Taleh Şahsuvarlı
Əzizlərim, “Babəkin Fazil Mustafa ilə döyüşən qolları” adlı yazım böyük ilgi gördü, minlərlə insan tərəfindən oxundu, sosial şəbəkələrdə yüzlərcə profildə paylaşıldı və müzakirə olundu. Hər birinizə təşəkkür edir, Azərbaycan dövlətçiliyinə, Azərbaycan hökmdarı və qəhrəmanı Babəkə bunca sevgi və təəssüblə yanaşdığınıza görə hər birinizi bağrıma basıram. Söz verdiyim kimi, Babəki hökmdar, dövlət başçısı hesab etməyən, Babəkin Arazın hər iki sahilində yaratdığı Azərbaycan dövlətini tariximizdən saymayan və bir şəxsiyyət kimi onu “utanc yeri” görən Fazil Mustafaya cavabımı yazı halında davam etdirirəm.
Adı hər birinizə yaxşı məlum olan ərəb tarixçisi Əbu Cəfər Ət-Təbəri Babək hərəkatının 30 il davam etdiyini yazırdı. Ancaq digər mənbələrlə tutuşdurduqda o həqiqət üzə çıxır ki, Babək 816-838-ci illərdə Azərbaycan padşahı olmuşdu. Təbərinin deyimindəki 8 illik fərq onunla izah olunur ki, Babəkdən öncə, hələ Cavidan dövründə Bəzz qalasının sahibi, sakinləri və ətraf ərazilərdə yaşayanlar xilafətə tabe olmaqdan imtina etmişdilər. Ərəblər Bəzz nahiyəsini hələ xəlifə Osmanın dövründə, Müğirə ibn-Şobənin komandanlığı ilə tutmuş, əhalinin boynuna ildə dörd milyon dirhəm vergi qoymuşdular. Bu məbləğ bir il azaldılır, o biri il yenidən artırılırdı.
Təbii ki, Cavidanın vergidən boyun qaçırması ərəb canişinlərinin şəstinə toxunurdu, amma əllərindən başqa bir iş də gəlmirdi. Çünki Bəz qalası elə yerdə yerləşirdi ki, onun yollarında Cavidanın on əsgəri ərəblərin minlərlə döyüşçüsünü məhv edə bilərdilər. Savaşın müsəlmanlara vuracağı ziyan xürrəmilərdən alacaqları bac-xəracdan dəfələrlə çox olacağına görə, məsələnin həllini ertələyirdilər. Elə Cavidan da ölçülü-biçili davranır, ərəblərə qarşı basqınlar təşkil etmirdi. Əbu İmranla döyüş faktı onu sübut edir ki, o, həmin ərəfədə ərəblərin üzərinə gəlməməsindən fürsət kimi yararlanıb öz nüfuz dairəsini genişləndirməyə, yerli rəqiblərini sıradan çıxarmağa çalışırmış.
İndi gəlin, Cavidanı Bəzz qalasında qoyub o zamankı dünyanın böyük fotosuna baxaq. Əgər o böyük tablonu görməsək, təhlil etməsək, bizim müzakirəmiz də Güntay Gəncalp səviyyəsindən o yana keçə bilməz.
O zamankı “dünya”da üç qüdrətli dövlət vardı: Abbasi xilafəti, Bizans imperiyası və Xəzər Xaqanlığı. Bu üç nəhəng bir-biri ilə rəqabət və savaş halında idilər. Onların hər üçünün hədəfində Azərbaycan vardı. Bizans Azərbaycan iddiasından xeyli dərəcədə vaz keçmişdi.Çünki Abbasi xilafəti Güney Anadolundan tez-tez üzərinə gəlirdi. Azərbaycan üzərindən keçib ta Mosulacan irəliləmiş Xəzər Xaqanlığı isə zaman-zaman ərəblərə məğlub olaraq geri çəkilmişdilər. Azərbaycana Dərbənd civarlarından boylanmağa məcbur qalmışdılar.
O zaman hələ yəhudiliyi qəbul etməmiş Xəzər xaqanı ərəblərlə üzbəüz vuruşmalardan mümkün qədər yayınmağı, ancaq xilafətə qarşı Azərbaycan coğrafiyasında yaranmış narazılığı üsyana çevirməyə üstünlük verirdi. Bu, mənim iddiam və yeni fikir deyil- Lev Qumilyovun əsərlərində, o cümlədən “Tarixin ziqzaqları” və “Açıq Xəzər” adlı tarixi-etnoqrafik etüdlərində bu barədə geniş yazılıb.
Xəzər xaqanlığı belə bir taktika ilə hərəkət edərkən Cavidanın şəxsiyyəti, ərəb etiqadları ilə daban-dabana zidd hərəkət edən yerli və böyük bir sosial baza- xürrəmilər diqqətdən qaça bilməzdi. Təxmin etmək heç də deyil ki, Cavidanla Xəzər xaqanlığı arasında bağlar yaranır, xürrəmilər dünyanın ən nəhəng imperiyaların birindən dəstək almağa başlayırlar. Bu maddi, siyasi, eyni zamanda hərbi səciyyə daşıyan dəstək idi. Bir qədər keçəcək, meydana Babək çıxacaq və onun ordu korpuslarına TARKAN ləqəbli bir şəxs sərkərdəlik edəcək. “Tarkan” sırf Xəzər Xaqanlığının hərbi təşkilatlanma formatına aid general rütbəsi idi.
