17 Sentyabr 2015 15:25
2 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər alnıma daş kimi dəydi: “Ədəbiyyat qəzeti”nin yeni baş redaktoru Elçin Hüseynbəyli tutduğu vəzifədən istefa verib”.

Elçin Hüseynbəylinin öz xoşuna işdən getməyinə əvvəlcə pis oldum – çünki doğrudan da, Ayaz Vəfalı ilə Elçin müəllimin təfəkkür fərqini duymayacaq qədər hissiyyatsız deyiləm – ancaq sonra eşidəndə ki, ortada Qarabağ söhbəti var, həqiqətən, ürəkdən sevindim və Elçin müəllimi kövrək əllərimlə alqışladım.

Elçin müəllim istefasına belə aydınlıq gətirdi ki, – mənim alnım daşdan ötrü ölür – “Qarabağnamə” üstündə roman yazmaq istəyirəm, ancaq yaza bilmirəm, ümumiyyətlə, mən bu qəzetə gələndən heç nə eləyə bilmirəm, işdən öz xahişimlə ona görə getdim ki, Qarabağ haqqında yazılarımı rahat yaza bilim.

Mənə elə gəlir ki, Elçin Hüseynbəyli vətənini, millətini sevən bir yazıçı kimi həmişə yaddaşlarda yaşayacaq. Doğrudan, hər oğulun işi deyil ki, iki yüz min manat büdcəsi olan, xüsusi maşın və sürücü ilə təmin olunmuş bir qəzetin baş redaktoru vəzifəsindən “Qarabağnamə” yazmaq üçün istefaya getsin. Mən Elçin müəllimin bu addımı çox böyük qəhrəmanlıq hesab edirəm.

Düzü, lap əvvəldən bilirdim ki, Elçin Hüseynbəyli qədim ata-baba yurdumuz olan Qarabağ torpağının canından çox istəyir. Etiraf etmək lazımdır ki, dəfələrlə bunun şahidi də olmuşuq, istər bədii yaradıcılığında, istərsə də ictimai-siyasi fəaliyyətində Elçin müəllim həmişə milli duyğuları önə çəkib.

Yadıma düşmüşkən, deyim, zaman o zamanıydı ki, Elçin Hüseynbəyli “Ulduz” jurnalının redaktoruydu, Qulu Ağsəs də, səhv eləmirəmsə, redaktor müavini, ya da hansısa şöbənin müdiri; ya nəsr, ya da poeziya. Bərk darıxırdım, elə darıxa-darıxa da dostum Mövlud Mövludla birlikdə Yazıçılar Birliyinə getdik. Bəlkə də, səhv eləyirəm, bilmirəm, ya gedib Mövludu orda gördüm, ya da əksinə – o, məni Yazıçılar Birliyində tutdu.

Dəqiq bildiyimsə, odur ki, Əsəd Cahangir iş başındaydı, yazı yazırdı, hərdən də yazısının bir abzasını bizə oxuyub dərhal sual verirdi:

– Necədir?

– Uy da... Əla! Super! Möhtəşəm!

Üçümüz – Mövlud, Əsəd və mən ordan-burdan danışdıq, xeyli söhbətdən sonra fikirləşdik ki, Şərif Ağayarı da çağıraq, gedib bir yerdə çay içək, bir-birimizi tərifləyək.

Yenə deyirəm, bərk darıxırdıq. Mən darıxmağa dözə bilmirəm. Ona görə də, Şərif Ağayarla görüşmək təklifi, deyəsən, məndən gəldi. Əsəd Cahangir başının işarəsi ilə təklifi təsdiqləyəndən sonra Mövlud telefon axtarışına çıxdı, hardan var, hardan yox, gedib çıxdı Elçin Hüseynbəylinin otağına, ordan dostumuz Şərifə zəng elədi.

Zaman o zamanıydı ki, Şərif Ağayar Mədəniyyət Nazirliyində çalışırdı. Yəni vəziyyət bir az başqa cürüydü, indiki kimi deyildi – mətləbdən uzaqlaşmaq istəmirəm – Mövlud zəng eləyib qayıdanda mən Qəşəm Nəcəfzadənin, Əsəd Cahangirin, Məmməd Orucun və başqa bir neçə nəfərin iş otağı hesab olunan dar bir yerdə Əsəd Cahangirlə təkbətək söhbət edirdik. Bir də gördük ki, Mövlud qaranəfəs girdi içəri, təsəvvür edin, başına nə iş gəlibsə, qardaşımızın gözü dörd olub.

Mövlud:

– Durun, durun, durun...

