Bir dəfə anamı şəhərə apardım. Dedim, gedək gəzək. Deyəsən, ad günü idi. İstədim könlünü xoş eləyim. Ananı sevindirməyə nə var, çox asan bir işdir. Mən deyən kimi, elə qəşəng hazırlaşdı, paltarını elə həvəslə geyindi, lap kövrəldim. Ömründə harasa tək gəzməyə getməz, ya atam olmalıdır yanında, ya də mən. Belədir də, nə edəsən. Deyəsən, həmin gün maaşı almışdım, cibimdə yaxşı pul vardı. Yaxşı pul vardı deyəndə ki, kasıbın olanından, biz hara, yaxşı pul hara?! İstədim kişiyana bir hərəkət eləyim, anamın çantasının dibindən o qədər manatlar, qəpiklər oğurlayıb siqaret almışam, qoy bir dəfə də mən sinəmi verim irəli, onsuz da, bu pulun hamısı kafelərə, restoranlara, gic-gic içki məclislərinə gedəcək.
Yolda dedim, mama, gəl taksiyə minək. Canım üçün razılaşmadı.
- On manata aparır, nə puldur e bu? - yekə-yekə anama dedim.
- Nə danışırsan? Olmaz! - cavab verdi.
Qayıtdı ki, taksiyə verdiyin on manatı ver mənə, avtobusla gedək. Elə pis oldum, qəhər qoz kimi yumrulanıb dayandı boğazımda. Anamın bu cür xasiyyəti məni həmişə incidib. Deyim ki, atası kasıb kişi olub, yox. Yeddi bacının axırıncısıdır, dədəsi üçündən aşağı yaşayıbsa, beşindən yuxarı olub. Belə. Həmin on manatı verdim anama, dedim, gəl indi minək taksiyə. Yenə xeyri olmadı. Dedi, mümkün deyil. Özü də anam mənə etiraz eləyəndə onun qaş-qabağına baxasan, elə bil ondan pul istəyirəm, o da vermir. Ta başa düşmür ki, pulu mən verirəm, gəl gedək.
- O on manatı da ver mənə, avtobusla gedək – anam dedi.
Bir onluq da verdim anama. İstədim boynunu qucaqlayam, burnundan öpəm, qıraqdan adamlar baxırdı, dedim, ayıbdır.
- Di gəl min taksiyə - ikinci onluğu verəndən sonra dedim.
Hətta əl eləyib yolda bir maşın da saxlatdım. Anam maşına minmədi ki, minmədi. Dedi, gözlə avtobus gəlsin, yoxsa ayağımın ucunu da bir addım o tərəfə qoyan deyiləm. Adam nə qədər tərs olarmış. Artıq əsəbiləşdim, az qala dava düşəcəkdi yolun ortasında, özümü güclə saxladım. İstədim deyəm ki, heç yana getmirəm, qayıdaq evə. Amma doğum günü idi anamın, bayaq dedim axı. Həm də gördüm xeyri yoxdur, əvvəl-axır avtobusla gedəcəyik.
Minib avtobusa yol boyu söhbət elədik, qolumu boynuna saldım. Evdə tapılıram ki, məni qabağına qoyub danlasın, öyüd-nəsihət versin, bütün günü iş-gücdə, axşamlar da küçələrdə. Neçə yaşı olduğunu soruşdum anamdan. Dedi, nə borcuna qalıb yaşım? Sən hələ bilmirsən ananın neçə yaşı var? Ömür necə gəldi, necə keçdi, danışdıq, bir az könlün aldım, yenə həmişə kimi anası yadına düşdü, kövrəldi. Gah əsəbiləşib qolumu boynundan çıxardı, gah qolumdan bir çimdik götürdü, nə bilim, birtəhər gedib çıxdıq mənzil başına. Balaca uşaq kimidir anam. Elə istəyir ki, onun nazı ilə oynayaq, xüsusən, bunu atamdan və məndən gözləyir.
Şəhərdə bir az gəzib dolaşdıq anamla, dedim axı, cibimdə pul olanda sakit dayana bilmirəm, öz-özümə dingildəyirəm, gərək o pulun kökünə daş atam, sonra kimdənsə iyirmi qəpik yolpulu alıb gələm evə, səhər də pul dərdindən evdən çölə çıxa bilməyəm, Allah mənim xasiyyətimi kəssin. Niyə mən həmişə eyni səhvləri eləyirəm, görəsən, nə vaxtsa yeni bir səhvim olmayacaq?
Şəhərdə dedim ki, mama, gəl burda yemək yeyək.
- Yeməyin pulu nə qədər eləyəcək? – yenə soruşdu.
Ay Allah!
- Təxminən, 20-30 manat – dedim.
Yenə qayıtdı ki, yeməyə verdiyin pulu ver mənə, mən yemirəm, evdə yeyərik. Allah haqqı, otuz manat pulu verdim anama, dedim, indi gəl oturaq bir yerdə çörək yeyək. Yenə nə billah elədim, xeyri olmadı. Eləcə ac qarına gəzib-dolandıq, hədiyyə də almağa qoymadı.
- Hədiyyəyə nə qədər pulun gedəcək? – soruşdu.
- Əlli manat – dedim.
- Ver o pulu mənə, tez ol, sabah səni həkimə aparım, rəngin yenə pisdir.
- Ay mama, özümü həkimə də apararam, narahat olma, amma gəl hədiyyə də alım sənə.
- Onda həkimə get, amma yenə həmişəki kimi demə ki, boş şeydir, hədiyyənin də pulunu ver, dərmanlarını alım.
Bütün əsəblərim korlandı. Elə əsəbi halda gəlib evə çıxanda hesabladım ki, anam məndən üst-üstə iki yüz manata yaxın pul alıb. Cəmi bircə dəfə ucuz bir yerdə çay içdik, vəssalam. O da deyəsən, beş manat elədi. Anam ona da deyindi ki, beş manatı çaya niyə verirsən? Evdə içərdik. Başımı yellədim, istədim anamı qucaqlayıb ağlayam, onun bu qədər yığımcıl olmasına ürəyim dözmürdü. Həm də anamın bu hərəkətlərinə ən çox ona görə əsəbiləşirəm ki, restoranlarda, kafelərdə boş-boşuna tökdüyüm pullar yadıma düşür və xəcalət çəkirdim.
Heç nə. Beləcə şəhər gəzintimiz başa çatdı. Həyat çox qəribədir, o günün axşamı baxdım ki, anam gedib həmin iki yüz manatla evə bazarlıq eləyib, hər şeydən bir az-bir az alıb gətirib. Bilirəm, ad gününə görə evə beş yüz manatlıq bazarlıq da eləsəydim, yenə anam o iki yüz manatı xərcləməyə imkan verən deyildi. Nə bilim, mənim anam belədir, sizin ananızı bilmirəm.