3 Oktyabr 2015 20:40
2 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda tez-tez bir-birindən qəribə hadisələr baş verir. Düzü, mənə ən çox maraqlı gələni gəlinin toydan qaçması xəbərləridir. Təbii, Azərbaycan azad və müstəqil düşüncəli insanlar ölkəsi olduğu üçün bu barədə hərə bir cür fikirləşir. Şübhəsiz, gəlini əxlaqsız adlandıranlar olur. Ata-anasının başını aşağı elədi, el içində biabır oldu və s. Amma mənə elə gəlir, bu cür məsələlərdə insan heç nəyi nəzərə almır. İnsan qəfil dəyişir və qəfil anlayır ki, səhv yoldadır, geriyə baxmadan qaçır.

Hər dəfə bu cür xəbərləri eşidəndə bir dostumun sevgilisi yadıma düşür. Dostum tez-tez deyərdi ki, ağlın iştirak etmədiyi sevgi insan həyatında bircə dəfə olur. Yəni sonrakı sevgilərdə ağıllanırsan. Lap axırda dahi olursan. Dostum danışdığı sözlərə o qədər əmindi ki, bir söz deyə bilmirsən, sadəcə, susub qulaq asırsan. Danışırdı ki, ağlın olmadığı sevgilərdə, yəni ilk sevgidən söhbət gedir, adamları elə sevginin özü ayırır. Yaralı dostumu da sevdiyi qızdan sevgi ayırdı. O qədər sevirdilər ki, bir-biri ilə razılaşa bilmirdilər. Deyir, necə oldusa, yadıma gəlmir, sevgilim üzünə dodaq-dodaq əkdiyim gözəlliyi Laçın univermağından bir günlüyə «prakata» götürülən gəlinliyə çox böyük ustalıqla sığdırıb ərə getdi. Deyəsən, toyunda başına qırmızı örtük-zad da qoyub.

Dostum danışırdı ki, sevgilimi alan oğlanı da yaxşı tanıyıram. Çox mədəni oğlandı, yaxşı işi-gücü, ev-eşiyi var, kostyum-qalstuk, hörmət-izzət, qanacaq-qabiliyyət, necə lazımdı. Boy-buxun, yaraşığa da söz yoxdu, yemə, içmə, tamaşa elə. Pulu zibil kimidir. Təsəvvür edin, oğlanın hobbisi pul qazanmaqdı. Yəni mənim kimi avara deyil. İçkidən-zaddan da uzaqdı, səhər saat doqquzda gedir işinə, axşamlarsa evə vaxtında qayıdır. İşi-gücü ailə qayğısı çəkmək, uşaqlarına atalıq etmək, ev-eşiyin qeydinə qalmaqdı. Bir sözlə, sevgilim belə məzmunsuz bir adamla necə yaşayır, bilmirəm. Hər halda öz işidir.

Dostumun bu sözlərini nə üçün dedim, heç özüm də bilmirəm. Hə, yadıma düşdü. Demək istədiyim odur ki, qadın olsaydım, məni ilk dəfə öpən kişidən heç vaxt əl çəkməzdim. Nə olur-olsun, son nəfəsimə qədər uğrunda mübarizə aparardım. Hətta bütün xarakterimi dəyişib o kişinin xasiyyətinə uyğunlaşdırardım. Ona görə lap toyuq hinində də qalardım.

Sözü yavaş-yavaş toydan qaçan gəlinin üstünə gətirirəm. Dostoyevskinin fikri var. Deyir, əzizim, mən sənə heç fikrimdə də xəyanət etməmişəm. Məsələn, dostum danışır ki, mənim sevgilim hər gecə beynində, düşüncəsində, fikrində toydan qaçır və hər gün fikrində ərinə xəyanət edir. Çünki ərini yox, məni sevir. Deyin, kim əxlaqlıdı? Dostum sual verir. Mənim sevgilimmi, ya toydan qaçan gəlinmi? Hər gün ruhən qaçmaqdansa canını götürüb birdəfəlik qaçmaq daha gözəldi, elə deyilmi?

Dostumun fikirləri ağlıma batdı. Ona görə də əslində, gəlinlərin toydan qaçmasını çox nümunəvi hərəkət hesab edirəm. Rahat və xoşbəxt olmayacağın hər yerdən qaçmaq lazımdır. Özü də toydan vaxtında qaçmaq gözəldir, gecə saat 12-dən sonra gec ola bilər.


Müəllif: Kəramət Böyükçöl