Yuxarıda dediklərimin hər birini ən müxtəlif qaynaqlardan və müəlliflərdən sitatlar gətirərək sübut edə bilərəm, ancaq indi deyəcəyim sadəcə ağıllarda bir soru işarəti yaratmaq üçündür. Cavidan soylu bir insan idi, böyük mülkədar, daha sonra dar bölgədə olsa da, hökmdar idi. Xəzər xaqanlığı onun şəxsiyyəti üzərindən böyük planlar qururdu. Belədə, onu özlərindən biri etmək üçün “qadın diplomatiyası”ndan da istifadə etmələri mümkün idi. Biz Cavıdanın gələcəkdə Babək adı ilə taxta çıxacaq şəxslə evlənən xanımının haradan və kim olduğunu bilmirik. Elə bu bilgisizlik, müəmma içində də soru yaranır: əcəba, o qadın Xəzər Xaqanlığından göndərilmiş bir türk soylusunun qızı ola bilərdimi?
Yenə deyirəm, biz o qadın haqqında müfəssəl heç nə bilmirik, bu sadəcə bir sorudur. Ancaq onu çox dəqiq şəkildə bilirik ki, Bəzz qalasının qarnizon rəisinin Cavidandan sonra taxta çıxmasında onun birbaşa və böyük rolu var. Bu rol həm də bundan ibarətdir ki, onun bəyanına görə, taxta çıxacaq şəxs Cavidanın görmədiyi işləri görməli, yəni “islamı yaymaq” missiyası ilə ölkəni işğal etmiş ərəbləri qovmalı, xürrəm icmasının üzvlərini görmədikləri qədər şanlı günlərə çatdırmalı idi: “Babək sizləri indiyə qədər kimsənin nail olmadığı və ola bilməyəcəyi mərtəbəyə çatdıracaq. Babəkin əli ilə ən alçağınız əzizlənib, ən aciziniz yüksələcəkdir”! Təmimi və ona istinadən digər qaynaqlar bəyan edir ki, Cavidanın dul arvadı “ərinin bütün sirr”lərini Babəkə açmış, xəzinələrinin yerini ona göstərmişdi.
Xəzinələr məlum, amma Cavidanın daha hansı sirri ola bilərdi? Heç şübhəsiz, bu, Xəzərlərlə aparılan danışıqlar və ərəbləri ölkədən qovmaq üçün qurulan birgə plan idi. Baxın, Cavidanın dul xanımı yeni lider seçmək üçün çağrılan toplantıda nə deyir: “Babəkin rəhbərliyində bütün düşmənlərə qələbə çalacağınıza söz verin”!
Dostlar, bizim bu gün “Fars” adlandırdığımız millətin əcdadlarından beş-on ailə bəlkə də Azərbaycan coğrafiyasında yaşayırdı- bunlar ya marginallar, ya da Sasani çarlarının bölgəyə göndərdiyi idarəçilərin törəmələri idilər. Küll halında isə bu günkü farsların əcdadları “Persia” adlanan bölgədə məskunlaşmışdılar. Azərbaycanda ümumən “azərilər” adlanan və etnik baxımdan vahid kompozisiya təşkil etməyən, Yəqubinin təbirincə desək, “mürəkkəb” tayfalar yaşayırdı. Həmin azərilərin bir qolu bu günkü talışların əcdadları idi. Romanov sülaləsinin Qafqazı işğal etməsi ərəfəsində bölgədə yaşayan etnik birliklərlə bağlı Şopenin məlumatları ilə tanış olanda onların digər qalıqları ilə də,- məsələn, Naxçıvanın Kilid kəndində- tanış oluruq. “Azərilər” adlanan ümumi kütlənin içində Xorasan türkləri, Hunlar, Xəzərlər, Qıpçaqlar, Oğuzlar, o cümlədən Əməvilər və Abbasilər dönəmində xilafət vasitəsi ilə buralara gəlib çıxmış çeşidli türk boyları vardı. Bəzi oturaq kürd aşirətləri də bu bölgədə torpaq, köçəri olanlar isə yataq-yaylaq sahibi idilər.
