17 Dekabr 2015 16:51
1 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilmirəm hardayam, görəsən, mən itirdiyim adamların hansıyam? Özümü tapa bilmirəm. Axtarışdayam neçə gündü. Tapsam öldürəcəm özümü. Görəsən, hardan düşdüm, harda yıxıldım? Nə qədər fikirləşirəm yadıma gəlmir. Görəsən, məni tapan olubmu? Qaytaracaqlarımı geri? Bəs qaytarmasalar, necə olacam? Yerimi kimdən soruşum, ay Allah?

Ən yaxşısı yerimi atamdan soruşum birinci. Atam bilər yerimi.

– Ata, mən hardayam

– Evdə.

– Yoxam axı, otağıma baxdım indicə.

İnanmadı atam.

– Yalan deyirsən. Bayaq gördüm, uzanmışdın çarpayına. Yerinin içində qurcalanırdın. Bir-iki dəfə çağırdım, hay vermədin.

– Niyə?

– Bilmirəm. Gözlərin açıqıydı, üzün də tüklü. Bir gecəyə saçların uzanmışdı, saqqal basmışdı səni.

– İnanmırsan gedək bir yerdə baxaq otağıma. Deyirəm, yoxam vallah, yoxam yerimdə. Yorğanımın altı boşdu.
Atam bərk əsəbiləşdi, əlimdən tutub otağıma keçdi.

– Görmürsən? Korsan? Görmürsən, yorğanın altındasan?

– Hanı?

Atam yorğanı qaldırdı, gördü yoxam.

– Bəs indicə burdaydın axı, bir dəqiqə bundan qabaq yerində gördüm səni.

– Bəlkə anam bilər?

Atam anamı çağırdı.

– Kəramət hardadı?

– İndicə hamama girdi əl-üzünü yumağa. Gözlə, çıxacaq bir azdan.

Nə qədər gözlədim hamamın qapısının ağzında. Çıxmadım. Qapını azca araladım, gördüm heç kim yoxdu içəridə.

Anam:

– Bəs bura girdi axı indicə.

Bacımdan soruşdum yerimi.

– Bacı, Kəramət hanı?

– İndicə hamamdan çıxıb otağına girdi. Yəqin əynini geyinir.

– Bəs bayaqdan durmuşam axı burda. Çıxdığını görmədim.

Otağa baxdım, yoxuydum. Nə qədər axtardım, çarpayımın altına baxdım, sonra asılqana, ordan da kitabların arasına göz gəzdirdim, yoxuydum. Heç kəs tapa bilmədi məni. Nə atam, nə anam, nə bacım, nə də qardaşım.
Onda gedim iş yerinə. Neçə gündü axtarıram Kəraməti. Telefonuna zəng də çatmır. Hardadı, görəsən? Hardadı bu uşaq, elə bil yer yarıldı, içinə girdi.

– Hə, yəqin, işdədi – anam dedi.

Mütləq. İş yerim hara buradı. Amma eybi yox, mənə Kəramət lazımdı. Necə olsa tapmalıyam onu. Ona bircə kəlmə sözüm var. Daha doğrusu, oturub söhbət eləmək istəyirəm ətraflı. Görüm nə istəyir. Sözümə baxmasa tüpürəcəm onun üzünə. Alçaq!

Düzdü, iş yeri çox uzaqdadı, amma bir göz qırpımında gəlib çatdım.

– Mənə Kəramət lazımdı, mən hardayam – qapıda mühafizəçiyə dedim.

– İndicə girdi içəri, yuxarı çıxdı, get, görəcəksən.

Tələm-tələsik qalxdım yuxarı, qapını yavaşca aralayıb stoluma baxdım, yoxuydum. Əllərimi stolunun üstünə sürtdüm. Bəlkə burdayam, görmürəm. Şöbə müdirimdən soruşdum. Dedi iki dəqiqə qabaq burdaydı, çölə çıxıb, gələr indi. Gözlədim, yenə gəlmədim. Yox, doğrudan, yoxuydum. Mühafizəçini çağırdım.

– Bəs deyirsən, Kəramət burdadı.

– Vallah, indicə girdi içəri. Yəqin harasa çıxıb. Gələr indi...
Gözlədim saatlarla. Gəlmədim. Harda axtardımsa tapmadım Kəraməti. Bilmədim, neyləyəm. Axırda şəklimi də götürüb polisə üz tutdum. Ərizə yazdım ki, neçə gündü yoxa çıxmışam, məni tapın. Əlamətlərimi dedim. Boyum 1 m, 78 sm, çəkim 65 kq. Gözlərimin rəngi şabalıdı. Uzun saçlarım var, üzüm də tüklü. Xahiş edirəm, məni tapın. Necə olur-olsun, tapın məni. Təcili lazımam.

Polis bölməsindən çıxıb balaca daşın üstündə oturub fikirləşdim. Bilmirəm hardayam, görəsən, mən itirdiyim adamların hansıyam? Özümü yaman itirmişəm. Axtarışdayam neçə gündü. Tapa bilmirəm. Tapsam, öldürəcəm özümü. Görəsən, hardan düşdüm, harda yıxıldım? Nə qədər fikirləşirəm yadıma gəlmir. Görəsən, məni tapan olubmu? Qaytaracaqlarmı geri? Bəs qaytarmasalar, necə olacam? Yerimi kimdən soruşum, ay Allah? Məni kim tapa bilər, əlini qaldırsın.


Müəllif: Kəramət Böyükçöl