsa, hamımızın düşmənidir, dəfinə hamımız çalışmalıyıq. Birimizi bir təhlükə təhdid edirsə, hamımızı təhdid edir, nicatımız ittifaqdadır”.

Qafqazın düşmənlərinin də, dostlarının da kimlər olduğu bəllidir. Ermənistanın xilası məhz Azərbaycanın seçdiyi yolda irəliləməsidir.

Qafqazda həqiqi sülh o zaman qurulacaq.


Müəllif: Dilqəm Əhməd