Cavidan özü türk olmamaqla, həmin Azəri xalqının digər bir qolunun təmsilçisi idi. Cavidan dövründəki Bəzzeyn şəhirindən danışanda Yəqubi qeyd edir: “Orada azərilər və cavidanilər yaşayırdı”. Bölgədə yaşayan azərilərlə cavidanilər arasında inanc fərqi yoxdu, hamısı xürrəm idi. Görünür bu ayırım ondan irəli gəlirdi ki, “Cavidanilər” deyəndə hökmdarın öz aşirəti nəzərdə tutulub. Necə ki, Osmanlılar türk, oğuz, Qayı boyundan olduqları halda, həm də öz şəcərə adları ilə tanınınırdılar. Bütün bunları ona görə vurğulayıram ki, əvvala, Fazil Mustafanın türklərin Azərbaycan coğrafiyasına ancaq Səlcuqlar dövründə gəldiyini iddia etməsi ağ yalandır. Türklər həm Arazın şimalında, həm də güneyində etnos kimi ərəblərin ayağı bu torpaqlara dəyməzdən çox-çox öncə öncə mövcud idi. Ağvan qaynaqlarında hunların ərəblərdən yüzillər öncə Azərbaycana hücum etməsi haqqında nə qədər desəniz fakt var. Oğuz türklərinin nəinki Babakin, hətta Muğannanın (ö.783) hərəkatında yer aldığını İbn Əl-Əsir belə yazır:
“Doquzoğuz ölkəsindən, ən uzaq türk torpaqlarından Xəlifə Mehdi zamanında (775-85) gəlmişdilər. (Əvvəl) İslamı qəbul etdilər, (sonra) sonu gələncəyə qədər böyücülüklə möcüzə yaradan Muğannaya dəstək oldular. Ordu üstlərinə yeriyəndə Muğannanı tərk etdilər”.
L.Qumilyovu rəhbər götürərək yenə qayıdaq Cavidanın ölümündən sonra xürrəmilərin yeni liderlərini seçdiyi törənə. O törəndə Bəz qalasının qarnizon rəisinin ruhunun Cavidanla bütünləşdiyi qeyd olundu. O, “BABƏK” titulunu qəbul edərək hökmdar oldu. Fazil Mustafa əsla təkzib ed bilməz ki, bu isim tutul və idarəçilik instutuna bağlı idi. Heç bir semit və ari dilində “Babək” deyə bir söz yox. Pəki, haradan çıxdı bu titul? İşin içində Xəzər xaqanlığının maraqları olduğunu yada salıb şimaldakı türklərə boylanaq.
Bu yazını yazarkən Xəzər xaqanlığının idarəçilik sistemi ilə bağlı Türkiyədə dr. Hasan Altının rəhbərliyi ilə aparılmış bir tədqiqatla tanış oldum. Mixal Artamovdan yadımda ilişib qalmış bir faktı orada da təsbit etdim. 705-840-cı illərdə Xəzər xaqanlığının dövlət təşkilatında “BABAKuğ” deyə bir idarəçi şanı vardı, “şəhərin atası, yiyəsi” mənasını verirdi. Babakuğlar Xaqan tərəfindən təyin olunmur, icmanın öz içində seçilirdi. Bəzzeyn bir şəhər idi. Cavidanın ölümündən sonra o şəhərin yeni hakimi məşvərətlə seçilmiş və Babək(uğ) şanı, ünvanı qəbul edilmişdi.
Beləliklə, biz həm Babək və Tarkan titullarını, həm dövrün geopolitik şərtlərini, həm də bölgənin iç dinamikasını izləyəndə tərəddüdsüz qəbul etməliyik ki, hökmdarı Babək, paytaxtı Bəzz, coğrafiyası Arazın hər iki tayını əhatə edən Azərbaycan olan dövlətimiz Xəzər xaqanlığının idarəçilik ənənələrinə əsasən qurulmuş və yönəldilmişdi. Bu qənaəti Xəzər və Babəkin zamanında Azərbaycandakı məhkəmə instutlarının müqayisəsi daha da möhkəmləndirir. Elə Babəkin məğlubiyyətinin əsasında da Xəzərlər dayanırdı. Xəlifə Mütəsim qardaşı Məmundan fərqli olaraq Babəkin pərdəarxasındakı himayəçisini təsbit edə bilmiş, məsələni ilk növbədə geopolitik müstəvidə həll etmişdi. O, Xəzər imperatoru ilə ticarət sazişi imzalamış, beləliklə, xaqanlığın Azərbaycandakı “bufer zona”ya ehtiyacını aradan qaldırmışdı.
Bu sazişdən sonra Babək Bizans imperatoru ilə əlaqələri gücləndirməyə başlamış, Feofili xilafətə qarşı açıq savaşa sürükləmək istəmişdi. Ancaq Babəkin siyasi dühası qeysərdə və xaqanda olmadığından bir müddət sonra hər iki xanədən ciddi təhlükə ilə üzləşmişdi. Xilafətin və Bizansın qarşısında uduzmağa məhkum Xəzər xaqanları isə 860-cı ildə musəviliyi dövlət dininə çevirmək zorunda qalmış, müsəlmanlar və xristianlar qarşısında “üçüncü səmavi yolu” seçərək ideoloji baxımdan özünü qorumağa çalışmışdı. Xürrəmilər isə Səmaninin (1112-1166) birbaşa şahidliyinə görə, Babəkin edamından 300 il sonra da Ərdəbil və Arazqırağı torpaqlarda yaşayır, girəvə düşdükcə üsyanlar qaldırırdılar. Həm də “babəki” kimi tanınaraq!