Mən ayağa qalxıb həyəcanla əziz qardaşımın üstünə yüyürdüm:

– Nə olub, nə baş verib?

Bu heyində Elçin Hüseynbəyli var gücü ilə biz oturan dar otağın qapısını açdı:

– Kimdi burda Şərif Ağayarla görüşməyə gedən?

Heç kəs boynuna almadı.

Elçin Hüseynbəyli:

– Kimdi burda Şərif Ağayarla görüşməyə gedən?

Yenə heç kəs üstünə götürmədi.

– Karsınız? Deyirəm, kimdi burda Şərif Ağayarla görüşməyə gedən?

Mövlud suala sualla cavab verdi:

– Nə olub ki?

Ay Allah, Mövludun o səsi heç vaxt yadımdan çıxmaz. Nə qədər kədərli bir səs idi. Bəlkə də, Allah bizi heçnəsiz-zadsız Mövludun səsinə bağışlayacaqdı, əgər Əsəd Cahangirin səsi olmasaydı:

– Elçin müəllim, sizi başa düşürəm, əsəbiləşməkdə yerdən göyə qədər haqlısınız, amma deyə bilərəm ki, Şəriflə görüşmək təklifi məndən gəlmədi.

Hiss elədim ki, Əsəd Cahangirin səsi Elçin Hüseynbəylini ocaq altındakı köz kimi təzədən alovlandırdı.

– Bəs kim görüşmək istəyir?

Əsəd Cahangir:

– Uşaqlar dedi, mən də razılaşdım.

Elçin Hüseynbəyli bütün varlığı ilə Əsəd Cahangirin üstünə yeriyəndə mən fürsətdən istifadə edib aradan çıxdım. Elçin müəllimin yoğun və qəzəbli səsi də mənimlə birlikdə otağı tərk elədi və bütün binaya yayıldı. Bir anlıq mənə elə gəldi ki, otaqda hər şey Elçin Hüseynbəylidən qorxur; stol, stul, qapı, pəncərə, kompüter, kitab, qələm, çaynik, samovar... Onda rəhmətlik Ədalət Əsgəroğlu sağ idi.

Elçin müəllimin səsi:

– De görüm, hansı uşaqdır o?

İçəridən boğuq səslər gəlirdi. Bu səs bilirsiniz mənə nəyi xatırlatdı? Deyəsən, belə bir film də var. Yekə şiri buraxırlar bapbalaca günahsız bir pişiyin yanına, bir nəfər də aranı qızışdırır ki, şir pişiyi boğub öldürsün və o da buna baxıb zövq alsın. Otaqdan təxminən belə səslər gəlirdi. Ürəyimdə fikirləşdim ki, Allah Mövluda rəhmət eləsin.

Hadisə baş verən zaman o zamanıydı ki, keçmiş Xalq yazıçısı Əkrəm Əylisli “Daş yuxular” adlı bir roman yazmışdı. Və həmin ərəfədə nə qədər adamlar bu “Daş yuxular”a daş atmaqla məşğul idi. Elçin Hüseynbəyli də tez-tez “Daş yuxular” əsərini tənqid edirdi.

Elçin müəllim qapını açıb bütün varlığı ilə üstümüzə gələndə yadıma gəlir, bir neçə dəfə Əkrəm Əylislinin adını çəkdi və Şərif Ağayar məlum-məşhur problemin ən qızğın çağında Əkrəm müəllimi müdafiə eləmişdi, bu da vətənpərvər bir yazıçı kimi Elçin Hüseynbəylinin xətrinə dəymişdi, ona görə də Şərif Ağayarla görüşüb çay içmək ona bu qədər təsir eləmişdi.

Allah haqqı, Elçin Hüseynbəyli iki daşın arasında və həmin dar otaqda Qarabağ problemindən də danışdı. Haqlı olaraq dedi ki, bizim Qarabağ kimi dərdimiz ola-ola Əkrəm Əylislinin “Daş yuxular” kimi əsər yazmağı xalqımıza qarşı təhqirdir, vətən uğrunda canından keçən şəhidlərimizin ruhu heç vaxt bu təhqirə dözməyəcək və Əkrəm Əylislini bağışlamayacaq. Şərif Ağayarın belə adam müdafiə eləməsi və üstəlik sizin də onunla çay içməyə getməyinizin adı bilirsiniz nədir?

– ...

Elçin Hüseynbəyli bu sözü deyib otaqdan şir kimi çıxdı. Həmin vaxt onun üzünə, gözlərinin içinə diqqətlə baxdım və Allah and olsun, hiss elədim ki, bu adam əvvəl-axır “Qarabağnamə” yazacaq!


Müəllif: Kəramət Böyükçöl