Azərbaycanda daha bir seçki arxada qaldı.
Emosional ovqatdan uzaq, dinc məcrada bir seçki prosesi yaşandı.
Ölkəmizdə mövcud olan 1607 yerli özünü idarəetmə qurumuna keçirilən seçkilərdə 37.077 nəfər namizəd kimi iştirak etdi. Onlardan 15.035 nəfər bələdiyyə üzvü oldu.
Mən bu seçkilərin təşkilati və texniki tərəflərinə toxunmaq, sırf səsvermə günü üzərində geniş dayanmaq istəmirəm.
Seçki baş tutub, seçici fəallığı bələdiyyə üzvlərini müəyyən etməyə yetərli olub, şəxsən mən Mərkəzi Seçki Komissiyasının internet saytında səs vermə prosesi canlı yayınlanan məntəqələrdə izlədiyim müddətdə hər hansı pozuntuya rast gəlməmişəm.
Bələdiyyə üzvlüyünə seçilənlərin hər birinə “xeyirli-uğurlu olsun” deyir, seçilməyənlərə ruhdan düşməməyi arzulayıram.
Mənim üzərində dayanmaq istədiyim mətləb başqadır.
Hakim Yeni Azərbaycan Partiyası 16.760 nəfər namizəd irəli sürüb. YAP-ın icraçı katibi Əli Əhmədova istinad edirəm.
Seçkilərdə iştirak edən digər partiyalardan, daha doğrusu müxalifətdə olduğunu bəyan edən siyasi təşkilatlardan ən çox namizəd irəli sürən Sabir Rüstəmxanlının başçılıq etdiyi Vətəndaş Həmrəyliyi partiyasıdır. Partiyanın 500 nəfər civarında namizədi qeydə alınmışdı.
Parlamentdən kənardakı, əsl müxalifət olduğunu iddia edən Müsavat partiyası seçkilərdə cəmi 17 namizədlə iştirak edib, AXCP-nin isə adayların sayı naməlumdur. Deyəsən, Əli Kərimlnin partiyadaşları öz aləmlərində seçkiləri boykot ediblər. Hər halda partiyanın sözçüsü, el arasında Yasəmən İsmayılova kimi tanınan Natiq Ədilov boynunu Tiflisdəki səfirliklərin qarşısında bükdüyündən və jurnalistlərə qarşı açdığı “qara PR” səhifələrinə qarışdığından AXCP ilə bağlı yaranan suallara aydınlıq gətirmək mümkün deyil.
Bu mənzərə bir politoloq, bir siyasi analitik üçün Azərbaycanın siyasi partiyaları haqqında hansı təsəvvürləri yaradır?
Birinci yaranan qənaət budur ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda dominant siyasi qüvvədir.
İkincisi, bunca resurslara malik olan bir siyasi təşkilatın hakimiyyətdə olmaq avantajından yararlanıb seçkiləri saxtalaşdırmasına ehtiyacı yoxdur.
Üçüncüsü, istər Milli Məclisdə təmsil olunan, istərsə də parlamentdən kənarda qalmış siyasi partiyaların demokratikləşmə prosesinə ciddi təsiri yoxdur.
Hər birinizə yaxşı məlumdur ki, demokratiya bir siyasi idarəçilik üsuludur. Demokratik ölkələrdə hakimiyyətin mənbəyi xalqdır.
Zira, sırf hüquqi və siyasi izahı kənara qoysaq, "xalq" çox ümumi və mürəkkəb anlayışdır.
Ona eyni uğurla "kütlə", "camaat", “tayfalardan formalaşan birlik” də demək olar.
Demokratiyanın inkişafı üçün xalq- icmalardan təşkil olunmalıdır.
İcma ilə kütlənin, camaatın, tayfanın arasındakı əsas fərq bundan ibarətdir ki, bu institut individuallığa və vətəndaşlıq məsuliyyəti əsasında formalaşır.
İcmalar siyasi münasibətlər sisteminin əsas nüvəsi sayılır, onun idarəçilik sistemində mərkəzi hakimiyyətdən bağımsız iştirakı BƏLƏDİYYƏ formatında reallaşır.
Demokratik inkişaf bələdiyyələrdən başlayır. Yalnız özünü təşkilatlandıran və tənzimləyən, icmalaşan cəmiyyətlərdə təmsilçilik institutunun digər pillələri uğrunda da real rəqabət gedə bilər.
Bələdiyyə seçkilərində istər Milli Məclisdə təmsil olunan, istərsə də parlamentdən kənarda qalmış siyasi partiyaların sıfır səviyyəsində iştirakı o deməkdir ki, Müsavatdan ASDP-yə qədər müxalifətin heç bir kəsimi icmaların təşkilində və inkişafında rol oynamır, məhəlli mübarizədən kənardılar. Bu isə tabansızlıq deməkdir.
Əgər müxalifət partiyaları Azərbaycandakı bütün bələdiyyələrdə hakim partiyanın namizədlərinin qarşısına öz namizədlərini çıxara bilməyiblərsə, bələdiyyə məclisində çoxluğu qazanmaq üçün mübarizə aparmayıblarsa, seçkiləri sistemli şəkildə müşahidə etməyiblərsə və prosesə vəsait xərcləməyiblərsə, maliyyə yatırmayıblarsa, bu “ala qarğalıq”dan başqa bir şey deyil.
Bir siyasi partiyanın ilk işi təşkilatlanmaqdır.
Təsəvvür edin, hər hansı müxalifət partiyasının nümayəndələri 15.035 bələdiyyə üzvlüyü uğrunda mübarizə aparsaydı, hakim partiya ilə real rəqabətə girsəydi, demokratiya baxımdan nə qədər gözəl mənzərə yaranardı...
Ancaq bir partiyanın- söhbət müxalifət düşərgəsindən gedir- 15.035 üzvü yoxdursa, o, Azərbaycanın bütün kəndlərini, məntəqələrini əhatə edə bilmirsə, məhəlli səviyyədə təşkilatlanmayıbsa, deməli, o təşkilatın parlamentə və prezidentliyə namizədləri də uğur qazana bilməyəcəklər.
Bir də gəlin məsələnin maliyyə tərəflərinə baxaq.
Bələdiyyə səviyyəsində qalib gəlmək üçün hər namizədə orta hesabla 500 manat vəsait lazımdır.
Bu isə o deməkdir ki, bir siyasi partiya sırf bələdiyyə seçkilərinə 7 milyon yarım manat civarında pul qoymalıdır.
Bu isə həm də o deməkdir ki, parlament seçkilərinə hazırlaşan partiyanın kassasında heç olmasa 100 milyon manat vəsait olmalıdır.
2013-cü ildə Müsavat başqanı İsa Qəmbər etiraf etdi ki, onun Milli Şuranın namizədinin seçki kampaniyasına sərf etməyə parası yoxdur. AXCP sədri Əli Kərimli də ondan ürəkli danışmadı. Bəlkə özlərinə lazım olsa, haradansa 100 min, lap bir milyon taparlar. Amma bu siyasətlə məşğul olmaq üçün artıq son dərəcə az məbləğ, qəpik-quruşdur.
Odur ki, ümidlərini müxalif partiyalara bağlayan, bağlamaq istəyən rasional vətəndaş öncə lider kimi gördüyü, görmək istədiyi şəxsdən bunu soruşmalıdır: “100 milyon manatınız varmı?”