Möhtərəm oxuyucu! Mənim Fazil Mustafa ilə mübahisədə birinci iddiam odur ki, Babək hökmdar idi. Facebook statuslarından izlədiyim qədər bu tezisi hörmətli deputat artıq qəbul etmək üzrədir. İkincisi isə budur ki, Babəkin başçılıq etdiyi dövlət Arazın hər iki tayını əhatə edirdi. İndi gəlin bu fikri Babək dövrünü mənim kimi ikinci-üçüncü mənbələrdən yox, birbaşa ərəb-fars qaynaqlarından araşdırmış Səid Nəfisidən dinləyək: “Babək bir tərəfdən Ərdəbildən Mərəndə, digər tərəfdən Şamaxı və Şirvana, başqa bir tərəfdən Ordubad və Culfaya qədər gedib çıxan böyük bir ərazini əlində saxlayaraq bu günkü Qərbi və Mərkəzi Azərbaycanın bir hissəsini, qədim Arranın cənub-qərb tərəfini əhatə edən ölkədə hökmranlıq etmişdi”. Ancaq Nəfisinin göstərdiyi bu hüdudlar nisbətən azdır, çünki Babək 833-cü ildə- ərəb qoşunlarını məhz ona görə Həmədanda qarşılamışdı ki, dövlətinin sərhədləri buradan başlayırdı və işğalçı gücləri öz ölkəsinin içərisinə buraxmaq istəmirdi.
Üçüncü iddiam isə budur ki, Babəkin qurduğu dövlət təkcə Azərbaycanda yaranan dövlət deyildi, həm də Azərbaycan adlanırdı. Məsudi, Müqəddəsi və digər qaynaqlardan məlum olur ki, Babəkin Arazın bu tayına təyin etdiyi Rüstəm adlı canişinin malikanəsi Bərdədə yerləşirdi.
Coğrafi baxımdan “Arran” adlanan bu ərazilər siyasi-inzibati baxımdan Azərbaycan kimi təsvir edilirdi. Əgər bir ərazi sırf coğrafi baxımdan Arran, siyasi-inzibati vahid kimi Azərbaycan sayılırsa, deməli, Azərbaycan həmin siyasi-inzibati vahidi yaradan dövlətin ismi idi. Hətta bu belə olmasa da, orta çağın xanədan ənənələrinə xitab edərək Babəkin inkişaf etdirdiyi dövlətin adının Azərbaycan olmasa da, bir Azərbaycan dövləti olduğunu və məhz bizim dövlətimiz olduğunu əminliklə söyləyə bilərik.
O sadə səbəb görə ki, etnogeniz baxımından Azərbaycan xalqının formalaşmasının birinci mərhələsi məhz Babək dövrünə aiddir. Azərilərin daxilindəki türklər və qeyri-türklər, ağvanlar məhz bu dövlətin tərkibində xalqlaşmağa başlamış, daha sonra səlcuqların gəlişi ilə qalanları da türk dilini mənimsəmiş, etnik birlik olaraq öz əlahiddəliyini qorumuş, inancları olan xürrəmiliyi isə çox sonrakı yüzillərdə- Şeyx Heydər dönəmində- Ərdəbil ocağı ilə bütünləşdirərək Şah İsmayılı və Səfəvilər dövlətini meydana çıxarmışlar. A.Gölpinarlı haqlı olaraq Səfəvi qızılbaşlarını Babəkilərin ruhani davamçıları sayırdı.
Şeyx Heydər zamanında Xürrəmiliyin şiəliklə bütünləşməsində və siyasi hakimiyyətə can atmasında çox önəmli faktorlardan biri “QUT” fəlsəfəsidir. Bütün orta çağ dövlətləri üçün hakimiyyətin mənbəyi ilahidir. Türklərdə hakimiyyətin ilahi mənşəyi QUTla ifadə olunurdu. Xəzər xaqanları da, Babək də QUTlu idi. Xəzər xaqanları Tanrıdan bu QUTu öz köklərini Yafəsə, onunla da Nuh peyğəmbərə gedib çıxaraq alırdılar. Xürrəmilərin inancına görə, dünya peyğəmbərsiz qala bilməzdi və Cavidan peyğəmbər idi. Cavidanın ruhunun Babəkə keçməsi QUTunun da Babəkə keçməsi deməkdi. Şeyx Heydərə görə, Əməvilər və Abbasilər qutsuz idilər, çünki Məhəmmədin qutsallığını bütün xəlifələr və qohumları içərisində ancaq Həzrət Əliyə keçmişdi.
Şeyx Heydər dönəmində şiəliklə xürrəmiliyin QIZILBAŞLIQ inancında bütünləşməsi həm də ona gətirib çıxardı ki, Azərbaycan əhalisinin yaddaşındakı Babək Həzrət Əli ilə identifikasiya olundu. Fikir verin, Həzrət Əli qətiyyən Azərbaycanda olmadığı halda ölkəmizdə onun adı və göstərdiyi qəhrəmanlıqlarla bağlı çox yer və rəvayət var. Bu ad və rəvayətlər, zənnimcə, Babəkə aiddir.
