22 May 2022 23:26
10 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet Azərbaycanı dönəmində Bakı Türkiyədən bir çox qonaq qəbul edib. Onların arasında Baş nazir, prezident də olub. Eləcə də jurnalistlər, iqtisadçılar, elm adamları və s. paytaxtımıza gəlib, xatirələrində gördüklərini yazıblar.

Xatirə müəlliflərindən biri də Bülənd Ecevitlə birgə Bakıya gələn Cahid Kayradır (1917-2021).

Cahid bəy Türkiyədə ticarət və maliyyə nazirliklərində çalışıb, 1973-cü ildə millət vəkili olub. 1974-cü ildə qurulan CHP-MSP koalisiya hökumətində Enerji və Təbii Qaynaqlar naziri olub. 1981-ci ildən etibarən siyasi həyatdan çəkilərək müxtəlif yazılar, kitablar qələmə alıb. Yazdığı əsərlərdən biri də “38 nəsli. Cümhuriyyətdə yetişənlər” adlanır. Bu kitabında Leninqraddan sonra Bakıya gəlişlərindən bəhs edib. Həmin heyətdə məşhur yazar Əziz Nesin də olub.

Bu səyahət Ecevitin CHP sədri kimi SSRİ-yə gəldiyi 11-18 iyun 1976-cı ildə baş tutub.

“Qurşun rəngli səssiz və küskün bir div kimi yatan Leninqraddan sonra Bakı bir Ağdəniz ölkəsi kimi göründü. Ziyafətlərə qatıldıq. Bakı hökumətinin mədəniyyət naziri Bülənd Ecevitə müsafirlik edirdi. Həsən Əsəd İşıkla mən “köhnə vəzirlər” olduğumuzu öyrəndik”.

Cahid bəy xatirələrinə bu cümlələrlə başlayıb. Ardınca Bakının neft qoxuyan sahillərindən, güllü-çiçəkli parklarından bəhs edib, şəhərin memarlığını bəyəndiyini qeyd edib. Amma Bakının bu gözəlliyinin üzərində qurulan bir çirkinlikdən də söz açıb:

“Amma bu gözəlliyin üstündə, şəhərin təpəsindən aşağıya doğru Demokl qılıncı kimi asılan “Kirov” heykəli bir anda bütün görüntünü pozur. Xatirələr sizi 1920-lərin soyqırımına, Kirovun azərbaycanlı aydınları acımasızcasına qətl etdiyi zamanlara aparır”.

Müəllif ardınca Bakı ilə İstanbulu müqayisə edib:

“1920-ci illərin Bakısı eyni illərdəki İstanbulla müqayisədə daha inkişaf etmiş bir şəhərdi. Universitet, elm, sənət həyatı, qurumlar irəlidə idi. Latın əlifbasını Türkiyədə əvvəl qəbul etmişdilər. Sonra isə bolşeviklər kiril əlifbasını gətirdilər. Bakının o illərdə opera binası, öz operaları, xor orkestri vardı. Bakını gəzdirənlər bizə o illərin sənətçiləri və indikilər haqqında xeyli danışdılar. Biz Bakıda ikən Azərbaycanın böyük sənətkarı Niyazi Ankarada orkestri idarə etməkdə idi”.

Kayra Azərbaycanın təhsil həyatından da bəhs edib:

“Biz getdiyimiz tarixdə Bakı Universitetində 98 min tələbə oxuyurdu. Həmin universiteti görməyə getdik. Bizə Təbiət Tarixi Muzeyini xüsusilə gəzdirdilər. Bir salonda balaca gənc xanım Azərbaycan xəritəsi üzərində dünyanın ən qəribə və zəngin mədənlərinin bu dağlarda olduğunu danışdı. Mədən yataqlarının yerlərini göstərdi. Bu mədənlərdə çıxarılanların hara getdiyini soruşduq. Hamısının Rusiyaya və başqa respublikalara göndərildiyini dedi”.

Xatirələrdən öyrənirik ki, Ecevit soyuducu fabrikini ziyarət edib, Cahid Kayra isə Xəzər neftinin idarəçiləri ilə görüşməyə gedib:

“Onların əlində Türkiyədəki neft sahələri ilə bağlı çox detallı, böyük xəritə vardı. Mənə bu xəritələrdən vermələrini istədim. Sədr Bağıroğlu və köməkçisi Mahmudoğlu istəyimi müsbət qarşıladılsr. Amma danışdıqca başqa bir vəzifəsinin olduğunu hiss etdiyim Xoşbağçıoğlu buna qarşı çıxdı, vermədilər... Azərbaycanda istehsal olunan illik 20 milyon ton neftin 2 milyonu burada tükədilir, 18 milyonu sənayenin çox olduğu Rusiyaya göndərilir... Açıq şəkildə Azərbaycan istismar olunurdu”.

Daha sonra Bakını gəzməyə çıxan heyət şəhərdə piyada dolaşıb:

“Bakıda ikinci gün Ecevit şəhəri piyada gəzmək istədi və yola düşdük. Heyət şəklində dolaşdıq, amma daha sonra qruplara ayrıldıq. Bülənd Ecevit və mən kitab mağazasına girdik. Ecevit val almaq istəyirdi, amma tapa bilmədi. Bir kitabçıda Plexanovun SSRİ-də ingiliscə çap olunmuş kitabını gördük. Ecevit düşüncəli şəkildə üzümə baxdı və kitabı satın aldı. Mən isə Nəsimi və Xətainin ərəb hərflərində olan divanlarını aldım”.

Cahid bəy dövlət rəhbərlərinin öz dillərində danışmaq istəməməsinə də toxunub:

“Məni ən çox düşündürən hadisə bizi müsafir edən azərbaycanlıların azəri türkcəsində çətin danışmaları idi. Bülənd Ecevitin mehmandarı olan mədəniyyət naziri danışarkən o qədər çətinlik çəkirdi ki, tez-tez tərcüməsi Mustafaya rusca deyir, o da bizə tərcümə edirdi. Amma çöldəki insanlar belə deyildi... Bakıdan hərəkət edəcəyimiz günün səhərisi hotelin önündə sanki Ağdəniz havasını ciyərlərimə çəkdiyim zaman mədəniyyət naziri yanıma gəldi və açıq şəkildə türkcə danışmağa başladı. Ürəyimdə “niyə həmişə belə danışmırsan” deyə soruşmaq istədim. Amma nazir səbəbini “arifanə” şəkildə anlatmışdı, əlavə soruşmaq mənasızdı...”

Türk heyətinin bu maraqlı səyahəti onlara uğur gətirib. Belə ki, iki il sonra Ecevit Türkiyənin Baş naziri kimliyi ilə SSRİ-yə səfər edəcəkdi.


Müəllif: Dilqəm Əhməd