10 Dekabr 2015 15:28
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ah, o qırmızı velosiped, qırmızı velosiped, necə də kədərli. Məncə, o velosiped bütün təyyarələrdən, maşınlardan, bütün qatarlardan, gəmilərdən sürətlidi. Qadın qatara minib gedər, təyyarədə gedər, amma məncə, ən kədərlisi velosipedlə getməkdi. Ağlaya-ağlaya qatarda getmək, düşünə-düşünə təyyarədə getmək, geri baxa-baxa taksidə getmək... Velosiped həvəslisi cocuq, qadın belə də gedə bilərmiş, velosipedlə. Və dənizin kənarında qarğıdalı yemək həvəsimiz.

Heç kəs sənin kimi sevmədi, heç kəs sənin kimi ağlamadı, heç kəs sənin kimi əsəbiləşmədi və heç kəs sənin kimi qəfil getmədi. Sən yaxşı ki, gəldin və yaxşı getdin. Amma adam gedəndə xəbər eləyər, heç olmasa, mesaj yazar, zəng eləyər...

Bəlkə də səni çoxdan unutmuşam, amma velosipedin çətin yadımdan çıxa. Mən sənin velosipedini çox sevirəm, velosipedini. Sən məni yaxşı tanıyırsan axı. Ah, yazılarımı bəyənməməyin, üslub xətalarımı guya düzəltməyin necə gözəliydi, necə gözəl. Deməyin ki, dünyanın hansı ucuna getsəm də, sənin hər yazını oxuyacam. Mənim gözəl oxucum, qəşəng oxucum, saçları uzun oxucum, burnu yekə oxucum.

Səni həmişə gözəl xatırlayacam, balaca, əllərini, üzünü və bir də sözsüz ki, əsəbini. Ah, necə gözəl hirslənirdin. Məni o qədər ləzzətli bezdirirdin ki... Heç kəs məni bu qədər yormamışdı, heç kəs məni bu qədər incitməmişdi. Darıxıram, çox darıxıram. Heç olmasa romanımı oxudunmu? Eh, sən nə bilirsən kitab nədi? İşin-gücün velosiped sürməkdi. Heç dərslərini də düz-əməlli oxumursan, kəsirlərin, qayıbların kəllə çarxa çıxmışdı.

İlk tanış olduğumuz gün. Səhərlər universitetə gəlməyim, hələ aramızda bir kəlmə söz belə kəsilməmiş sənin hirsin və təcrübəsizliyin. Tanımaza-bilməzə qabağımı kəsib deməyin ki, mənə niyə baxırsan? Mən də pərt olmuşdum. Qıpqırmızı qızardım, qaldım udquna-udquna, bir söz tapıb deyə bilmədim, sanki sənə baxmaq günahmış. Vallah, sənə baxmırdım, gözüm yol çəkirdi. Sonra necə oldusa yadıma gəlmir, bir də gördüm səhər açıldı, bir də gördüm əl-ələ tutduq, bir də gördüm səni qucaqlamışam, bir də gördüm qucağım acından ölür, əllərim boşdu.

Bir dəfə kefim yox idi. Sən səbəbini soruşdun. Mən də dedim ki, son yazım saytda az oxunub, ona görədi. Sən qaranquş dimdiyi kimi bütün rəfiqələrini mənim yazım oxutdurdun. Onda sənin üzünə baxım, içimdən dəli hiss keçdi, bilmədim ağlayam, güləm, yoxsa səni bağrıma basam, bilmədim. Yazımı beş min nəfər oxuyurdu, sən demə, onun hamısı sənsənmiş, mənim balacam.

Biz belə danışmamışdıq axı. Mahnımızın sözləri kimi, guya hər şey gözəl olacaqdı. Nə bilim, hamı boş xəyallarmış. Hələ sənin bir sözün vardı, filan şair dostunla çox oturma, filan dostun yaxşı adam deyil, filankəs sənin paxıllığını çəkir və s. O qədər dəqiq deyirdin ki, məni gülmək tuturdu. Sən bunları hardan bilirsən? Sən dostlarımı məndən yaxşı tanıyırdın.

Düzü, boynuma alıram, xırda yalanlar çox dedim, amma səni heç vaxt böyük aldatmadım. Sən təcrübəsiz və velosiped həvəslisi cocuq. Guya mən sənə yazı yazmaq öyrədəcəkdim, mən yorulanda yazılarımı sən yazacaqdın. Guya yazı yazmaq çox asan bir şeymiş, amma özün iki cümlə yazıb dayanırdın, sonra bizi gülmək tuturdu, durub boynumdan yapışırdın.

Guya özümüzə taxtadan ev tikəcəkdik, qabağına da dibçəkdə güllər qoyacaqdıq. Guya dolanmaq üçün ayda cəmi yüzcə manat bizə bəs eləyəcəkdi, guya sən evdə məndən gizlin pul yığacaqdın, pulumuz olmayanda yığdıqlarını qəfil ortaya çıxarıb məni sevindirəcəkdin. Guya anamla yaxşı yola getmək üçün hər şeyə razı olacaqdın, nə olsa belə anamın könlünü alacaqdın. Guya hər şeyi mənə görə eləyəcəkdin. Guya. Boş xəyallar, boş arzular.

Nə oldu, bizim nəyə gücümüz çatmadı ki? Bilmirəm. Ah, o qırmızı velosiped. Səni 20 Yanvar metrosuna qədər ötürməyim, təzədən məni Sahil metrosuna yola salmağın, təzədən səni 20 Yanvara aparmağım. Daha çox yanaşı oturmağımız üçün yollara tıxac arzulamağımız, səhərə qədər telefonla danışmağımız, qısqanclıqlarınla baş-beynimi aparmağın, konturumuz olmayanda bir birimizə “vızov” atmaqla hal-əhval tutmağımız. Ah, o günlər bir də geri dönməyəcək, dönməyəcək.

Mənim necə həssas adam olduğumu bilmirsən? Bilmirsən ki, adama öyrəşirəm. Sağ əlim yenə əsir. Narahat olma, içkidən deyil. Ah, həmişə lağa qoyduğum burnun yenə yadıma düşdü. Deyirdim, pul yığıb burnunu kəsdirərik, sən də cırnayırdın, əməlli-başlı küsürdün, dodaqlarını büzürdün. Sonra burnundan öpüb könlünü alırdım.

Balaca, adam gedəndə bir xəbər eləyər. Eybi yox, Sezen Aksunun, Ahmet Kayanın canı sağ olsun. Sən demə, hər şey bir əfsanəymiş. Sən demə, ayrılacağımızı bilirsənmiş. Ona görə bütün görüşlərimiz gizlicəymiş. Bizi ancaq dəniz görürdü, bir də qumlu sahil. Mən şübhələnmişdim sən deyəndə ki, qrupda sevgilim olduğunu heç kəs bilmir. Mesajlarına baxıram, əlim gəlmir siləm.

Gecə saat dörddü. Bəlkə uzun saçlarını ağ balıncına töküb düşünürsən. Bəlkə də ağlamısan, hirslənmisən. Sən Allah, yıxıl yat mənim balacam. Heç fikir eləmə, həyatdı da, yaşayırıq. Bir də gördün unutmusan, daha yadına düşmürəm. Hələ harasıdı, bir də gördün təzədən sevmisən, təzədən darıxırsan, təzədən ağlayırsan, təzədən qısqanırsan... Heç fikir eləmə, mənim balacam, ömürdü də, yaşayırıq. Bircə velosipedindən muğayat ol. Ah, o qırmızı velosiped.


Müəllif: Kəramət Böyükçöl