Əsrlərdir bayram kimi qeyd etdiyimiz Novruz mərasimləri də “azərilər” adlanan birlikdə türklərin qeyri-türklərlə qaynayıb-qarışmasından, dəyərlərin ortaqlaşmasından yaranmışdı. Bu bölgədə oda sitayiş vardı, amma odun arındırıcı olması düşüncəsi və baharın gəlişinin qeyd olunması “Ergenekon” əsatirini yaratmış türklərə məxsusdur. Fikir verin, biz hələ də Novruzda tonqalın üstündən atlanır və ağırlığımızı ona tökürük. Ari ənənəsində sitayiş olunan bir bir şeyə- oda ağırlıq tökmək olmazdı. Bəli, od- şaman rituallarında ağırlıq götürücü idi. Babək dövründə Novruz bayramının qeyd olunması ilə bağlı salnamələrdən bizə çatan məlumatları da xatırlatmaqda ayrıca yarar var.
Biz hazırda xürrəm inancımızı Novruz bayramının timsalında yaşadırıq. Əlbəttə, tarixdə ən mübahisəli məqamlardan biri Babəkin etnik mənsubiyyətidir. Bu müəmma oradan qaynaqlanır ki, Babək soylu bir ailədən çıxmamışdı, onun valideynləri, hökmdar olmazdan öncəki həyatı haqqında yetərli bilgilər yoxdur. Üstəlik, o dövrün digər şəxsiyyətləri, məsələn, Əbu Müslim, Səhl Sumbat haqqında da konkret məlumatlar verilmir. Babək haqqında ən yayğın fikir budur ki, o, Abdulla adlı mədainli bir yağsatanın oğlu idi. Deyilir ki, həmin yağsatan Mədaindən və nəbatilərdən idi. Mən bu söyləntiyə ciddi yanaşmıram.
Çünki, özündən başqa iki qardaşının olması yağsatan Abdulla ilə Babəkin anasının qısa vədəli ilişgilərini təkzib edir. İkincisi, eyni qaynaqlarda gah Babəkin atasının nəbati olduğu söylənir, gah da Abdulla ilə qadını kəndin qırağında sevişərkən tutan qadınların nəbaticə mahnı oxuduqları deyilir. Üçüncüsü, həm onun atasının, həm də qardaşının adının Abdullah olduğu yazılır.
Babəkin Əbu Müslümün qızı Fatimənin nəvəsi olduğu barədə deyilənlər də açıq-aşkar komplodur. Çünki Babəkin anası sağ idi, hətta əsir düşəndə belə yanında idi, Afşin onu da Samirəyə aparmışdı. Əbu Müslüm kimi tanınmış bir şəxsiyyətin soyundan olsaydı, o dövrün tarixçiləri daha dəqiq bilgilər verə bilərdilər. Təqvim baxımından da bu ehtimal puça çıxır. Çünki Babəkin atası olduğu iddia edilən Fatimənin Mütəhərrir adlı oğlu 718 ci ildə, Babək isə 794-96 illər arasında doğulmuşdu. Yəni Babəkin atası olmaq 76 yaşlı bir qoca üçün mümkünsüz idi, xüsusən də o halda ki, həmin vaxt çoxdan ölmüşdü. Mütəhərrir cəmi 37/38 il yaşamışdı.
Babəkin atası barədə bir şayiə də var və bu şayiəni Mətər adlı dilənçi yayıb.
Məhəmməd İbn İmranın nəql etdiyinə görə, Mətər deyirmiş ki, Babək mənim oğlumdur, onun anası ilə İbn Rəvvadın sarayında nökərçilik edəndə tanış və yaxın olmuşam. Bu ehtimal da özünü doğrultmur ona görə ki, a) Babəkin qardaşları vardı; b) Babək öz atasının kimliyini bilirdi. Ən azından anasının bu barədə ona danışmağa kifayət qədər vaxtı olmuşdu. Əgər atası Mətər olsaydı, öz şöhrəti naminə onun dilənçi kimi ortalıqda dolaşmasına imkan verməzdi.
Nəhayət, bəzi mənbələrdə, məsələn, Səmaninin “Kitab əl ənsab” əsərində Babəkdən “Mərdasın oğlu” deyə bəhs olunur. Babək özü isə Bizans imperatoruna yazdığı məktubda atasının “xaçpərəst” olduğunu söyləyir. Onun anası- mənbələrdə bəzən Bərumənd, bəzən də Mehri adlandırılan taygöz qadın isə “yerli adam” hesab edilir. Bütün hallarda, Babək atasını tez itirmiş, anasının himayəsində böyümüşdü. O, etnik baxımdan kim olursa-olsun, sosial baxımdan tam AZƏRBAYCANLI idi.
