23 Dekabr 2014 11:45
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Allah, sən saxla! İndi də bu çıxdı. Amma hünərin var Pyer Landri olma, görüm necə olmursan.

***

Normal ailədi haqqında danışdığım. Dövlətli deyillər, amma kasıb da demək olmaz. Hərə bir yerdə çalışıb bir babat dolanırlar, kimsəyə borcları-xərcləri olmaz, heç banklardan kreditləri də yoxdu. Maşın, qaraj, xudmani bağ, normal da ev. Evin ev sayılması üçün lazım olan nədirsə, hamısından varlarıdı. İndi bu evdəki qırğının səbəbini mən danışım, siz görün inanmaq olar, ya yox. Yeni ili qarşılamağa hazırlaşdıqları vaxtda evdə bir mərəkə düşüb gəl görəsən. Hamısı da yerli kanallarda yayımlanan reklamlar üzündən. Bunu qoyub ora gedim ki, bu evin xanımı kasıb ailənin qızı olub. Atadan yetim qalıb, ailə birini tapanda birini tapmayıb. Çətinliklə böyüyüb, aclıq da görüb, qıtlıq da, bəlkə, illərlə bir paltardan çıxmadığı günləri də olub. Görünür, elə bu səbəbdəndi ki, adam nə gördü alır, şopinq məsələsində durub dayana bilmir. Balaca-balaca qazanlar, çeşid-çeşid tavalar, növbənöv gecə köynəkləri, tay-tay süfrələr, yataq dəstləri. Ev ev deyil, elə bil anbardı, anbar.

Bu bayram ərəfəsində ki telekanallarda endirim kapaniyaları haqda reklamlar getməyə başlayıb, bax o reklamın başlamasıyla da həmin evdə hər şey bitib. Ər danışır, mən qulaq asıram. Deyir, xanımı hövlnak özünü dəhlizdən içəri atıb ki bəs tez ol, televizorun kanalını dəyiş. Ay aman, gecikdik, tez ol, tərpən, tərpən. Nə olub? Nə xəbər? Demə, telekanallardakı ən reytinqli verilişlərin birində elektrik sobasını reklam edirlər. Və bayram münasibətilə bir soba alana əlavə ütü, şirəçəkən, daha nə bilim nəsə bir elektrik cihazı da hədiyyə edirlər. Kişi qımışıb ayağının böyründəki sobanı göstərir, yəni ki varımızdı. Qadın yox deyib durur: “Nə olsun var? Birini də alaq. Üstündə nə qədər şeyi havayı verirlər”. “Axı bu elə cihazdı ki, vur-tut 4-5 ay işlədilir, illərlə də xarab olmur. Həm də hər otaqda biri var, təzəsini hara qoyacayıq?” Xanımsa artıq göylərdədir. Havayı sahib olacağı 2-3 lazımsız elektrik cihazına görə (həmin cihazlardan da onlarda var!) mütləq ərinə soba aldırmağa and içib sanki. Deyir, alacağıq, vəssalam. Kişi deyir - “yox ki yox. Mən dəliyə oxşamıram”. Əl-qərəz, söz sözə calanır, nə qadın tutduğundan dönür, nə kişi ağılsız təkliflə razılaşır. Evdə bir dava düşür, gəl görəsən. Dava uzanır, umu-küsü günlərlə davam edir.

***

Hər şey dayənin günahı ucbatından baş verir. Dayə uşağı sakitləşdirmək üçün qəzet elanları ilə başını qatır. Uşaq yeyəndə də, oynayanda da, yatanda da elanlardan əl çəkmir. Bu xırda vərdiş balacanın böyük faciəsinə çevrilir. Pyer Landri reklamlarsız bir addım da atmır. Yemək yeyir, ancaq reklam olunan malları alır. Əyninə paltar almaq üçün yalnız və yalnız endirim kampaniyalarını gözləyir. Adam reklamın quluna, köləsinə, qurbanına çevrilir. Kim bu adam? Öncə bu sualı cavablayaq, sonra sizə başqa mətləblərdən xəbər verəcəm. Bu adam adi adam deyil, personajdı. Fransız yazıçısı Emil Zolya bu personajı 19-cu əsrin sonlarında yaradıb - Avropada kapitalizmin tüğyan etdiyi ərəfədə. “Reklamın qurbanı” əsərinin qəhrəmanı bax bu gün bizim kimi reklamlara aludə olan birisi. Pyer Landri oxuduğu kitabları da reklama görə seçir. Zatən biz də elə edirik. Pyer Landri isə həyatını reklam təlimatına tam uyğunlaşdırır. Kitab oxuyanda belə reklamda deyilən yerlərdə gah gülür, gah ağlayır - reklam göstəricisinə qəti xəyanət eləmir. Günün birində onu görənlər tanımırlar. Adam reklam olunan şampunları, maskaları necə qatıb-qarışdırıb başına çəkirsə saçı dibdən tamam tökülür, qalır daz. Tək həyatı yox, ölümü də reklamın badına gedir binəvanın. Öləndə vəsiyyət edir ki, onu ən çox reklam olunan tabutda basdırsınlar. Elə də edirlər. Qəbristanlığa çatar-çatmaz tabut meyit qarışıq param-parça olur. Bax belə. Zolyanın bu əsəri yazmasından bir əsrdən çox vaxt ötüb. İnsanlar hələ də həyatlarını reklama görə qurur, reklama inanır, reklamdan faydalanacaqlarını düşünürlər. Amma...

***

O köhnə tanışlarıma da məsləhət gördüm ki, artıq soba almaq əvəzinə kitab mağazasından Zolyanın “Reklam qurbanı” əsərini alıb oxusunlar. Elə siz də oxuyun. Bayramqabağı endirim aksiyalarına inanıb da imkan verməyin cibinizə girsinlər. Şərt pul qazanmaqda deyil. Əsas odur, pulu düzgün xərcləməyi bacarasınız. Və unutmayın ki, siz Pyer Landri deyilsiniz. Məndən demək.


Müəllif: Afaq Vasifqızı