Daha ciddi ehtimala görə, Babək Mərdasla Bəruməndin izdivacından doğulmuş, onun atası isə doğrudan da xristian olmuşdu. Çünki digər ehtimalları təkzib edəcək dəlillər olduğu halda, bu ehtimalın əleyhinə çıxmağa bir zəmin yoxdur. Sabah hər hansı dəlil olarsa, bunu da ortaya qoymaqdan və etiraf etməkdən çəkinmərəm. İndilikdə isə bu fikirdəyəm ki, Babəkin etnik mənsubiyyətini salnamələrdə konkret bilgiyə yox, məntiqi mühakimə ilə müəyyən etmək mümkündür.
Səid Nəfisinin Təmimiyə istinadən yazdığına görə, Cavidan Ərdəbil yaxınlığındakı Bilalabad kəndində gecələyəndə Babəkin “arilərin dilində səlis danışmadığını” görmüşdü. Bu isə o deməkdir ki, Babəkin ana dili arilərə məxsus deyildi. Onun hansı dildə danışdığını təsəvvür edə bilmək üçün faktlara nəzər salaq.
Babək kürdcə bilirdi. Bu dili, o cümlədən tənbur çalmağı yeniyetməlik çağlarında Şabl Mənqi Yezidi adlı bir kürd feodalın mülkündə nökərçilik edərkən öyrənmişdi.
Babəkin Səhl Sunbatın evində qalarkən yanında qulamları olduğu məlumdur. Güman etmək çətin deyil ki, Babək o qulamları Bizans yoluna bələd olduqları, yol boyu tərcüməçilik edə biləcəklərinə inandığı üçün məhz o tərəfin adamlarından seçmişdi. Bu rəyi gücləndirən fakt budur ki, Səhl Sunbat Babəkdən öncə onun azuqə dalınca getmiş qulamı ilə həmsöhbət olmuşdu.
Babək ərəb dilində bilmirdi. Samirə şəhərinə gətirilərkən Xalifənin oğlu Vasiqin evində- Mətirədə saxlanılmışdı. Vəzir Əhməd Əbu Davud yanına gəlmiş və onunla tərcüməçi vasitəsi ilə danışmışdı. Babəkin üzbəüz, tərcüməçisiz danışdığı şəxs Afşin idi. Afşin bir dəfə Bəz qalasının mühasirəsinin son günlərində onunla ikilikdə danışıq aparmışdı. Əvvəlcə Afşin Bəzzə elçi göndərmiş, ancaq elçinin təklifini qəbul etməyən Babək öz inandığı bir adamı- Musa adlı bir nəfəri qarşı tərəfə yollamışdı. Onun vasitəsi ilə Afşinə təkbətək görüş təşkil etmiş, Afşin razılaşmışdı. Nisbətən düzənlik olan bir yerdə hər ikisi arxadan və aralıdan silahlı bölüyün mühafizəsi şərti ilə təkbətək görüşmüşdülər.
Daha bir dəfə isə Samirə şəhərində Babək xəlifənin suallarına cavab vermək istəməyəndə “əyilib qulağına sözlər demişdi”. Afşinin türk olmasına heç bir şübhə yoxdur, deyilmi? Fazil Mustafanın Babəkə qarşı tövrünü müəyyənləşdirən əsas faktor onu islam və xilafət rakursundan dəyərləndirməsidir. Bu, bir kərə kökündən yanlışdır. Atilla, Xəzər xaqanları, Çingiz xan da müsəlman deyildilər. Sasani şahı Xosrov Məhəmməd peyğəmbərin islama dəvət mıktubunu cırıb atmışdı. Sultan Səlimdən başlayaraq “xəlifə” titulu daşıyan Osmanlı sultanları isə şərabın küpünə girirdilər. Belədə, Fazil Mustafanın məntiqinə görə, biz türklər Atillanı, Hun və Xəzər imperatorlarını, Osmanlı sultanlarını tarixdən silməyə qalxmalı, onlarla utanc duymalı, farslar Sasani çarlarından imtina etməlidirlər. Yaponlar isə ümumiyyətlə intihar etməlidirlər, çünki onlar heç zaman müsəlman olmayıblar.
Ancaq Fazil Mustafa bir məsələdə haqlıdır ki, Babək müsəlman deyildi. Dilavər Əzimlinin və bir çox cəfəri inanclı dindarların iddia etdiyi kimi, onun İmam Rzaya, Əhli-beytə heç bir mənəvi, siyasi və hərbi bağlılığı yox idi. Əbu Müslimdən fərqli olaraq, onun xilafətdə dəyişiklik etmək, Həzrət Əlinin varislərini iqtidara daşımaq kimi bir düşüncəsi də olmamışdı. Sadəcə, Babəklə “Əhli-Beyt”in münasibətlərində “danışılmamış bir müttəfiqlik” vardı. Əhli-Beyt tərəfdarları Babəkin Abbasiləri zəiflətməsini istəyir və bundan faydalanaraq hakimiyyəti ələ keçirmək niyyəti güdürdülər. Babək də öz növbəsində şiələrin xilafət içində iğtişaşlar salmasını gözləyirdi. Odur ki, onlar bir-birini sadəcə müşahidə edirdilər.
Bütövlükdə, Babək üçün məzhəbindən asılı olmayaraq bütün ərəblər və ərəb olmayan müsəlmanlar “cuhud” idi. O, ərəblərə yönəlik “cuhud” kəliməsini iki yerdə işlətmişdi. Birinci dəfə, sərkərdəsi Azin ailəsini öz kəndinə aparmaq istədiyi üçün onunla məsləhətləşəndə, ikinci səfər isə Səhl Sumbata “məni bu cuhudlara çox ucuz satdın” deyərək. Əlbəttə, o zaman etnoqrafiya, antropologiya adlı elmlər yox idi, xalqlar təsnif edilməmişdi. Ancaq Babəkin ərəblərlə yəhudiləri eyniləşdirməsinin maraqlı bir səbəbi vardı. Həm yəhudilər, həm də ərəblər, ümumiyyətlə islamı qəbul edənlər sünnət olunduqları üçün Babək onların hamısını “cuhud” sayırdı.
Babəkin şəxsi inancını soyuqqanlı bir şəkildə anlamaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdur. O, XÜRRƏM-DİN idi. Xürrəmilər Quranda təsvir edilən Allahı qəbul etmir, Məhəmmədi peyğəmbər saymır, qiyamətə, cənnət və cəhənnəmə inanmır, namaz qılmır, oruc tutmur, həccə gedənləri soyur və qılıncdan keçirir, islamın “haram” anlayışlarını bölüşmürdülər. Bu barədə Təbəri geniş məlumat verir, Məhəmməd Üfvi isə sərrast deyir: “Xürrəmdinlər əmr və vəhyi tanımırdılar”.
Ancaq məsələ budur ki, heç xəlifə Mütəsimin özü də vəhyi tanımırdı, onun zamanında və onun himayəsi ilə mütəzilik cərəyanı geniş yayılmışdı. Bu cərəyanın əsas tezislərindən biri də bu idi ki, Quran ayələri Hz.Məhəmmədə Allah tərəfindən vəhy yolu ilə nazil olmayıb. Quran başdan-başa peyğəmbərin öz fikirlərindən ibarətdir. Quranın xilafət sarayındakı yorumları öz yerində, Azərbaycan müstəvisindən baxanda təkcə ərəblərin idarəçilyi yox, həm də islamın şərtləri, Təbərinin yazdığı kimi, dözülməz idi: “Babəkin uzun müddət yaşamasının səbəbi bu idi ki, gənclər,kəndlilər, varlılar islam dininin irəli sürdüyü vəzifələri ağır hesab edir və əksinə olan əməlləri bəyənirdilər”.
Bununla belə, “Babək islama qarşı vuruşub” demək də özü-özlüyündə absurd və abstraktdır. Təsəvvür edin, mən indi dzen-buddizmə savaş elan etsəm, bu, gülməli görünər. Çünki dzen-buddizm özü-özlüyündə savaşılacaq bir şey deyil. Odur ki, məsələyə çox sadə gözlə baxmaq lazım. İslam Ərəbistanda çıxandan sonra istənilən xalq üçün yad dindir və bu dini yaymaq adı ilə digər xalqların torpaqlarına ordu göndərənlər işğalçıdırlar. Bu işğalçılıq siyasəti islamın dövlətləşmiş təşkilatı olaraq Xilafət tərəfindən yürüdülürdü. Babəkin məqsədi isə düşmən saydığı bu hərbi-siyasi təşkilatı yer üzündən silmək, özünün qurduğu dövləti ayaqda saxlamaq, inanclarını yaşatmaq idi.
Elə bunun üçün də ölkəsini müsəlmanlardan təmizləmiş, ərəb orduları ilə savaşa girmiş, yad elli və yad dinli saydığı islam istismarçılarından öz dövlətini, hakimiyyətini, ölkəsini, xalqını qorumaq üçün azadlıq mübarizəsi aparmış, bu mübarizəyə müttəfiqlər cəlb etmək istəmişdi.
Gözəl insanlar! Bütün bunları oxudunuzsa, yəqin maraq edəcəksiniz, görəsən, Babəkin soyu yaşayırmı?
Qaynaqlara görə, Babəkin ailəsindən 17 kişi və 23 qadın əsir kimi Afşinin əlinə keçmişdi. Onun qızlarından birinə Xəlifə Mütəsim öz sarayında təcavüz etmişdi. Babək edam olunduqdan sonra həmin tərkibdən yeddi azyaşlı oğlan və üç qız qızı Mütəsim öldürtmək istəyir, amma qazı Əhməd ibn Davud imkan vermir. Mütəsim onların analarını gətizdirir və ata evlərinin yerini soruşur. Mütəsim öz paltarlarını qorxmuş uşaqların çiyninə salır, onları analarına qaytarır və yeddi at- oğlan uşaqlarının sayı qədər- gətirilməsini əmr edir.
Həmin atlara iyirmi min dirhəm və bir az da ləl-cəvahirat yüklədib uşaqları və analarını öz vətənlərinə göndərilməsi üçün Afşinin evinə yollayır. Afşinin xəlifənin bu əmrini yerinə yetirdiyinə şübhə yoxdur. Təbərindən anlatdığım bu bilgidən belə çıxır ki, Babəkin soyunun Azərbaycan coğrafiyasında yaşamasına inanmaq olar. Kim bilir, bəlkə də o adam elə Sənsən, əziz oxucu? Və Atatürk demiş, “möhtac olduğun qüdrət, damarlarında axan qandadır!”
Əlbəttə, hər bir Azərbaycanlının soyunun birbaşa Babəkə dayanması mümkünsüzdür. Babəkdən əvvəl də, sonra da bu torpaqlarda çox sular axıb, çox gecələr düşüb, çox gündüzlər yaşanıb. Ancaq əgər biz kim olduğumuzu, haradan gəlib, haradan getdiyimizi düşünürüksə, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə, sekulyarlığına sahib çıxır, Qərbin elmi-texniki tərəqqisinə qovuşmaq, açıq cəmiyyət fəlsəfənə uyğun yaşamaq istəyiriksə, o zaman ilk növbədə kökümüzdən qidalanmağı bacarmalıyıq. Kərkükün İŞİD tərəfindən işğal edilməsinə haqq qazandıran Bağdadinin tezisləri ilə orta çağlarda Azərbaycanın ərəblər tərəfindən işğal etməsini alqışlayan Fazil Mustafa aydınlığı və azadlığı deyil, köləliyi və zülməti təmsil edir.
“Şahi” adlı qalasında Babəkin sərkərdələrini xəncərlədən ibn-Bəis də, Babəkin özünü xəlifənin qara qarğalarına satan Səhl Sumbat da tarixdə qalıb və qalacaq, Azərbaycanın ictimai-siyasi həyatında bu günə qədər oynadığı rolla Fazil Mustafa da. Ancaq Azərbaycanın sekulyar dövlətçilik modelini müdafiə edənlərin adı Babəklə birgə çəkiləcəksə, Fazil Mustafanın ismi ibn-Bəisin, Səhl Sumbatın yanında yer alacaq. Mən tariximizdə məhz Səhl Sumbatlar, ibn-Bəislər olduğu üçün utanıram və Babəklə qürur duyuram. İşdə, buna 10 səbəbim:
1) Babək Azərbaycanda türk idarəçilik ənənələri ilə yaranmış bir dövlətin hökmdarıdır.
2) Babək Arazın hər iki tayını əhatə edən bir dövlətin hökmdarıdır. “Azərbaycan” adını hökmranlıq etdiyi bütün ərazilərə şamil etmiş tarixi şəxsiyyətdir.
3) Babək qəhrəmanlılqlarla dolu mübarizəsi ilə Azərbaycan ölkəsini işğalçılardan təmizləməyə can atırdı.
4) Babək öz mübarizəsində yerli xalqların həyat tərzinə, adət-ənənələrinə, azadlıq fəlsəfəsinə və siyasi hüquqlarına söykənirdi.
5) Babək öz çağında və ondan sonrakı bütün əsrlərdə islamın Azərbaycanda təməl zehniyyətə çevrilməsini əngəlləyən, islamlaşma və ərəbləşmə prosesinin paralel getməsinə əbədi sədd çəkən, siyasi aqibətimizi və yönümüzü dəyişən, coğrafiyamızda istənilən xilafətçilik təşəbbüslərinin boğulmasına ilham verən şəxsiyyətdir.
6) Babək sekulyar təfəkkürün önə çıxmasına qaynaq olan, azadlıq, bərabərlik, çağdaşlıq kimi məfhumlara könül verməyimiz, xoşbəxtlik düşüncələrimiz üçün bilinc istinadgahı və bilincaltı mühərrikdir.
7) Babək həm məşvərətlə seçilən bir lider olaraq, həm də “arzuladığın kimi yaşa” fəlsəfəsi ilə Azərbaycanda demokratiya düşüncəsinin arxa planıdır. Necə ki, Skandinaviya vikinqləri Avropada liberalizmin tarixi köklərini yaradıb, eləcə də Babək və xürrəmilər Azərbaycanda eyni rolu oynayıb.
8) Babək əsir götürdüyü insanlarda, çağdaş elmi dillə desək, “Stokholm sindromu” yaradacaq dərəcədə xarizmatik şəxsiyyət olub.
9) Babək Afşinin bütün təkliflərinə, Xəlifənin amanına, əsir düşdükdən sonra Abbasi vəziri Əhməd ibn Davudun səylərinə rəğmən, öz əqidəsindən vaz keçməyib.
10) Babək biləkləri kəsiləndə öz əlinin qanı ilə üzünü boyayaraq ölümün gözünə şərəflə baxıb.